525.Az

Dağlıq Qarabağın Azərbaycanlı İcmasından beynəlxalq ictimaiyyətə çağırış


 

“AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ MÜNAQİŞƏNİN SÜLH YOLU İLƏ HƏLLİ ÜÇÜN DAĞLIQ QARABAĞIN ERMƏNİ İCMASI İLƏ KONSTRUKTİV DİALOQA HAZIRIQ”

Dağlıq Qarabağın Azərbaycanlı İcmasından beynəlxalq ictimaiyyətə çağırış<b style="color:red"></b>

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi dekabrın 20-də keçirdiyi qurultayın bəyanatını yayıb.

Bildirilib ki, keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni separatizmi dalğası milli zəmində münaqişəyə, əzəli Azərbaycan torpaqları olan Ermənistandan, eləcə də Dağlıq Qarabağ bölgəsindən soydaşlarımızın qovulmasına, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalına, bu ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsinə, bir milyondan artıq həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub.

Qeyd olunub ki, 30 ildir davam edən münaqişənin ilk günlərindən hələ keçmiş Sovetlər İttifaqının tərkibində ikən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq ərazi iddiaları irəli sürməyə və yerli azərbaycanlı əhaliyə qarşı zorakılıqla və terrorla müşayiət olunan təcavüzkar separatizmi fəal şəkildə dəstəkləməyə başlayıb. Eyni zamanda, Ermənistan tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan birtərəfli qaydada ayrılması və Ermənistana birləşdirilməsi məqsədilə bir sıra qeyri-qanuni qərarlar qəbul edilib. Lakin hələ Sovetlər İttifaqının mövcudluğu dövründə, 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli aktlarının SSRİ Konstitusiyasına uyğunsuzluğu” haqqında qərar qəbul edərək Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qeyri-qanuni olduğunu elan etmişdi: “Hələ o zaman Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının SSRİ qanunlarına zidd olması ali konstitusiya səviyyəsində təsdiqlənmişdi. Odur ki, Azərbaycan müstəqillik əldə etdikdə də həmin dövrün mövcud qanunlarına əsasən, Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi qəbul olunmuşdu”. 

Həmçinin, bəyanatda vurğulanıb ki, Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq hərbi gücdən istifadə etməklə Azərbaycana qarşı açıq müharibəyə başlayıb, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi daxil olmaqla ətraf yeddi rayonu işğal edib: “İşğal olunmuş ərazilərdə, o cümlədən, Dağlıq Qarabağda köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədilib. Hazırda sayı 80 min nəfərdən artıq olan Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri 30 ilə yaxındır ki, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədirlər”.

“Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu təsbit etməklə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində öz əksini tapıb”, - deyə qeyd olunub.

Eyni zamanda bildirilib ki, Ermənistan bütün bunlara məhəl qoymayaraq işğala əsaslanan status-kvonu saxlamaqla Azərbaycanın işğal edilmiş ərazilərini, o cümlədən, Dağlıq Qarabağı ilhaq siyasəti yürüdür və qəsdən bu əməllərinə xalqların öz müqəddəratını təyinetmə donu geyindirməyə çalışır: “Bu məqsədlə Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının hətta mövcudluğunu da inkar etməyə cəhd göstərir, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv edir və qeyri-qanuni məskunlaşdırma siyasəti aparır. Beynəlxalq hüququn ali prinsiplərindən olan xalqların öz müqəddəratını təyinetmə hüququ digərlərinin hüquqlarının pozulmasını, zorakılıq əməllərinin törədilməsini heç bir halda qəbul etmir. Fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır, ayrılmazdır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır”.

Əlavə edilib ki, ATƏT-in sənədlərinə əsasən, münaqişənin həllində Ermənistan və Azərbaycan münaqişə tərəfləri olduqları halda, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflər kimi müəyyən olunub: “Münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına - Dağlıq-Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır”.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanırlar: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə yaşayışı şəraitində ədalətli sülh, dayanıqlı regional sabitlik və təhlükəsizlik təmin oluna bilər. Bu istiqamətdə mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır”.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə vermək məqsədilə səyləri artırmağa və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları dəstəkləməyə çağırır.

Ceyhun ABASOV

 





22.12.2018    çap et  çap et