525.Az

“İrəli” İctimai Birliyinin VI Hesabat-Seçki konfransı oldu


 

MİRHƏSƏN SEYİDOV NÖVBƏTİ DƏFƏ TƏŞKİLATA SƏDR SEÇİLDİ

“İrəli” İctimai Birliyinin VI Hesabat-Seçki konfransı oldu<b style="color:red"></b>

Dekabrın 25-də "İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçirilib.

Təşkilatdan verilən məlumata görə, “İrəli”nin təşkilat kimi fəaliyyətinin 10, hərəkat kimi isə 15 illiyinə həsr edilən konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə ictimai birliyin sədri Mirhəsən Seyidov çıxış edərək təşkilatın 2016-2018-ci illər ərzindəki fəaliyyətinə dair hesabat verib.

M.Seyidov bildirib ki, “İrəli” fəaliyyəti dövründə ölkə maraqlarını daim ön planda saxlayıb, gənclərə doğru istiqamət göstərməyə çalışıb: “Biz komanda olaraq ölkə gəncliyinin sağlam yetişməsinə, intellektual səviyyələrinin artırılmsına, onların nümunəvi şəxsiyyət olaraq formalaşmasına dəstək olmağa çalışırıq”.

Ötən dövr ərzində “İrəli”nin təkcə ölkə daxilində yox, həm də xaricdə bir sıra uğurlara imza atdığını deyən təşkilat sədri qeyd edib ki, komanda üzvləri bir sıra dövlətlərdə Azərbaycanı layiqli şəkildə təmsil edib, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırıblar.

Daha sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək təşkilatın bu müddət ərzində fəaliyyətini yüksək qiymətlənidirib. O qeyd edib ki, “İrəli” fəaliyyəti ərzində böyük işlər görüb: “Bu təşkilat dövlətin gənclər siyasətində özünəməxsus yer tutur. Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Bunun üçün qanunvericilik bazası da təkmilləşdirilib. Prezident İlham Əliyev ölkə gənclərinə daim diqqət və qayğı göstərib. Ölkədə vətənpərvər gənclik yetişib, liderlik qabiliyyəti olan gənclərin sayı artmaqdadır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır: “Ölkəmizdə aidiyyəti dövlət qurumları gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün lazımi dəstək göstərirlər”.

Hazırda Azərbaycanda yüzlərlə gənclər təşkilatının olduğunu deyən nazir müavini “İrəli” İctimai Birliyinin fəallığı ilə seçildiyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov Azərbaycanın gənclər sektorunda “İrəli”nin yeri və rolu haqda danışaraq, təşkilatın ötən illər ərzində qazandığı uğurları ilə diqqət mərkəzinə düşdüyünü deyib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov  da “İrəli”nin keçdiyi yola nəzər salıb, həyata keçirilən fəaliyyəti yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra səsvermə olub və M.Seyidov yenidən “İrəli” İctimai Birliyinin sədri seçilib. Səsvermə nəticəsində qurumun idarə heyətinin tərkibi də formalaşdırılıb.

Sonda M.Seyidov çıxış edərək dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin ideya və təşəbbüslərinin üzə çıxarılması və dəstəklənməsi işində bundan sonra səylə çalışacağını bildirib.

Konfransda ictimai birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunublar.

Tədbirdə “İrəli”nin  son 4 illik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim edilib.

Qeyd edək ki, "İrəli" 2003-cü ilin avqustun 26-da gənclər hərakatı kimi fəaliyyətə başlayıb. 5 illik fəaliyyətini arxada qoyduqdan sonra, 2008-ci ilin dekabrın 24-də “İrəli” dövlət qeydiyyatından keçərək ictimai birlik statusu alıb.

C.ABASOV

 





25.12.2018    çap et  çap et