525.Az

Azərbaycan tələbələrinin II qurultayı keçirildi


 

TƏHSİL NAZİRİ CEYHUN BAYRAMOV: “BU İL 2090 NƏFƏR 500-DƏN YUXARI BAL TOPLAYAN GƏNC MÜƏLLİMLİK İXTİSASINI SEÇİB Kİ, BU DA GƏNCLƏR ARASINDA MÜƏLLİM PEŞƏSİNƏ MARAĞIN ARTMASINI SÜBUT EDİR”

Azərbaycan tələbələrinin II qurultayı keçirildi <b style="color:red"></b>

Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.

Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Məktubda deyilir: “Hörmətli qurultay iştirakçıları, əziz tələbələr. Sizi - Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, sizin simanızda ölkəmizin bütün tələbə gənclərinə ən xoş arzularımı bildirir və qurultayın işinə uğurlar arzulayıram.

Bugünkü ali məclisinizin “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə təsadüf etməsi əlamətdar haldır. Ölkəmizdə ana dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və azərbaycanlı gənclərin xaricdə ali təhsil almağa göndərilməsinin təməli Xalq Cümhuriyyəti dövründə qoyulub. Bu ənənə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən davam etdirilib”.

Qeyd olunub ki, məhz ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş Sovet İttifaqının məşhur ali məktəblərində təhsil alaraq, vətənimizin yüksəlişi naminə cəmiyyət həyatının ən müxtəlif sahələrində əzmkarlıqla çalışıblar: “Müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilib. Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək, yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər.

Əziz gənclər, siz çiçəklənən, gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik! Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağınıza inanıram”.

Baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycan dövləti bugününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir. Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır: “Siyasətin mərkəzində insan amilinin dayanması bugünkü Azərbaycan reallığının ən mühüm faktorlardan biridir. Biz nə ediriksə, insanların həyatı, mənəviyyatı, inkişafı üçün edirik”.

Ə.Əhmədov vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizi deməkdir: “Tələbə yaşında, yəni 24 yaşadək olan gənclər ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə, 1/3-ni təşkil edir. Deməli, bizim cəmiyyətimiz gəncdir. Bu mənada gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir”. O bildirib ki, bu gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün istifadə edilir. Eyni zamanda, bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır: “Bizim üçün əsas prioritet odur ki, gənclər sağlam olsun. İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Gənclərin daha yaxşı təhsil alması Azərbaycanın gələcəyinin daha etibarlı şəkildə qurulması üçün ən mühüm amillərdəndir. Azərbaycan hökuməti bütün potensialını ona yönəldib ki, siz daha yaxşı təhsil ala biləsiniz. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz”.

Ə.Əhmədov deyib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır: “Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Bizim həyata keçirdiyimiz prioritetlərdən biri odur ki, müasir və fəal olasınız, Azərbaycanın dünyada təbliğ olunmasında iştirak edəsiniz, Azərbaycana yönələn çirkli təbliğata qarşı mübariz olasınız. Məmnunluqla deyim ki, bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik. Gələcək Azərbaycan sizin mübarizliyiniz sayəsində daha da güclü olacaq”.

Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb.

Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda - 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir.

Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən C.Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.

Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. C.Bayramov  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Onun dediyinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşası başa çatdırılıb və istismara hazırdır.  Paytaxtda və regionlarda yeni yataqxana kompleksləri inşa edilir, Sumqayıt və Gəncə şəhərlərində mövcud tələbə yataqxana binaları əsaslı təmir olunur və yenidən qurulur. C.Bayramov əlavə edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.

Nazir deyib ki, 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artırılacaq. C.Bayramov eyni zamanda, Prezident İlham  Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağını qeyd edib.

Təhsil naziri xatırladıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunub: “Hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə oxuyur”.

O, həmçinin əlavə edib ki, bütün təhsil pillələri üzrə səriştəəsaslı məzmunun hazırlanması, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, ümumilikdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, təhsil müəssisələrində azərbaycançılıq ideologiyasının təbliği işinin sistemli təşkili sahələrində iş aparılacaq.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə ətraflı məlumat verib. Ş.İsmayılov qeyd edib ki, Azərbaycan dövlətinin gənclər siyasəti uğurla həyata keçirilir. Onun sözlərinə görə, tələbələrin ölkənin ictimai həyatında fəal iştirakında tələbə-gənclər təşkilatlarının da mühüm rol oynadığını bildirib.  Hazırda ATGTİ 100 tələbə-gənclər təşkilatını özündə birləşdirir.  Bu, Azərbaycanın bütün ali təhsil müəssisələrinin bir platformada təmsil olunması deməkdir.

Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elnur Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində təhsil almış Ümid Mehdiyev, Bakı Dövlət Universitetinin tələbəsi, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Əfsanə Abdullayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kərim Nəcəfov, Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Amin Fərəczadə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının tələbəsi Seyidəli Abbasov öz uğur hekayələrini bölüşüblər.

Tədbir tələbələrin çıxışları ilə davam edib və sonda qurultayın qətnaməsi qəbul olunub.

S.QARAYEVA

 





21.12.2018    çap et  çap et