525.Az

“The Guardian”ın növbəti böhtanı


 

“The Guardian”ın növbəti böhtanı<b style="color:red"></b>

Böyük Britaniyanın “The Guardian” nəşri Azərbaycanda “yaxşı” tanınır. Bu nəşr hər zaman ölkəmiz barədə yalan, böhtan xarakterli məqalələr yaymaqla məşğul olub.

Obyektivlikdən, jurnalist prinsiplərindən uzaq olan “The Guardian” üstünlük verdiyi ikilistandartları ilə nə dərəcədə qərəzli olduğunu nümayiş etdirib.  Xüsusilə biz dəfələrlə bu nəşrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz, təhrifedilmiş məlumatlarla dolu məqalələrinə şahid olmuşuq.

Məsələn, bir neçə il əvvəl burada Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ 2015-ci ilin ən əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlər siyahısına daxil edilmişdir. Bu, birbaşa işğala dəstəyin verilməsi, eyni zamanda, Azərbaycan xalqına qarşı çox böyük hörmətsizliyin nümunəsi idi. Əslində, bununla təcavüzkar sonrakı işğala həvəsləndirilir, yüzlərlə, minlərlə qaçqının və məcburi köçkünün faciəsinə qətiyyən məhəl qoymur. Bu isə separatçı rejimə çox yaxşı bir fürsət verirdi. Daha sonra qəzet Azərbaycanın bu ölkədəki səfirinin məqaləyə cavabını qısaldılmış şəkildə dərc edir.

Ardınca eyni nəşrdə Saymon Mahakyan adlı müəllifin məqaləsi verilir. Qeyd  edilir ki, UNESCO guya Azərbaycanda xaçkarların dağıdılmasına göstərdiyi münasibətinə görə tənqid edilir. Burada isə artıq qərəzi də vurğulamağa ehtiyac qalmır. Bütün dünyaya bəllidir ki, məhz Ermənistan Azərbaycanla münaqişə zamanı etnik azərbaycanlıların tarixi irsini məhv edərək monoetnik dövlətə çevrilib. Bu gün işğalda qalan ərazilərimizdə bütün tarixi, dini abidələrimiz talan edilib, dağıdılıb.  Məhz Azərbaycan dəfələrlə işğal olunmuş ərazilərində mədəni irsin qorunması ilə bağlı hərtərəfli araşdırma missiyasının təşkilinə və tam araşdırılmasına çağırıb. Ermənistan isə buna mane olub.

“The Guardian”ın “obyektivliyini” əks etdirən bu cür nümunələri çox gətirmək olar. Hər dəfə onların bu qərəzli, böhtan xarakterli yazılarına Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən cavab verilsə də, onlar yenə də eyni mövqelərini davam etdirirlər, bununla da əslində, sifarişlə işlədiklərini bir daha göstərmiş olurlar.

Amma bu günə kimi apardıqları qarayaxma, qərəz, böhtan dolu kampaniya ilə kifayətlənməyərək növbəti hədəf kimi Azərbaycan prezidentinin ailə üzvlərini seçiblər. Belə ki, dekabrın 21-də bu nəşrdə dövlət başçısının ailəsi ilə bağlı heç bir fakta əsaslanmayan, tamamilə yalan məlumatlar əsasında məqalə dərc edilib. Verilmiş material  iftira və böhtan xarakterlidir, məqalədə irəli sürülən iddiaların heç biri doğru deyil və növbəti qarayaxma kampaniyasıdır. Əslində, məqalə ilə tanış olanda, artıq hər şey məlum olur. Yəni illərdir eyni xarici KİV-lərdə eyni iftiralar, yalanlar dərc olunur. Baxmayaraq ki, əvvəlki dövrdə də irəli sürülmüş bu qarayaxmalar heç biri öz təsdiqini tapmayıb. Onlar yəqin ki, bundan sonra da davam edəcəklər. Çünki sifariş əsasında işləyirlər. Ancaq yazdıqları böhtana, yalana görə jurnalst prinsiplərindən, obyektivlikdən nə dərəcədə uzaq olduqlarının fərqində olmalıdırlar. 

Ekspertlər hesab edirlər ki, Qərb KİV-lərində zaman-zaman dərc olunan bəzi materiallar, o cümlədən, “The Guardian” nəşrində verilən belə məqalələr müstəqil və prinsipial xarici siyasət yürüdən Azərbaycan Respublikasına, onun region dövlətləri, o cümlədən, Rusiya və MDB ölkələri, Türkiyə, İran və s. ilə günü-gündən inkişaf edən, qarşılıqlı maraqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əlaqələrinə təzyiq xarakteri daşıyır. Azərbaycanın güclənməsi, regional liderə çevrilməsi, dünyanın nüfuzlu, söz sahibi olan dövlətlərindən biri olması qısqanclıq yaradır. Ən əsası Bakı müstəqil siyasət yaradır, hansısa oyunlara alət olmur, hansısa qüvvələrin maraqlarına xidmət etmir. Bunu həzm edə bilməyənlər isə təzyiq mexanizmi kimi bu cür vasitələrə əl atırlar. Ancaq anlamırlar ki, belə vasitələrlə indiyə kimi çirkin məqsədlərinə nail ola bilmədikləri kimi bundan sonra da ola bilməyəcəklər.  Yalan, böhtan, qarayaxma kampaniyası ilə də özlərini ifşa etmiş olurlar.

AZAD

 





22.12.2018    çap et  çap et