525.Az

Putin: "İlham Əliyev uzaqgörən siyasi xadimdir"


 

"İKİ ÖLKƏ BAŞÇILARI ARASINDA ETİMADA VƏ SƏMİMİ MÜNASİBƏTLƏRƏ SÖYKƏNƏN RUSİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİ BÜTÜN SAHƏLƏRİ ƏHATƏ EDƏN ƏMƏKDAŞLIĞIN PARLAQ NÜMUNƏSİDİR"

Putin: "İlham Əliyev uzaqgörən siyasi xadimdir"<b style="color:red"></b>

Bugünlərdə prezident İlham Əliyevin doğum günü ilə əlaqədar dünya liderləri öz təbriklərini çatdırırlar. Bu xüsusda Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısına ünvanladığı məktub və etdiyi zəng məzmun etibarilə diqqəti cəlb edir.

Təbrik məktubunda qeyd olunub ki, Prezident İlham Əliyev təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanıb.

Bildirilib ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Prezident İlham Əliyevin şəxsi töhfəsi əvəzsizdir: "Bizim aramızda yaranmış münasibətləri yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm".

Strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirən hər iki ölkə lideri arasında mövcud dostluq əlaqələri tərəflərin növbəti dialoqunda da özünü göstərib. Prezidentlər ötən dövrdə dövlətlərarası münasibətlərdə əldə olunan uğurlar, birgə əməkdaşlığın nəticələrini yüksək qiymətləndirib, qarşıdakı dövrdə əlaqələrin daha da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.

Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək.

Rusiya prezidentinin təbrik mesajlarını şərh edən politoloq Fikrət Sadıqov qeyd edib ki, 2018-ci ili birmənalı şəkildə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından məhsuldar adlandıra bilərik. O, SİA-ya bildirib ki, cari il ərzində iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan sənədlər bunu deməyə əsas verir.

F.Sadıqovun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma, iki ölkənin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsi təsadüfi deyil: "Hər iki ölkə eyni coğrafiyanı paylaşır, maraqlar hər iki ölkə üçün məqbuldur. Belə olan halda anlaşmaq da asan olur. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu səmimiyyəti ilə seçilirdi. Putinin İlham Əliyevi "uzaqgörən siyasi xadim" adlandırması ölkə başçımıza verilən böyük dəyərdir".

Rusiya Federasiyası Dövlət Dumasını deputatı Dmitri Savelyev isə qeyd edib ki, təcrübəli dövlət xadimi, nadir istedada malik siyasətçi olan İlham Əliyev günü-gündən Azərbaycanı inkişaf və tərəqqi yolu ilə aparmaqda davam edir. O, "Azərtac"a bildirib ki, İlham Əliyevlə Vladimir Putin arasında etimada və səmimi münasibətlərə söykənən Rusiya-Azərbaycan əlaqələri həyat fəaliyyətinin bütün sahələrini əhatə edən əməkdaşlığın parlaq nümunəsidir: "2018-ci ildə Vladimir Putin və İlham Əliyev danışıqlar aparmaq üçün bir neçə görüş keçiriblər. Bu görüşlərin Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının on illik yubileyinə təsadüf etməsi rəmzi məna daşıyır. Xalqlarımız hələ uzun müddət müasir dünyanın çağırışlarına qarşı eyni yolda çiyin-çiyinə addımlamalıdırlar. Dövlətlərimizin prezidentlərinin birlikdə açdıqları IX Bakı Regionlararası İqtisadi Forumu bunun bariz nümunəsidir".

D.Savelyev əmin olduğunu bildirib ki, İlham Əliyevin siyasətinin əsas məqsədi olan Azərbaycanın dinamik inkişafı ildən-ilə uğurla davam edəcək.

Rusiyalı deputat qeyd edib ki, dünyada yaranmış olduqca mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan həyatın bütün sahələrində yaddaqalan nailiyyətlər əldə edə bilib: "Çünki Prezident İlham Əliyev özünün uğurlu xarici və daxili siyasəti ilə milyonlarla azərbaycanlının arzularını reallığa çevirir".

D.Savelyev əlavə edib ki, Azərbaycanda sabitliyin mənbəyi xalqın hakimiyyətlə həmrəyliyidir. "Təsadüfi deyil ki, Azərbaycanda ilin ən mühüm hadisəsi prezident seçkiləri oldu. Bu seçkilərdə azərbaycanlılar öz liderlərinə etimad göstərərək ona səslərin 86 faizindən çoxunu verdilər. Əlamətdardır ki, prezident seçkiləri məhz 2018-ci ildə - ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Məclisin yüz illik yubileylərinin qeyd olunduğu vaxtda keçirildi. Bu, Rusiya parlamentinin nümayəndəsi kimi mənim üçün də xüsusi əhəmiyyət kəsb edir. Yüz il öncə müsəlman Şərqinin xalqlarına parlamentarizm yolu göstərən azərbaycanlılar demokratik dövlət yaradıblar. Bu gün də İlham Heydər oğlunun sayəsində respublika bir çox ölkələr üçün həqiqi demokratik dövlət örnəyidir və həmin yolda inamla addımlayır".

Ceyhun ABASOV

 





25.12.2018    çap et  çap et