525.Az

ADPU-da Ramiz Mehdiyevin yeni kitabının təqdimatı keçirildi


 

ADPU-da Ramiz Mehdiyevin yeni kitabının təqdimatı keçirildi <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə universitetdə Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ramiz Mehdiyevin "Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq vasitəsi kimi.
 
XVII-XVIII əsrin I rübündə" ("Qriqorianskaya serkov kak instrument şpionaja protiv Sefevidskoqo qosudarstva. XVII-pervaya çetvert XVIII vv.") adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, akademik Ramiz Mehdiyev Səfəvilər dövləti ilə bağlı bir neçə kitabın müəllifidir: "Böyük alimin geniş və hərtərəfli elmi-tədqiqatların nəticəsində ərsəyə gətirdiyi həmin kitablar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Yeni əsərin əsas özəlliyi Ramiz Mehdiyevin həm tədqiqatçı-alim və həm də dövlət xadimi olaraq Səfəvilər dövlətinə yeni prizmadan yanaşmasıdır. Bu əsər Azərbaycan tarixşünaslığında və siyasi elmində Qriqoryan kilsəsinin Səfəvilər dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin geniş işıqlandırılmasına göstərilən ilk cəhdir. Çoxsaylı mötəbər elmi mənbələr əsasında yazılmış bu fundamental əsərdə problemlərin qoyuluşu və həlli tamamilə yenidir. Əsərdə Vatikan tərəfindən göndərilmiş katolik missiyasının qeyd etdiyimiz dövrdə Səfəvilərə qarşı həyata keçirdiyi ideoloji və casusluq fəaliyyətinin strategiya və taktikası, həmçinin, Qriqoryan kilsəsinin katolik missiyası ilə əlaqələri ardıcıl və dəqiq aydınlaşdırılır. Əsərdə erməni siyasi elitasının satqınlığı, Qriqoryan kilsəsinin fitnəkar, pozucu, casusluq fəaliyyəti ifşa edilir. Konkret elmi-tarixi faktlara söykənən bu əsər sistemli fəaliyyətin uğurlu davamıdır. Əsərin rus dilində yazılması onun istifadə imkanlarının və oxucu auditoriyasının genişlənməsinə imkan verir. Bu əsər bütövlükdə tarix elmimizə böyük töhfədir".

AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun professoru Şahin Fazil, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, ADPU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərinin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqoryan kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Sonra kitab haqqında müzakirə aparılıb. AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professor Himalay Qasımov, dosent Sevinc Seyidova, dosent Elmira Süleymanova çıxış edərək bu dəyərli əsərin bütün Türk xalqları üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

S.QARAYEVA

 





20.12.2018    çap et  çap et