525.Az

Xaricdə yaşayan azərbaycanlı iş adamları məhkəmələrdən şikayətçidirlər


 

Xaricdə yaşayan azərbaycanlı iş adamları məhkəmələrdən şikayətçidirlər <b style="color:red"></b>

Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Vüsalə Rəhimli Prezident İlham Əliyevə müraciət edib.

V.Rəhimli redaksiyamıza ünvanladığı məktubda Azərbaycanda hüquqlarının pozulmasından, məhkəmənin bir nəfərin sifarişi ilə ona və ailə üzvlərinə qarşı qərəzli, heç bir əsası olmayan qərar çıxarmasından şikayətçi olduğunu vurğulayıb. Bildirilib ki, keçmiş iş ortaqları Fikrət İbrahimov onlara olan borcunu qaytardıqdan sonra heç bir əsas olmadan saxta sənəd tərtib edərək Pirallahı məhkəməsinə təqdim edib. Məhkəmə F.İbrahimovun xeyrinə qərar çıxarıb və yuxarı instansiya məhkəmələri də bu qərarı təsdiq ediblər: "Bizə heç bir aidiyyatı olmayan Bakı şəhəri Pirallahı rayon Məhkəməsində pul vəsaitinin tutulması barədə mülki qaydada əsassız vəsadət qaldırılıb və hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədrliyi ilə, bizim iştirakımız təmin olunmadan işə baxılaraq qarşı tərəfin xeyrinə 698 min ABŞ dolları pul vəsaitinin tutulmasına dair qanunsuz qətnamə qəbul edilib. Məhkəmə prosesi bərədə bizə heç bir bildiriş verilmədən və məhkəmə iddiaçı tərəfindən tərtib olunaraq birtərəfli qaydada imzalanan "müqavilə"yə hüquqi sənəd kimi istinad edilərək, heç bir məntiqə sığmayan absurd qətnamə çıxarılıb".

Qeyd olunub ki, F.İbrahimovun fırıldaqçılığı Qazaxıstan Respublikası Məhkəmələrində açıq məhkəmə çəkişməsində sübuta yetirilib və əksinə, məhz onun qarşı tərəfə borcu olduğuna dair müvafiq qətnamə qəbul edilib: "Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün bu qanunsuzluqlara və saxtakarlıqlara baxmayaraq, yuxarı məhkəmə instansiyalarında bu biabırçı və ölkəmizin adına ləkə gətirən qətnamə öz qüvvəsində saxlanılıb".

"Həyat yoldaşım Ağayev Sakin konstitusion hüquqlarımızın bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət ərizəsi verib. Şikayət ərizəmizdə konstitusion hüquqlarımızın dəfələrlə pozulması faktı öz əksini tapıb. Konstitusiya Məhkəməsin instansiyasında şikayət ərizəmiz cari ilin oktyabrın 3-də icraata qəbul olunmasına baxmayaraq, bugünə qədər bu işə dair yekun qərar qəbul edilməyib", - deyə V.Rəhimli qeyd edib.

Şikayət məktubunda bildirilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qərar verməlidir: "Təəssüf ki, kobud saxtakarlıq və qanun pozuntusuna yol verməklə bizə qarşı qanunsuz qətnamələr çıxarılıb və bu qanunsuzluqda da bilavasitə məhkəmələr iştirak edib. Bu saxta məhkəmə qətnaməsi artıq icraata yönəldilib və bunun nəticəsində Qazaxıstanda iş adamı kimi tanınan həyat yoldaşımın "borclu" qismində respublika ərazisindən çıxmasına məhdudiyyət qoyulub".

Şikayətçi dövlət başçısı İlham Əliyevdən pozulmuş hüquqlarının bərpasına yardım etməyi xahiş edir: "Məhkəmələr vətəndaşların və iş adamlarının inamını sarsıda bilər. Çünki məhkəmə qərarları dövlətin adından verilir. Amma məhkəmə dövlətin özü deyil. Dövlət və onun qarantı dövlət başçısıdır! Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam. Bütün bu qanunsuzluqlara son qoyulması üçün səlahiyyətlərinizdən istifadə edərək, işin ədalətli araşdırılması üçün aidiyatı orqanlara tapşırıq verəcəyinizə böyük ümid bəsləyirəm".

C.ABASOV

 





21.12.2018    çap et  çap et