525.Az

"Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək"


 

YENİ AZƏRBAYCAN PARTİYASI "MÖHTƏŞƏM QURUCULUQ. DÜNƏN, BU GÜN, SABAH" MÖVZUSUNDA KONFRANS KEÇİRİB

"Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək"<b style="color:red"></b>

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah" mövzusunda konfrans keçirilib.

Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, YAP-ın üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək deyib ki, ölkəmizin inkişafı mərhum Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. "Ötən 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb. Ölkəmizin siması əsaslı dərəcədə dəyişib. Bakı şəhərinin əsaslı surətdə yenilənməsi buna bariz nümunədir. Lakin bu inkişaf təkcə Bakı şəhəri ilə məhdudlaşmır, bütün bölgələrimizi əhatə edir. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə quruculuq işləri aparılır" - deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə çıxışında deyib ki, Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.

E.Əzizov qeyd edib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib. O, bildirib ki, Bakının Prezident İlham Əliyevin layihələrində daim böyük yeri olub. E.Əzizov vurğulayıb ki, görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub. İcra başçısı vurğulayıb ki, 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb. E.Əzizov qeyd edib ki, ötən illər ərzində Bakıda avtomobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb.

İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. Onun sözlərinə görə, 2005-ci ildə Bakıda 40-a yaxın hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb. Bakı keçmiş sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb. İcra başçısı bildirib ki, təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq. E.Əzizov vurğulayıb ki, 15 ildə Bakıda intensiv tikinti işləri aparılıb, bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artmaqdadır və bu, Bakının inkişafından xəbər verir. İcra başçısının bildirdiyinə görə, beynəlxalq agentliklərin reytinqinə əsasən, turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir. E.Əzizov qeyd edib ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır: "Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".

İqtisadiyyat naziri Şahin Mustafayev də çıxışında son 15 il ərzində aparılan islahatlardan və əldə edilən uğurlardan, inkişafdan bəhs edib. O bildirib ki,  təkcə 2018-ci il yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payı 52 faizə çatıb. Ş.Mustafayevin bildirdiyinə ki, son 15 il ərzində ölkədə 2 milyon yeni iş yeri yaradılıb ki, bunlardan 75 faizi regionların payına düşüb: "Sənaye parklarının 70-dən çox rezidenti tərəfindən ölkə iqtisadiyyatına beş milyard dollardan çox investisiya qoyulub. Ötən ilin yekunlarına əsasən ÜDM-də özəl sektorun payı 84 faiz, məşğulluqda 76 faiz təşkil edib. Son 15 il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 250 milyard dollara çatıb. Bu investisiyalardan yarısı xarici investisiyaların payına düşür". Nazirin sözlərinə görə, investisiyaların 60 faizdən çoxu qeyri-neft sektoruna yerləşdirilib: "Hesabat dövründə xarici ticarətin həcmi 5,3 dəfə, qeyri-neft ticarəti 4,1 dəfə artıb".

K. HƏMZƏOĞLU

 





25.12.2018    çap et  çap et