525.Az

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirildi


 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirildi<b style="color:red"></b>

Dekabrın 20-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II qurultayı keçirilib.

“525”in məlumatına görə, icmanın qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.

Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov və tarixçi Asif Cahangirov idarə heyətinin sədr müavinləri vəzifəsinə seçiliblər.

Qeyd edək ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin yeni sədri T.Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

İctimai Birliyin İdarə Heyətinin sədr müavini E.Əhmədov  Şuşa şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə “Böyük dövlətlərin Qarabağ münaqişəsinə dair siyasəti” mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə “Azərbaycan Respublikasının Avroatlantik təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri” mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb. E. Əhmədov Azərbaycanın xarici siyasəti  və  Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar  12  kitab, eləcə də 200-dək elmi məqalənin müəllifidir.

İdarə heyətinin digər sədr müavini A.Cahangirov da Şuşa şəhərində anadan olub. O, Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Uzun illər Vergilər Nazirliyində çalışıb. 2015-ci ilin fevralın 9-da prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Xatırladaq ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın Azərbaycanlı İcması Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İctimi birlik Dağlıq Qarabağın 80 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtması üçün  Azərbayvan dövlətinin aprdıgı siyasətə töhfə vermək istiqamətində fəaliyyət göstərməkdir.

C.ABASOV

 





20.12.2018    çap et  çap et