525.Az

Gədəbəyin daha səkkiz kəndinə ilk dəfə mavi yanacaq verildi


 

KƏNDLƏRDƏN ALTISI ERMƏNİSTANLA SƏRHƏDDƏ YERLƏŞƏN ŞINIX BÖLGƏSİNƏ AİDDİR

Gədəbəyin daha səkkiz kəndinə ilk dəfə mavi yanacaq verildi <b style="color:red"></b>

Gədəbəyin, eləcə də rayonun Ermənistanla 120 kilometrlik sərhəd xətti boyunca qərar tutmuş Şınıx elinin kəndlərinin sosial-iqtisadi durumunun gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Gədəbəy zonasının qazlaşdırma işlərinin növbəti mərhələsində Şınıxa aid Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə,  eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərinə təbii qaz verilib.

Bu mərhələdə ümumilikdə 720 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 64 min 451 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndlərə qaz verilməsi münasibətilə keçirilmiş tədbirlərdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, qaz istismarı qurumlarının mütəxəssisləri, kəndlərin sakinləri iştirak ediblər. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı  İbrahim Mustafayev çıxışında ölkə rəhbərinin diqqəti sayəsində yerlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün aparılan işlərdən danışaraq, xüsusilə qeyd edib ki, rayonun indiyədək təbii qaz təchizatına malik olmayan bir sıra dağlıq yaşayış məntəqələrinin qazlaşdırılması yönündə strateji məsələ sürətlə həllini tapır.

Tədbirdə kənd ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Rəmzi məşəlin  alovlandırılması ilə kəndlərə təbii qaz verilməsinə başlanılıb.

Onu da vurğulayaq ki, sözügedən qazlaşdırma mərhələsi ilə strateji əhəmiyyətli Şınıx bölgəsinə daxil olan 26 (iyirmi altı) kəndin hamısının artıq mavi yanacaqla təmin olunması işi artıq yerinə yetirilmiş oldu.

Zakir MURADOV
Gədəbəy

 





20.12.2018    çap et  çap et