525.Az

Bayram ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək


 

"PREZİDENTİN SƏRƏNCAMI AZƏRBAYCAN DÖVLƏTİNİN VƏTƏNDAŞLARIN RİFAHINI VƏ LAYİQLİ HƏYATININ TƏMİN OLUNMASINI DAİM DİQQƏT MƏRKƏZİNDƏ SAXLADIĞINI BİR DAHA TƏSDİQ EDİR"

Bayram ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında imzaladığı sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətin daha bir təzahürüdür.

Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi qərara alınıb. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılacaq.

Bu, bir daha təsdiq edir ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub.

Dövlət başçısının məlum sərəncamından irəli gələn məsələlərin həlli ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu, Prezident İlham Əliyevin aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən xüsusi qayğının növbəti təzahürüdür.

Sərəncamda birdəfəlik yardımın 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə ödənilməsi tapşırılır. 

Sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsi maddi təminatlarına bir dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsi təmin edəcək.

Qeyd olunub ki, son 15 ildə Prezident İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq, həyata keçirilmiş ardıcıl tədbirlər, mühüm sosial-iqtisadi nəticələrə yönələn proqramlar ölkədə rifah halının mütəmadi yaxşılaşmasına imkan verməklə, əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına, yoxsulluğun 49 faizdən 5 faizə düşməsinə səbəb olub. Bu dövrdə əhalinin sayının 1,5 milyon nəfər artmasına, əmək bazarına daxil olan işçi qüvvəsinin ildən-ilə çoxalmasına baxmayaraq, dövlət məşğulluq siyasətinin güclənməsi, yeni iş yerlərinin açılmasının davamlı xarakter alması, aktiv məşğulluq tədbirlərinin geniş miqyas alması nəticəsində işsizliyin kəskin şəkildə azalaraq 5 faizə düşməsinə, əmək bazarında sabitliyə nail olunub. Bu gün Azərbaycan Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasındadır.

Aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsində mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı da Prezident İlham Əliyevin 21 oktyabr 2005-ci ildə təsdiq etdiyi və 2006-cı ildən qüvvəyə minən "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əsasən, həmin vaxtdan həyata keçirilir. Bununla bərabər, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratmaları, beləliklə, gəlir imkanlarını artırmaları, kiçik ailə biznesinə başlamaları üçün də müvafiq işlər aparılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra olunan özünüməşğulluq proqramına cari ildə ötən illə müqayisədə 6,4 dəfə çox olmaqla, 7,7 min ailəni cəlb edib ki, onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil edir.

Ümumilikdə, 2003-cü ildən etibarən Azərbaycanda yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət proqramlarının qəbuluna başlanılıb. Bu mənada, sahibkarlığın, xüsusən də kiçik və orta sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, regionların inkişafı istiqamətində qəbul olunan dövlət proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlərin əsas məqsədi məhz əhalinin yoxsul və işsiz təbəqəsinin sosial müdafiəsini gücləndirmək olub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin davamı olaraq 2006-cı il yanvarın 1-dən etibarən aztəminatlı ailələrlə bağlı ünvanlı yardımlar verilməyə başlanıb, hazırda da davam etdirilir.

Bundan başqa, ölkədə əhalinin aztəminatlı təbəqəsinin istehsala cəlb edilməsi, əmək birjasında tələb olunan peşələrə yiyələnmələri üçün müxtəlif proqramlar icra olunmaqdadır. Bu sırada 2010-2011-ci illərdə Dünya Bankı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi "Əhalinin özünüməşğulluğu" layihəsini də qeyd etmək olar.

2017-ci ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aztəminatlı ailələrə aktivlər verilməsinə başlanılıb. Bu, həmin təbəqədən olan vətəndaşların məşğulluğun təmin edilməsi istiqamətində ən təsirli addımlardan hesab olunur.

Eyni zamanda, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeçiliyində yaradılmış "Ailə Biznesinə Asan Dəstək" (ABAD) mərkəzləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirir. Bu ilin avqustunda yaradılmış  Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) isə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılmasına imkan verir.

"Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" prezidentin imzaladığı sərəncamı şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, dövlət başçısının məlum sərəncamı Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması məsələsinin dayandığını bir daha təsdiq edir. O, "Azərtac"a bildirib ki, məlum sərəncam hər şeydən əvvəl dövlət başçısının vətəndaşların rifahını və layiqli həyatının təmin olunmasını daim diqqət mərkəzində saxlamasının bariz göstəricisi kimi qiymətləndirilməlidir: "Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formalarda hər zaman dövlətin diqqətini hiss edirlər. Bu sosial kateqoriyaya aid olan vətəndaşlarımız mənzil-məişət problemlərinin həllindən tutmuş müalicələrinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdəfəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək alırlar. Son sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Yardımın ümumi miqdarı 5 milyon manat təşkil edir ki, bu da az məbləğ deyil".

Deputatın sözlərinə görə, dövlətin aztəminatlı ailələrə qayğısı təkcə bununla bitmir: "Müxtəlif proqramlar və layihələr çərçivəsində onların məşğulluğunun təmin edilməsi, güzəştli kreditlərin ayrılması ilə xırda sahibkarlara çevrilmələri, əmək bazarında fəal əmək resursu kimi qiymətləndirilmələri üçün böyük işlər həyata keçirilir. Bu proqramlar çərçivəsində təkcə 2018-ci ildə 7 min belə ailə özünüməşğulluq proqramına cəlb edilib".

H.Babaoğlu vurğulayıb ki, təkcə son iki il ərzində "Ailə Biznesinə Asan Dəstək", "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxs kimi yeni qurumlar yaradılıb: "Həyata keçirilən geniş layihələr çərçivəsində aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir".

Deputat Aydın Hüseynov isə bildirib ki, Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir: "Bu sərəncam bir daha təsdiq edir ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir".

Deputat qeyd edib ki, ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür: "Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin, sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Dövlət başçısı əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara sosial xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür".

Ceyhun ABASOV

 





21.12.2018    çap et  çap et