525.Az

İtaliyalı musiqiçi: “Mən Azərbaycanın vurğunuyam”


 

İtaliyalı musiqiçi: “Mən Azərbaycanın vurğunuyam”<b style="color:red"></b>

Azərbaycanın böyük klassiklərindən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və digər görkəmli bəstəkarlarınızın əsərləri ilə tanışam. Onlar Azərbaycanın operasını və klassik musiqisinin bənzərsiz inciləridir və bəzilərini ifa etmişəm.

Bu sözləri italyan maestro violonçel ustası Pierluici Rucciero AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində deyib.

Azərbaycanın tarixi və adət-ənənələri haqqında məlumatlı olduğunu söyləyən maestro ölkəmizin müstəqillik qazandıqdan sonra əldə etdiyi inkişaf və tərəqqidən danışıb. “Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir. Azərbaycan bir çox aspektlərdən Avropaya yaxın bir ölkədir. Bu yaxınlığın tarixi və mədəni səbəbləri var. Belə ki, ölkəniz Avropa Şurasının üzvüdür. Ölkənizin tarixinə, adət-ənənələrinə, milli musiqisinə marağım və həvəsim olduğu üçün Azərbaycan məni həmişə özünə cəlb edib”, - deyə Pierluici Rucciero vurğulayıb.

Azərbaycanın musiqisi və muğamı haqqında fikirlərini bölüşən violonçel ustası deyib: “Bənzərsiz musiqi janrı olan muğam UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunub. Təbii ki, məni muğamın ecazkar melodiyaları və improvizasiyaları valeh edir. 2015-ci ildə Bakıda Beynəlxalq Muğam Mərkəzində violonçeldə “Sarı gəlin” xalq mahnısını ifa etmək şərəfinə nail oldum. Azərbaycanın İtaliyadakı səfirliyi ilə reallaşdırdığımız ortaq layihələr çərçivəsində ölkənizin musiqi tarixi haqqında məlumatlarımı dərinləşdirdiyimi xüsusən qeyd etmək istərdim. 2014-cü ildən başlayaraq mənə Azərbaycanın görkəmli və istedadlı sənətkarlar ilə əməkdaşlıq etmək nəsib olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qonaq kimi dəvət edilərək paytaxtınızın musiqi gerçəkliyi ilə daha yaxından tanış olmuşam”.

Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil edilmiş mədəni tədbirlərin kifayət qədər peşəkar səviyyədə hazırlandığını söyləyən musiqiçi 2016-2018-ci illərdə keçirilmiş üç mötəbər tədbirin təşkilindən zövq aldığını söyləyib. Bildirib ki, Bakı Musiqi Akademiyası ilə Florensiya Konservatoriyası arasında əldə etdiyi üçillik əməkdaşlıqdan olduqca qürur duyur.

O deyib: “2016-cı ilin oktyabrında Romada Azərbaycan səfirliyinin təşkili ilə “Kançellariya” sarayında keçirilən konsertimizin müvəffəqiyyəti gözlənildiyindən də artıq oldu. 2017-ci ilin fevralında Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa təşkil etdim. Bu il oktyabrın 14-də isə İtaliya Respublikası Prezidentinin Kuirinale sarayının “Kapella Paolina” zalında Azərbaycan, italyan və macar musiqiçilərindən ibarət konsert proqramı təqdim olundu”.

Azərbaycanda konsert proqramı ilə çıxış etmək arzusunda olduğunu söyləyən Pierluici Rucciero təəssüflə bildirib ki, Bakıda və ölkəmizin digər şəhərlərində az çıxış edib: “Mən Azərbaycanın vurğunuyam və inanıram ki, bu gözəl ölkədə tezliklə geniş konsert proqramları ilə çıxış edəcəyəm”.

 





23.12.2018    çap et  çap et