525.Az

ADU kitabxanası Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tam təmin olunub


 

ADU kitabxanası Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tam təmin olunub<b style="color:red"></b>

Azərbaycanın aparıcı universitetlərindən biri, xarici dilli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayan Azərbaycan Dillər Universitetinin (ADU) kitabxanası 1948-ci ildə yaradılıb. O zaman kitabxanada 7000-ə qədər kitab mövcud olub.

1951-ci ildə kitabxanadan 806 nəfər, 1952-ci ildə 936 nəfər, 1953-cü ildə isə 880 nəfər oxucu istifadə edib. Xidmət işini yaxşılaşdırmaq məqsədilə kabinetlərdə məlumat ədəbiyyatından ibarət kiçik fondlar yaradılıb və bu fondlara ən çox istifadə olunan nüsxələr və dövri mətbuat qoyulub. İnstitutun əsas binasında, eləcə də Balaxanı qəsəbəsindəki 38 nömrəli yataqxanada səyyar kitabxana təşkil etməklə tələbələrin kitabla daha yaxşı təmin edilməsinə nail olunub.

1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə institutlar ayrılaraq müstəqil ali məktəblərə çevrildikdən sonra kitabxanadakı kitablar iki yerə bölünərək hər institutun kitab fondunun əsasını təşkil edib. SSRİ-nin 50 illiyi adını daşıyan Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu kitabxanasında əsasən xarici dillərdə olan kitablar, o cümlədən tədris proqramına müvafiq olaraq Azərbaycan və rus dillərində dərslik, dərs vəsaiti, elmi, ictimai-siyasi və bədii ədəbiyyat saxlanıldı. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət  Dillər İnstitutunun profili  genişləndirilməklə Azərbaycan Dillər Universiteti yaradıldı. Yeni təşəbbüs  kitabxananın yeni modelini yaratmaq məqsədilə ilkin addım kimi universitetin Təbriz küçəsindəki yeni binasında kitabxana üçün kifayət qədər yer ayrıldı və 2007-ci ildən başlayaraq kitabxana fondunun böyük əksəriyyəti geniş, işıqlı, təmiz və quru zallara köçürülüb. Binanın birinci mərtəbəsində müəllim, aspirant, magistr və tələbələr üçün yeni texnologiyalarla təchiz edilib, Avropa standartlarına tam cavab verə biləcək 2 oxu zalı, biblioqrafiya-informasiya xidmətləri şöbəsi, xidmət şöbəsi və onun kitab fondu böyük zala yerləşdirilib. Kitabxananın maddi-texniki bazası gücləndirildi, ən müasir texniki avadanlıqlarla təchiz olunub.

Hazırda kitabxanadakı  rəqəmsallaşma  prosesi üzərində ciddi iş aparılır. Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli məlumat bazalarının yaradılması sahəsində də iş aparılır. Universitetdə hər bir ali məktəbin arzu edə biləcəyi geniş kitabxana şəbəkəsi yaradılıb. İndi ADU-nun kitabxanası ildə yeddi minə qədər oxucuya xidmət edir. Kitab fondunda beş yüz mindən artıq ədəbiyyat saxlanılır.

Kitabxananın müdiri Nuranə Tağıyevanın dediyinə görə, ADU-nun kitabxanası həm Azərbaycan, həm də dünya ədəbiyyatı ilə tam təmin olunub.Universitetimizdə hər bir bütün tələbələrin istədiyi geniş kitabxana şəbəkəsi ilə təmin edilib. Kitabxanamız dünya klassiklərinin ən tanınmış əsərləri universitetimizin tələbələrinə təqdim olunub.Hazırda kitabxanamız  müasir dövr dünya ədəbiyyatı kitabları ilə təchiz olunub.

Həmçinin N.Tağıyeva bildirib ki,əsas tədris binası ilə, təbriz korpusu arasında maşın nəqliyyat vasitəsi yaradılıb. Bunun nəticəsində əsas tədris binasında oxuyan tələbələrimiz üçün çatışmayan kitablar hər gün digər tədris binasına göndərilir. Müəyyən qədər vaxt itkisi baş versədə biz çalışırıq ki,tələbələrin kitab ehtiyaclarını vaxtında ödəyə bilək. Əlbəttə ki, bu müvəqqəti yaranmış vəziyyətdir. Həmçinin müsahibimiz bildirib ki, tezliklə əsas tədris binasında da kitablarla tam təmin olunaraq,oxu zalları tələbələrimizin ixtiyarına veriləcək.

Onun sözlərinə görə, universitetin kitabxanası elektron kitabxana şəklində tələbələrimizin ixtiyarına verilib. Elektron kitabxana köməyi ilə, tələbələrimiz istədikləri kitabları tapıb oxuya bilərlər: “Nəinki Azərbaycan Dillər Universitetində, hətta dünya praktikasında da tələbələr kitablarla tam təmin oluna bilmirlər. Çünki tədris fənnləri dəyişir və elə vaxt olur ki, bu il tədris olunan fənnlər gələn il tədris planında keçirilmir”.

O bildirib ki, ADU-nun professor-müəllim heyətininelmi-tədqiqat işlərinin, eləcə də dərslik və dərs materiallarının universitetimizə məxsus ünvanlı DSpace elektron arxivdə yerləşdirilməsi və sərbəst girişlə istifadəçilərin ixtiyarına verilməsi reallaşdırılıb: “Bu da gələcəkdə tədqiqatçılarımızın yazılarının plagiat olunmasına və təkrarçılığının qarşısını alır. Azərbaycanın digər universitetlərində bu ingilis dilində tətbiq olunub. Lakin biz öz təşəbbüsümüzlə bunu Azərbaycan dilinə ilk dəfə biz çevirmişik. Hazırda universitetimizin kitabxanasının daha da zənginləşməsi tələbələrin bütün istəklərini nəzərə alaraq, kitabxanamız öz imkanlarını genişləndirir”.

Qeyd edək ki, ötən il Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın verdiyi tapşırığa əsasən universitetin R.Behbudov küçəsi 134 ünvanında yerləşən əsas binasında kitabxana bölməsi yaradılıb. Bu, əsas binada təhsil alan tələbələrə, eləcə də professor-müəllim heyətinə ADU-nun Təbriz küçəsində yerləşən tədris korpusundakı kitabxanaya getmədən istənilən kitabı oxuyub geri qaytarmaq şərti ilə əldə etmək imkanı verir. Tələbə və müəllimlərin sifarişinə əsasən kitabxana əməkdaşları sifariş olunan kitabların ən qısa müddətdə əsas binaya çatdırılmasını təmin edir. 

Göyçək SÜLEYMANZADƏ
Günay ARİFQIZI
ADU-nin Filologiya və jurnalistika fakültəsinin 3-cü kurs tələbələri

 





21.12.2018    çap et  çap et