525.Az

"Heç olmasa, ayda bir dəfə kitab oxusunlar"


 

ADU-DA "KİV-DƏ AZƏRBAYCAN DİLİNİN TƏMİZLİYİNİN QORUNMASI" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

"Heç olmasa, ayda bir dəfə kitab oxusunlar" <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində "KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması" mövzusunda dəyirmi masa keçirilib.

Universitetin Filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə ADU rektoru, akademik Kamal Abdulla, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, ali məktəbin müəllim və jurnalist-tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, xalqın həyat tərzində inkişaf nə qədər yüksək səviyyədə gedirsə, dil də onunla paralel şəkildə inkişafını tənzimləyir.

Onun sözlərinə görə, dilin qarşısını sədlərlə almaq olmaz: "Dil başqa dillərdən sözlər almalı, ünsiyyətə girməli və tərkibində müəyyən dəyişikliklər etməlidir. Ədəbi dilimizdə qarşılığı olan sözlər əvəzinə, alınma sözdən istifadə doğru deyil. Eləcə də, dilimizə daxil olan alınma söz artıq bizim sözümüzdür, ədəbi dilimizdə hüquq qazanan sözü işlətmək borcumuzdur. Amma dilimizin yersiz olaraq başqa dillərin təsirinə düşməsinə imkan vermək olmaz. Mətbuatda dil qüsuru cəmiyyətə öz mənfi təsirini göstərir. Gərək jurnalist, müstəqilliyin verdiyi imkandan öz üslubunun ortaya qoyulmasında istifadə edə bilsin".

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, dilin saflığının qorunması ilə əlaqədar KİV-də aparılan monitorinqlər mütəmadi olmalıdır: "Yetişən nəslin beynində, barmaq və göz yaddaşında sahman yaradana qədər, monitorinqlər davam etməlidir. Heç bir ziyalı kənarda qala bilməz, hamı münasibətini bildirməlidir. Bu dil televiziya və ya qəzet rəhbərinin deyil, Azərbaycan dili hamımızın dilidir və onun qorunması hər birimizin borcudur. Bir neçə il əvvəl KİV-də dilin təmizliyinin qorunub saxlanması istiqamətində işlərə başlanıldı. O vaxt ortaya belə məsələ çıxdı ki, türk cizgi filmləri və serialların Azərbaycan məkanını zəbt etməsindən irəli gələrək, dilimiz korlanmağa başlayıb. Bu məsələni həyəcan təbili kimi çaldıq və cənab Prezident İlham Əliyev bu məsələyə ən yüksək səviyyədə diqqət göstərdi. Serialların çəkilməsi üçün xeyli pul ayrıldı, hər televiziya üçün ayrıca məbləğ müəyyən olundu və televiziyaların özü seriallar çəkməyə başladı. Onun məzmununun tamaşaçını qane edib-etməyəcəyi başqa məsələdir. Çünki onların bəzilərinin səviyyəsi bizi qane eləmədi. Seriallara pul ona görə ayrılmışdı ki, həm dilin saflığı qorunsun, həm də material olsun, bizim insanlar Azərbaycanın istehsal etdiyi seriallara baxsın. Birinci növbədə vətənpərvərlik mövzusunu, müstəqillik dövründə prokuror, müstəntiq, ailə xanımı, müəllim, neftçi obrazlarını əsas qoymuşduq. Bu məsələləri şou üzərinə yönəltsələr də, hər halda bir formalaşma oldu. Əsas problem ondan ibarət idi ki, Azərbaycan dili türk dilinin içində əriyib gedirdi. Biz çox basqı gördük, "niyə bizim dilimizi bizə tərcümə edirsiniz" kimi mesajlar, zənglər gəlirdi, məktublar alırdıq. Beynəlxalq Mətbuat Mərkəzində böyük tədbir keçirdik, məsələnin məğzinin nədən ibarət olduğunu izah elədik ki, dilimiz əriyib gedir".

S.Vəliyeva hesab edir ki, dilimizin türk dilinin içərisində əriməsi müstəqillik dövründə aldığımız ən böyük zərbə ola bilərdi: "Ona görə də bu addımı atdıq. Düşünürəm ki, çox doğru elədik. Bəzən telekanallarda dilimizin normalarının pozulduğunu eşidəndə, dərhal televiziya rəhbərliyinə zəng edib məsələyə münasibətimi bildirirəm. Ötən gün eşidirəm ki, ədalı bir xanım "adapteyşn olunmuş" ifadəsini işlətdi. Bu, Azərbaycan dilinə bir ziyalının vurduğu zərbədir. İngilis dilindən çoxlu sayda sözlər var ki, dilimizdə işlənir. Aparıcının ekrandan birbaşa üzümüzə hər dəqiqə "okey" sözünü oxuması dilimizə zərbə vurur. Azərbaycançılığın qorunmasında üç əsas amil var - Azərbaycan insanı, məkanı və bir də dilimiz. Bu üç komponent bir yerdə azərbaycançılığın, həm də dövlətçiliyin ideologiyasına çevrilməsində rol oynayıb. Düşünürəm ki, bu məsələlərdə ziyalı olaraq öz səsimizi qaldırmalı, dərhal münasibətimizi bildirməliyik. Qəzetdə, jurnalda gördüyümüz orfoqrafik, üslub səhvləri, yerində olmayan alınma sözlərlə bağlı iradlarımızı həm yazılı bildirməli, həm də zəng edib çatdırmalıyıq. Bəzən baxırsan ki, sözün Azərbaycan dilində gözəl ifadəsi olduğu halda, işlətmirik. Bir az ədalı, sanki daha "ziyalı" görünmək istəyirik kimi təəssüratlar olur. Həm də qəzet rəhbəri olduğum üçün hər planlaşdırmada deyirəm ki, alınma sözlərin dilimizdə heç bir qarşılığı yoxdursa, işlədə bilərik, qarşılığı varsa, dilimiz çox zəngindir, öz sözlərimizdən istifadə edək. Bəzən kimlərsə rusdilli olduqlarını deyir və bununla da qürur duyurlar. Rusdilli ol, rus dilini gözəl bil, amma birinci növbədə Azərbaycan dilini gözəl bilməlisən. Bu, sənin üstünlüyündür".

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, Azərbaycan dili dövlətimizin müstəqilliyinin əsas şərtlərindən biri, mənəvi varlığımızın təzahürüdür: "Dünyadakı xalqların az hissəsinin dili dövlət dilidir, dövlətimizin dilinin Azərbaycan dili olması bizim üçün qürurvericidir. Dilimiz qədim, zəngindir, əcnəbi dildə elə bir kitab ola bilməz ki, onu Azərbaycan dilinə tərcümə etmək mümkün olmasın. Biz dilə məhəbbəti aşılamalıyıq, bir insan Azərbaycan dilinin nəyə qadir olduğunu bilsə, onda həmin insan dilimizi sevəcək".

Ə.Amaşov qeyd edib ki, dilimizin saflığının qorunmasına hər zaman dövlət səviyyəsində diqqət göstərilir.

Onun sözlərinə görə, Mətbuat Şurası yaranandan Dil Komissiyası, eləcə də, Monitorinq Mərkəzi yaradılıb: "Mütəmadi olaraq KİV-də dil məsələsini gündəmə gətirdik, onu bir neçə istiqamətdə təhlil etdik. Bunlardan birincisi leksik istiqamət idi ki, dialektlərdən, yaxud kənardan gələn sözlərin vətəndaşlıq hüququ qazanıb-qazanmadığı istiqamətində müşahidələr apardıq. Söz vətəndaşlıq hüququ qazanmırsa, yaddan çıxıb gedir. Ən qorxulu məsələ qrammatik sahədə dilimizə olan təsirdir. O sayaq maneələr ədəbi dilin sistemini dəyişir. Üslub xətaları ilə bağlı da monitorinqlər aparırıq. Sonuncu tədbirimizi keçirdik, 15-ə yaxın qəzetin, təqribən 10 xəbər portalının monitorinqini apardıq, durğu işarələri ilə bağlı səhvlər on minlərlədir. İstənilən qəzetdə bu səhvlərin şahidi oluruq, hətta bir çox materiallarda şəxs əvəzliklərindən sonra vergül qoyulur. Apardığımız monitorinqlərin nəticələri göstərir ki, leksik istiqamətdə olan səhvlər getdikcə azalır, ən problemli məsələ qrammatik normaların pozulması ilə bağlıdır. Rus dilindən dilimizə kalkalar daxil olub, məsələn "baxmayaraq", "hansı ki" tipli sözlərdən çox istifadə olunur. Türk dili ilə bağlı müəyyən məqamlara toxunuldu. Azərbaycan dili də türk dilləri qrupuna daxildir və öz zənginliyi ilə seçilir. Dilimizə daxil olan sözü başqa söz əvəz etmirsə, onun Azərbaycan dilində qalmasının nə qədər məqsədəuyğun olması da ciddi məsələlərdən biridir". Jurnalistikadakı problemlərə gəlincə, Əflatun Amaşov hesab edir ki, bu problem ailədən, orta məktəbdən, hətta universitetdən gəlir: "Qəzetdə işləməyə gələn ali məktəb məzunu sadalanan səhvləri edirsə, o zaman buna kifayət qədər ciddi yanaşmalıyıq. Öz dilimizi sevməsək, bu kimi səhvləri aradan qaldırmaq çətin olacaq".

Ə.Amaşovun fikrincə, bəzi redaksiyalarda korrektura sisteminin olmaması ciddi fəsadlar yaradır.

ADU rektoru, akademik Kamal Abdulla qeyd edib ki, ölkə başçısı öz fəaliyyətinin böyük hissəsini Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin, Azərbaycan həqiqətlərinin qorunması və yayılmasına sərf edir: "Onun son dərəcə düşünülmüş, müdrik qərar və sərəncamları məhz dilimizin inkişafına xidmət edir. Dilimizin inkişafı dilin dəyişməsi deməkdir. Dil dəyişirsə, deməli, o, yaşayır. Dil yaşayırsa, inkişaf edir. Əsas məsələ dilimizin dəyişərkən hər hansı süni müdaxilə və pozuntuya yol verilməməsi ilə bağlıdır. Mənə həmişə elə gəlir ki, dilimizə olan təhlükə xaricdən alınan sözlərdə deyil, dilimizin öz sözlərinin başına gətirilən müsibətlərdədir. Televiziya aparıcılarının dilindən "musiqilər" sözü düşmür. Musiqi özü-özlüyündə cəm anlayışını ifa edir, ona əlavə cəm şəkilçisi artırmaq dili duymamağın ən bariz nümunəsidir. Xarici dildən söz almaq məsələsi son dərəcədə maraqlı məqamdır. Bu, dilin inkişafınamı xidmət edir, ya dilin zəifliyinəmi işarədir? Deyilir ki, əgər ehtiyac varsa, o sözlər dilə gətirilsin. Bu, bir yanaşmadır, mən deyərdim ki, dildə termin kimi həmin söz özünü tutubsa, onu dilə gətirmək olar, çünki bu zaman dilin sinonim cərgəsi artır. Əcnəbi sözlərin dilin özünəməxsusluğuna ziyanı yoxdur. Dilin korlanması ancaq Azərbaycan dilinin içində baş verə bilər".

K.Abdullanın sözlərinə görə, dil şüurumuzda mövcud olan strukturdur və ona təsir etmək mümkün deyil: "Nitqimiz başqa məsələdir. Danışanda rusca sözlər işlədirəmsə, bu, mənim nitqimin zəifliyidir, deməli, həmin məqamda uyğun söz tapa bilməmişəm. Bu isə onu göstərir ki, mütaliəm azdır. Azərbaycan dilində pis nitqini ört-basdır etmək istəyənlər deyirlər ki, rus dilində düşünüb Azərbaycan dilində danışıram. Bir dildə düşünüb başqa dildə danışmaq mümkün deyil. İnsanlar hamısı təfəkkürün dilində düşünür, amma səsli danışığa keçərkən, o, artıq başa düşdüyümüz dilə, nitqə çevrilir. Öz içimizdən buraxmamışıqsa, o, daxili nitqimizdir".

ADU rektoru bildirib ki, ədəbi dilin normalarını pozan televiziya aparıcılarını Azərbaycan dilində kitab oxumağa məcbur etmək lazımdır: "Məsələn, o aparıcılardan üçünü bizim, digər üçünü başqa universitetlərə təhkim edin, attestasiyadan keçsinlər. Onlara qrammatika barədə sual verməyəcəyəm, soruşacağam, filan əsəri oxumusan? Əbdürrəhim bəy Haqverdiyevi, Mirzə Cəlili, Hüseyn Cavidi oxumadan çıxıb televiziyada danışmaq ayıbdır. Heç olmasa, ayda bir dəfə kitab oxusunlar. Güman edirəm ki, elə aparıcılar var ki, axırıncı dəfə məktəbdə əlifba kitabını oxuyublar".

Kamal Abdulla vurğulayıb ki, korrektorlar nəsli itib-batmaqdadır: "Normal korrektor tapmaq çətindir. Çünki test üsulu ilə qəbul imtahanında orfoqrafik qaydalarla bağlı sual salınmır. Testə suallar düşsə, ali məktəbə hazırlaşan abituriyent sözün düzgün yazılış qaydasına diqqətlə fikir verər. Bir daha qeyd edirəm, ən əsası mütaliədir. Dönə-dönə, hər gün bədii ədəbiyyat oxumaq lazımdır. O zaman dilin rayihəsini içinizə çəkəcək, energetikasını hiss edib daxilinizdə yaşadacaqsınız".

Daha sonra qonaqlar ali məktəbin müəllim və tələbə heyətinin suallarını cavablandırıb.

S.QARAYEVA

 





20.12.2018    çap et  çap et