525.Az

“...Özüm qaldım qürbət eldə...”


 

“...Özüm qaldım qürbət eldə...”<b style="color:red"></b>

... Qatarla səyahət etmək hərdən faydalı olur. Bir neçə sutka tanımadığın insanlar arasında yol gedirsən. Əvvəlcə vaqonda tək olursan, ancaq tədricən sərnişinlərlə ünsiyyətə girirsən, özünə həmsöhbət tapırsan. Qatarda çox şey eşitmək və eşidiklərini düşünmək üçün də xeyli vaxtın olur.

...Tovuzdan olan ortayaşlı bir qadın söhbətə başladı:

– Evə gedirsən?

– Hə, imtahan sessiyasına gəlmişdim, indi vətənə qayıdıram, – cavab verdim və tələsik əlavə etdim, – iki həftədə valideynlərimdən ötrü bu qədər darıxacağımı heç düşünməzdim.

Həmsöhbətim çox həyatsevər, üzügülər bir qadın kimi görünməsinə baxmayaraq, mənim sözlərimdən sonra kədərləndi.

Marağım güc gəldi, növbəti sualı mən verməliydim:

– Bəs siz qonaq gedirsiniz?

– Atam rəhmətə gedib – göz yaşları yanaqlarından süzülməyə başladı,  astadan “Allah rəhmət eləsin” pıçıldadım. Sözünü kəsmək istəmədim, ona danışmağa imkan vermək lazım idi. – 5 il idi onu görmürdüm, xəbər verdilər ki, rəhmətə gedib. Dərhal getmək istədim, amma pulum olmadı, sonra borc götürdüm, onda da bilet tapılmadı. Allaha şükür, heç olmasa qırxına özümü çatdıracam.

Mənim 13 yaşım olanda bir dəfə atam işdən gəlib anamla nə barədəsə danışdı, sonra mənə yaxınlaşıb dedi ki, anamın yanından ayrılmayım və onu ağlamağa qoymayım. Başa düşmədim, niyə anam ağlamalıydı ki? Sonra qərara aldım ki, özüm ondan soruşum, ancaq onu tapa bilmədim. Onu küçədə dərddən bükülmüş halda, acı-acı ağlayan vəziyyətdə tapdım. Özümü itirdim. Evə qaçıb böyük bacımdan nə baş verdiyini soruşdum.

Qatardakı qadın 5 ildi atasını görmədiyini deyəndə yadıma düşdü ki, mənim anam da anasını 10 il görməyib. Bu müddət ərzində onlar hətta telefonla da danışmayıblar. Və anası qəfil dünyasını dəyişib. Anamda sovet pasportu idi, ona görə də o Vətənə qayıda bilmirdi. Bir ildən sonra isə anamın böyük qardaşı rəhmətə getdi. Ancaq bir ildən sonra anam pasportunu dəyişə bildi. Bir neçə il əvvəl atam anamın pasportunu götürərək Azərbaycana getdi ki, kiçik qardaşımı oradan öz pasportuna qeydiyyata aldırsın. Həmin ərəfədə anamın böyük bacısı qəfil dünyasını dəyişdi. Əgər həmin vaxt pasport atamın pencəyinin döş cibində yox, anamın öz əlində olsaydı, heç olmasa bacısının dəfninə çatardı....

İki həftəlik valideyn həsrəti haqqında yana –yana danışdığım o qadına demədim, deyə bilmədim ki, daha böyük dərd var: anasını 10 il görməyib sonra da onu həmişəlik itirmək kimi...

 





02.09.2013    çap et  çap et