Milli Elmlər Akademiyasından (AMEA) “525”ə verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəmkir arxeoloji ekspedisiyası tərəfindən orta əsrlərə aid edilən Şəmkir qalasında aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinin öyrənilməsi baxımından qiymətli materiallar aşkar edilib. Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyevin sözlərinə görə, qazıntılar Mədəniyyət və Turizm Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında aparılır: “Son qazıntıların nəticələri olaraq şəhər istehkamlarının öyrənilməsi, şəhər abadlığı, monumental memarlıq və yaşayış evlərinin tədqiqinə dair böyük uğurlar əldə edilib. Burada aşkarlanan maraqlı tapıntılar sırasında XI-XII əsrlərə aid olan və monqol işğalına qədər fəaliyyət göstərmiş paralel qoşa divarların, iç qala divarında şəhərin şərq darvazalarının və qəsr divarları ilə əhatə olunmuş monumental tikilinin üzə çıxarılmasını göstərmək olar”.
Qeyd edək ki, bu yaxınlarda Gəncə ərazisində də dörd qədim qəbiristanlıq aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin direktor müavini Samir Pişnamazzadənin açıqlamasına görə, şəhərin tarixi yerdəyişmələrindən əvvəlki ərazidə – hazırkı Zurnabad kəndi yaxınlığında başlanan araşdırmalar zamanı 4 qədim məzarlıq aşkar edilib. Məlum olub ki, Zurnabad, Gədəmiş, Çıraqlı və Dəstəfur kəndlərində mövcud olan qəbiristanlıqlar azı 4 min il əvvəl şəhər əhalisi tərəfindən salınıb. Bu iddianı qəbirüstü yazılar, qəbirlərin inşaat materiallarının tərkibi və məzarlardan tapılan həmin dövrə aid bir neçə əşyalar təsdiq edir. Hazırda ərazidən tapılmış divar qalıqlarının üzərində tədqiqat aparılır.
S.ABDULLAYEVA
çap et