525.Az

Müstəqil Futbol Federasiyaları Konfederasiyasının qərarı etiraza səbəb oldu


 

DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI İŞĞAL OLUNMUŞ TORPAQLARDA KEÇİRİLMƏSİ PLANLAŞDIRDILAN TURNİRİN DƏRHAL LƏĞV OLUNMASINI TƏLƏB EDİR

Müstəqil Futbol Federasiyaları Konfederasiyasının qərarı etiraza səbəb oldu<b style="color:red"></b>

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (CONIFA) 2019-cu ilin iyun ayında Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "2019 Avropa Futbol Kuboku"nun keçirilməsinin qərara alınmasıyla bağlı dərin narahatlığını və hiddətini bildirib.

Bununla bağlı icma rəhbəri Tural Gəncəliyevin Müstəqil Futbol Federasiyalari Konfederasiyasının prezidenti Per-Anders Blində ünvanladığı məktubda məlum qərarla bağlı narahatlıq dilə gətirilib, Dağlıq Qarabağ azərbaycanlılarının etirazı ifadə olunub: "Mən sizə yazmaqla, sizin internet səhifənizdə dərc olunmuş məlumata əsasən, Müstəqil Futbol Federasiyaları Konfederasiyasının 2019-cu ilin iyun ayında Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "2019-cu il Avropa Futbol Kuboku"nun keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının dərin narahatlığını və hiddətini bildirmək istəyirəm".

Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalına səbəb olub: "Ermənistan işğal olunmuş ərazilərdə, o cümlədən, Dağlıq Qarabağda etnik təmizləmə siyasətini həyata keçirib. Bu siyasətin aparılması etnik təmizləmə ilə nəticələnib, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub. Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü Azərbaycanın müxtəlif bölgələrində 30 ildən çox müddət ərzində məcburi köçkün kimi yaşayır".

Vurğulanıb ki, CONIFA tərəfindən bu turnirin təşkili beynəlxalq hüquq normaları və prinsiplərini açıq şəkildə pozur, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların rəsmi mövqeyinə ziddir: "CONIFA tərəfindən bu təxribat aktı yalnız regional sülh və sabitliyə təhlükə yaratmır, həm də sülh prosesini və tərəflər arasında aparılan danışıqlara xələl gətirir".

Xatırladılıb ki, işğal olunmuş ərazilərdən azərbaycanlıları təmsil edən yalniz bir peşəkar klub - "Qarabağ" futbol klubu mövcuddur: "Hazırda, bu klub erməni qoşunlarının işğalı altında olan və tamamilə məhv edilmiş Ağdam şəhərindən uzaqda, Bakıda ev oyunlarını keçirir. Buna baxmayaraq, "Qarabağ" klubu Ağdamdan kənarda yaşamağa və oynamağa məcbur olunsa da, klub UEFA-nın Çempionlar Liqasının qrup mərhələsində iştirak edərək dünya səviyyəsində tanınıb. Burada biz CONIFA-nın hərəkətlərinin UEFA-nın qayda və qanunlarına tamamilə zidd olduğunu, Avropa və dünya idman ictimaiyyətinə hörmətsizlik göstərdiyini görürük. Bununla bağlı, planlaşdırdığınız turnirin zərərli xarakterdə olduğunu qəbul etməyə və sizi turniri dərhal ləğv etməyə çağırıram. Bu təxribatçı hərəkət Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni rejimi təşviq etməklə yanaşı, erməni hərbi işğalı ilə artıq dağıdılmış bölgədə separatizm və irredentizmi həvəsləndirir. Bu turniri müharibə bölgəsində təşkil etməklə, CONIFA və siz, onun prezidenti olaraq, turnirin iştirakçıları, xarici jurnalistlər və digər media nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməklə onların həyatına görə ciddi şəkildə məsuliyyət daşıyırsınız".

Əlavə edilib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ bölgəsini Azərbaycanın tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir: "Bu tələb Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları ilə təsdiqlənib".

C.ABASOV

 





25.12.2018    çap et  çap et