525.Az

Moskvadan İrəvana qaz zərbəsi: qiymət artımı Paşinyanı çətin duruma sala bilər


 

AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN HƏRBİYÖNÜMLÜ QHT-lər SON GÜNLƏR DÖVLƏT ƏLEYHİNƏ ÇİRKİN TƏBLİĞAT APARANLARIN MÖVQE VƏ ƏMƏLLƏRİNİ QƏTİYYƏTLƏ PİSLƏYİR

Moskvadan İrəvana qaz zərbəsi: <b style="color:red">qiymət artımı Paşinyanı çətin duruma sala bilər </b>

Rusiya-Ermənistan münasibətlərinin əvvəlki vəziyyətdə olmadığı aşkar şəkildə özünü büruzə verir. Hadisələrin gedişi isə bu münasibətlərin daha da gərginləşə biləcəyindən xəbər verir.

Görünən odur ki, Rusiya lideri Putin Paşinyanı ciddi, nüfuzlu siyasətçi kimi qəbul etmir. Son zamanlar isə müşahidə edilən Moskva və İrəvan arasındakı təkzib siyasətidir. Rusiyanın rəsmi dairələrinin açıqladığı hər hansı bəyanat ya baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın özü, ya da ki, digər bir rəsmi şəxs tərəfindən təkzib edilir. Bunu biz KTMT baş katibi vəzifəsi ilə bağlı məsələdə müşahidə etdik. Putin bildirdi ki, Paşinyan ondan dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək KTMT sammitini təxirə salmağı xahiş edib. Həmin görüşdə baş katib məsələsi müzakirə edilməli idi. Amma Paşinyan bəyan etdi ki, Putindən belə bir xahiş etməyib.

Bir neçə gün əvvəl isə Rusiya xarici işlər naziri  Sergey Lavrov bildirib ki, Moskva və İrəvan Ermənistanda xarici hərbçilər məsələsi ilə bağlı sənəd üzərində işi yekunlaşdırır. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan isə Lavrovu təkzib edib. Vurğulayıb ki, Ermənistan üçüncü ölkənin hərbçilərinin ərazisində yerləşdirilməsi üçün danışıqlar aparmır: "Kontekstdən söhbətin bioloji laboratoriyalardan getdiyini başa düşürük. Sanitar-epidemioloji müşahidə sahəsində əməkdaşlıq ikitərəfli gündəliyimizin bir hissəsini təşkil edir. Ermənistan bakterioloji sahədə elmi tədqiqatların səmərəli istifadəsi məqsədilə bütün beynəlxalq öhdəliklərini yerinə yetirir. Biolaboratoriyalar mülkidir və  Ermənistanda hərbi mövcudluq məsələsi yoxdur".

Ardınca Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvanın açıq şəkildə ABŞ-dan qorxduğunu bəyan etdi: "Moskva ümid edir ki, Ermənistanın yeni rəhbərliyi ABŞ-ın şantajına və təzyiqinə müqavimət göstərməyə özündə cəsarət tapacaq".

O xatırladıb ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvana səfər edərkən Ermənistana ABŞ silahını almağı və "müəyyən tarixi standartlar"dan yaxa qurtarmağı məsləhət görüb: "Ümid edirik ki, parlament seçkilərində lazımi sayda mandat almış yeni Ermənistan rəhbərliyi xarici şantaja və təzyiqə müqavimət göstərməyə cəsarət tapacaq, milli maraqlara əsaslanmaqla müstəqil qərar qəbul etmək hüququnu müdafiə edəcək".

Ermənistan XİN-in Karasinə cavabında isə deyilir ki, Ermənistan beynəlxalq münasibətlərini suveren bərabərlik prinsipi əsasında qurur: "Biz bir ölkə ilə digər ölkələrin hesabına və ya başqa ölkələrlə əlaqələrə zərər verməklə qurmuruq. Bu yanaşma gələcəkdə də xarici siyasətimizin əsasını təşkil edəcək".

Ermənistan-Rusiya münasibətlərində bu gərginlik uzun müddətdən bəri ilk dəfədir ki, özünü göstərir. İndiyə kimi bu dərəcədə fikir ayrılıqları, açıq atmacalar, təkziblər müşahidə edilməyib.

Ermənistanda narahatlıq doğuran məqamlardan biri isə Rusiyanın verdiyi qazın qiymətinin qaldırılmasına dair məlumatlardır. Erməni mətbuatı yazır ki, Rusiya ilə qazın qiymətinə dair razılaşma 2018-ci il dekabrın 31-də başa çatır: "Bizim məlumatımıza görə, hazırda Rusiya ilə qazın qiymətləri ilə bağlı yeni danışıqlar aparılmır. Böyük ehtimalla, yanvarın 1-dən Rusiya Ermənistana qazı daha yüksək qiymətə satacaqdır ki, nəticədə istehlakçılara verilən qaz tarifləri də artacaq. Erməni hakimiyyət orqanları Rusiya hakimiyyətini erməni cəmiyyətini düşünməməkdə ittiham etməyə başlayacaqlar. Ancaq biz bilirik ki, bunun üçün real məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır".

Əgər bu baş verərsə, bir tərəfdən iki ölkə arasında gərgin duruma səbəb olacaq, ikinci tərəfdən Nikol Paşinyanın durumunu pisləşdirəcək. Onsuz dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindəki seçici iştirakçılığı Paşinyanın nüfuzunun aşağı düşdüyünü göstərdi. Əgər qış vaxtı qazın da qiyməti artacaqsa, onsuz da sosial problemlər içərisində boğulan erməni xalqının vəziyyəti daha da pisləşəcək, bu isə sosial partlayışa da səbəb ola bilər.

Erməni mətbuatı hətta yazır ki, Rusiyanın baş nazirinin müavini Dmitri Kozak Ermənistanın Nazirlər Kabinetinə, daha dəqiqi erməni həmkarı Tiqran Avinyana məktub göndərib. Məktubda gələn ildən Rusiya qazının sərhəddə 1000 kubmetr üçün 215 dollara başa gələcəyi və bunun müzakirə edilə bilməyəcəyi vurğulanıb.

Məsələ ilə bağlı erməni mətbuatı Avinyanla əlaqə saxlamağa çalışsa da, ofisinin rəhbəri Varaq Siseryan baş nazirin müavininin gün ərzində bir neçə görüşünün olduğunu və suala cavab verə bilməyəcəyini deyib. Amma ofis özü, müəyyən edilmiş prosedur əsasında suala 5 gün ərzində cavab verəcək.

Qeyd edək ki, Ermənistan qazı indi 150 dollardan alır. Erməni rəsmi dairələri bunu təkzib etməyə çalışsalar da, hər halda artıq bir müddətdir ki, bu məsələ gündəmdədir və qiymətin artacağı şübhə doğurmur.

Nəhayət, Putinin seçkilərdəki qələbəsinə görə Paşinyanı təbrik etməməsi ən ciddi məqamlardan biri hesab edilə bilər. Əvvəl bu təbrik gözlənilsə də, verilən açıqlamalardan bəlli oldu ki, Putin bu addımı atmağa hazırlaşmır. Əvvəlki Ermənistan hakimiyyətləri dövrünü xatırlasaq, ilk təbrik elə həmin gün, ilkin nəticələr açıqlananda məhz Moskvadan gəlirdi. İndi təbrikin ümumiyyətlə olmaması Rusiya-Ermənistan münasibətlərinin soyumasına daha bir işarədir. Məlumat üçün bildirək ki, seçkilərlə bağlı yalnız Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova keçirdiyi brifinqdə bir neçə kəlmə şərh verib. O deyib: "9 dekabrda Ermənistanda erkən seçkilər keçirildi. Rusiyadan olan müşahidəçilər də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının tərkibində və  MDB vasitəsilə seçkiləri izlədilər. Həmçinin, Dövlət Dumasının deputatları, Rusiya Federal Məclisi Federasiya Şurasının üzvləri MDB PA, ATƏT PA xətti ilə monitorinqlər apardılar. Müşahidəçilərin fikrincə, seçkilər qanunlara uyğun keçirilib. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi pozuntu və pozuntular yox idi. Biz tezliklə formalaşacaq Ermənistanın yeni parlamenti və hökuməti ilə əməkdaşlığı daha da möhkəmləndirmək üçün konstruktiv dialoqa hazırıq. O cümlədən, Avropa İqtisadi Birliyi, KTMT və MDB çərçivəsində".

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə deyib ki, belə təbrikləri qəbul etməyən dövlətlərarası protokollar fəaliyyət göstərir. Səfirin sözlərinə görə, təbriklər yalnız təyinat olunduqdan sonra göndərilir: "Biz hakimiyyət strukturlarının formalaşması cədvəlini izləyirik, bununla bağlı məsələ heç bir sual doğurmur".

Onun sözlərinə görə, vəziyyətin mahiyyəti Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində ifadə olunub. O bildirib ki, Rusiya Ermənistanla konstruktiv dialoqa və ikitərəfli münasibətlərin inkişafına hazırdır.

Nəhayət Putin dünən keçirdiyi "böyük mətbuat konfransı"nda bəyan edib ki, Rusiya və Ermənistan arasında münbit əlaqələr var. O, münasibətlərin pozulmadığını deyib və gələn həftə Paşinyanın Rusiyaya səfər etməli olduğunu da əlavə edib.

Görünən budur ki, Moskva üçün bir sıra vacib məsələlər üzrə İrəvanın mövqeyini aydınlaşdırmaq mühümdür. Paşinyanın Moskvaya dəvəti də məhz bu səbəbdən ola bilər. Paşinyanın anlaşılmaz xarici siyasətinə ayınlıq gətirməsinin də vaxtı yetişib.

PƏRVANƏ

 





21.12.2018    çap et  çap et