525.Az

Bakıda “Kəlağayı: dünən, bu gün, sabah” adlı sərgi


 

Bakıda “Kəlağayı: dünən, bu gün, sabah” adlı sərgi <b style="color:red"></b>

Dekabrın 20-də İçərişəhərdə yerləşən “Kiçik QalArt” qalereyasında “Milli irsimiz” layihəsinin kuratoru Əsli Səmədovanın təşəbbüsü ilə “Kəlağayı: dünən, bu gün, sabah” adlı sərgi təşkil edilib.

Açılış tədbirində sərgi ilə bağlı məlumat verilərək bildirilib ki, sərgi özündə Azərbaycan və xarici muzeylərdən və şəxsi kolleksiyalardan olan nadir materialları, muzey təcrübəsi sahəsində innovasiyaları birləşdirir. Sərginin əsas diqqət mərkəzində maarifləndirici və interaktiv komponentlər dayanır. Sərgidə ölkənin ən ucqar bölgələrindən toplanmış eksponatlar qismində, gənc kolleksionerlər Ruslan Hüseynov və Fuad Cəbrayılov tərəfindən qədim kəlağayılar təqdim edilir.

Qeyd edilib ki, ziyarətçilər ilk dəfə olaraq Gürcüstanın muzeylərindən təqdim edilmiş arxiv fotolarına tamaşa etməklə yanaşı, həmçinin, oyunlar oynayaraq Çinarə Məcidovanın müəllifi olduğu videomaterial vasitəsilə kəlağayı müxtəlif geyim üsullarını öyrənə biləcək və hətta seminara yazılmaqla özünün mini kəlağayısını hazırlamaq imkanı əldə edəcəklər.

Sərginin məsləhətçisi psixologiya üzrə fəlsəfə doktoru Rəna İbrahimbəyovadır. Basqaldakı Kəlağayı Muzeyindən sərgiyə kəlağayılar və nadir qəliblər (ştamplar) gətirilib. Qəlib kolleksiyası Milli Azərbaycan Tarix Muzeyindən təqdim edilmiş materiallarla tamamlanır.

Vurğulanıb ki, eksponatların hazırlanması bir neçə ay çəkən sərgiyə dair materiallar Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

Qeyd edək ki, sərgi ziyarətçilər üçün gələn il mayın 15-dək açıq olacaq.

 





23.12.2018    çap et  çap et