525.Az

Aynanın qarşısına keç...


 

Aynanın qarşısına keç...<b style="color:red"></b>

Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi 

“Peşə xəstəliyi” deyilən bir ifadə var və bu xəstəliyin dərmanı həkimlərdədir. Mənim də peşə xəstəliyim var, amma mən peşəmin, yəni ədəbiyyatın xəstəsiyəm. Bu, əslində, ruhun, həssaslığın, mənəvi əzabların xəstəliyidir. Ədəbiyyatın çevrəsindən çıxmamaqdır, çıxa bilməməkdir... Bir çıxa bilsəm!.. O zaman “mənə yeni bir mən lazım”...

Birinci kursda oxuyurduq. Beşinci kursda Amaliya adlı bir gəncəli qız bizə dedi ki, indi, yəqin özünüzü xoşbəxt sayırsınız – ADU (indiki BDU), birinci kurs, filologiya...

Bu fakültə bədbəxt edəcək sizi... Həssas, duyğusal, romantik yetişdirəcək sizi... Sonra zaman-zaman bunu həyatımızda hiss etdik. Həyat və ədəbiyyat arasında gedib- gəlirəm. Ötən yazılarımızda bu barədə danışmışıq. Ona görə də buralardan yayınıb dünyaya baxdığım pəncərədən – ədəbi aləmdən həyata nəzər etməkdəyəm... Bu aləmdə şagirdlərimi axtarmayacağam, qoy onlar tətilin dadını çıxarsınlar. Mən gənc insanları, gəncliyi axtarıram...

 Qarabağda güzgüyə güzgü, pəncərəyə də pəncərə deyirlər. Bizdən Borçalıya qədər isə pəncərəyə də, güzgüyə də ayna deyirlər və aynada gördüyüm gəncləri bugünkü gəncliyə təqdim etmək fikrindəyəm. Bəlkə, örnək olmasa da, gərək oldu.

Hələ də inşa mövzuları  bu məzmunda  təqdim edilir:  “Ən çox sevdiyim ədəbi qəhrəman”, “hansı ədəbi qəhrəmana bənzəmək istərdim?” və s. başlıqlı inşalar hələ də orta məktəblərdə yer almaqdadır. Biz də buradan yola çıxaq və baxaq kimləri görəcəyik. Kimlərəsə  “ata sözü” söyləmək və ya yönləndirmək  fikrindən uzağam, çünki bəzən “ata sözləri”, ata nəsihətləri məni xəyal qırıqlığına uğradır, məsələn ana abidəmiz “Kitabi-Dədə Qorqud”a diqqət edək, bu bir az  “Dədə Qorqud” filmində  də əksini tapıb.

Mən Qazan xan obrazı ilə  fəxr edir, onunla qürur duyuram. Amma bəzi məqamlarda çaşmamaq mümkün deyil. Əslində, zaman etibarı ilə təəccüblü bir şey yoxdur...Amma...

Ümumi məzmun belədir.. “Qazan xan yerindən durmuşdu, doxsan yerdə çadır qurdurmuşdu.. Oğuz eli şənlik edirdi.. Qazan xan sağına baxdı, qardaşı Qaragünəni gördü, qas- qas güldü,çünki qardaşı baş kəsib, qan töküb.. Soluna baxdı, dayısı AlpAruzu gördü, qas-qas güldü, çünki o da baş kəsib,qan töküb, ad alıb.. Amma oğlu Uruzu (filmdə Tural) qarşısında görəndə ağladı. Çünki Uruz baş kəsməyib, göz çıxarmayıb, deməli, Qazan öləndən sonra özünün dediyi kimi, yurdunda oturmağa bir igid oğlu olmayacaq, düşmən sevinəcək...

Qazan xan oğlunun igidliyini baş kəsib, qan tökməkdə görür. Əslində, indiki vaxt olsa, Qazan xanı cinayətə təhrikdən tutub həbsxanaya salmışdılar...  Dastandakı bu məqamı indiki şəraitimizi nəzərə almaqla örnək vermək  mümkündümü? Təsəvvür edin ki, müasir atalarımız oğluna deyə ki, sağa baxıram, Mübariz İbrahimovu görürəm, sevinirəm, çünki düşmən qanı töküb, bəs sən niyə durmusan? İndiki situasiyada inandırıcı görünməsə də... Ümumiyyətlə, bizim camaat ölüb-öldürmək xəstəsidir. Qadınlarımız da  bəzən belə düşünür. Diqqət edin: adlı- sanlı, yardımsevən bir kişi rəhmətə getmişdi. Qohum qadınlar yasda belə ağlayırdı: “Yumruğu ilə baş yaran, barmağı ilə göz çıxaran, yeriyənə yol verməyən, pul qazanana macal verməyən, saydığını sayan, saymadığına yan verən, Dağıstanın açarı, Gürcüstanın  qızılı, uzağa bir barmaq kağız, yaxına bir kəlmə sözlü filankəs lay-lay!” Adam  az qalırdı desin ki, anam-bacım, etməyin-eyləməyin, sizin ağladığınız xaç atası Karleonidi, bu isə filankəs dayıdır.Yox! Bizim qadınlar yaxşı kişini  məhz belə təqdim etməyi xoşlayırlar.. Nə isə..

Aynada başqa bir ata və başqa bir gənc görünür.  Balzak  “Qorio ata”: “Ejen İtalyan bulvarından Nev-Sent-Jenevyev küçəsinə qədər piyada getdi: O, gözəl xəyallar içində çırpınırdı. O, ümumi maddi mənafeyinin mürəkkəb mexanizmində bir çarxdan yapışaraq  üst qata çıxmaq lazım gəldiyini anlayırdı... Onun fikirləri hələ pənbə buludlar kimi üfüqdə üzürdü.. İnsanlar öz vicdanları ilə bu cür sazişlərə düçar olurlar.., bu da yüksək cəmiyyətdə dolaşan bir şöhrətpərəstin bir tərəfdən xarici ədəb qaydalarına  riayət etmək və o biri tərəfdən eyni zamanda öz məqsədinə nail olmaq üçün şərdən yaxa qurtarmaq məqsədi ilə öz vicdanını dolanbac yollarla aparır...”

 Romandan aldığımız bu parça Paris mühitinə (oxu: Bakı mühitinə – B. İ) düşmüş tələbə  oğlanın – Ejen Rastinyakın nəyin bahasına olur-olsun, fransız  kübar aləminə qatılmaq istəyindən doğan düşüncələridir.

Başqa bir gənc, başqa bir tələbə – Raskolnikov (Dostoyevski “Cinayət və cəza”). Bəs, bu gənc nə düşünür? Əvvəllər  – çox-çox əvvəllər  onu  bir məsələ maraqlandırırdı;  niyə axı az qala bütün cinayətlərin üstü belə asanlıqla açılır?  Raskolnikovun fikrincə, bunun əsas səbəbi cinayəti maddi cəhətdən gizlətməyin mümkün olmamasından daha artıq, caninin özündədir, cinayət işlərkən caninin, bəlkə də, bütün canilərin  iradə və idrakları son dərəcə zəifləyir. Raskolnikovun əqidəsincə, idrakın bu cür dumanlanması, iradənin zəifləməsi adamı bir xəstəlik kimi tutur, get-gedə artır, cinayət işlənmədən bir az əvvəl ən yüksək dərəcəsinə çatır.. Belə bir sual meydana çıxır: Xəstəlikmi cinayəti törədir, ya cinayət özü öz təbiətinə görə həmişə  bir növ xəstəliklə yanaşı meydana gəlir? O cumub baltanı taxtın altından çəkib götürdü... düşündü. Ağıl kömək eləməsə, şeytan kömək edər! Bu hadisə onu son dərəcə ruhlandırdı. Bu yaxınlarda “Xəbərlər”də deyilirdi: “Gənc kirayənişin oğlan ev sahibini bıçaqlayıb” Raskolnikov kimi  “ruhlanan” gənclər bu aynada özlərini görürdülərmi?

Ədəbiyyatın aynasında acınacaqlı daha bir mənzərə görünür və bu gün qocalar evindən görüntülərə baxandan qəhr olursan! Övladlarının şəfqətindən məhrum olan bu  məhzun və məzlum ata və anaların son günlərini kənardan seyr edən övladlar qəhr olsun!

Qorio ata: “Ürəyimizi dərindən görən və niyyətimizə görə bizə qiymət verən Allah hər birimizi yaxşı tanıdığı kimi, mən də öz uşaqlarımın qəlbinə yaxşı bələdəm. Qızlarımın hər ikisi mənə mehribandır. Mənim yaxşı kürəkənlərim olsaydı, tamamilə xoşbəxt olardım. Ah, mən onlarla yaşaya bilsəydim! Yalnız onların səsini eşidə bilsəydim, onları yenə həmişə öz yanımda görsəydim, ürəyim şadlığından oynardı!”

Yazıq Qorio ata! Qızları heç dəfninə belə gəlmədilər. Ata isə qızlarının saçını qoyduğu medalyonu özü ilə apardı. Qızlar atalarına göz yaşlarını da qıymadılar.

Aynadakı başqa bir üzə baxın. Kafka “Çevrilmə”də: “Bir səhər gecənin narahat   yuxusundan ayrılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca xain bir həşərata çevrilib. Bir  az  da yatmaq və bu həngaməni unutmaq yaxşı olardı, – deyə Qreqor fikirləşdi. Lakin bu, mümkün deyildi. O, sağ böyrü üstə yatmağa adət etmişdi, indiki halında isə həmin vəziyyətə qayıtmaq müşkül məsələ idi. Yaxşısı elə yataqda qalmaqdı...”

 Yeri gəlmişkən, bu əsəri oxuyandan sonra uzun müddət çimçəşdim, səhərlər əl-ayağımı  yoxlayırdım. Bəlkə, Kafkanın nəhəngliyi elə bu hissləri yaratmaqdır. Bəlkə də, Maks Brod haqlı idi: Necə oldusa, bu eybəcər “kafkasayağılığı” dəbə mindirdilər.

 “Kafka ölümündən əvvəl ən yaxın dostu Maks Broda əsərlərini məhv etməyi tapşırıbmış” (“Üst   insana gedən yol” tərcümə toplusu). Bəlkə də, bunu deməklə, mənim kimi oxucuları nəzərdə tutubmuş?

Yeri gəlmişkən, bu yaxınlarda “Üst insana gedən yol”  toplusundan Namiq Hüseynlinin  Frans Kafkadan elədiyi “Oxuyan gitaralar” tərcüməsini oxudum. Kafka: “İnsanın iki əsas qüsuru var, yerdə qalanlar bunlardan törəmədir, səbirsizlik və tənbəllik. Səbirsiz olduqları  üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün oraya qayıda bilmirlər. Amma, bəlkə də, əsas bir qüsurları var, o da səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbirsizliyə görə də geri qayıda bilmirlər”.

Kafkanın Qreqor Zamzasının  da yeknəsəq bir həyatı olub, ömrünü vağzal cədvəlləri kimi quraşdırmış və nəhayətdə heç doğma ata-anasına, bacısına belə lazım olmadan  süpürülüb atıldı...

Başqa bir  gənci də tapdım. Epistolyar ədəbiyyatdan, yəni öz məktubumdan. Bu, 20 Yanvar şəhidi Ülvi Bünyadzadədir. Hamımıza tanış olan məktubunu, əslində özünü xatırlayaq: “...bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman  unutmayacağam. Azərbaycanın  adını müqəddəs tutacaq, öz azərbaycanlı varlığıma, vicdanıma, məskənimə, damarlarımdan axan azərbaycanlı qanına layiq oğul olaraq qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, azərbaycanlı  “Mən”imi təsdiq edəcəyəm...” Şərhə ehtiyac yoxdur!

Bir gənc daha var. Mən bu gəncə heyranam. Ədəbi qəhrəman deyil. Tanıdığımız gəncdir. Çağdaş Azərbaycan gəncidir. Bir zamanlar Əli bəy Hüseynzadə yazırdı: “Millətin inkişafı və dirçəlişi üçün  “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” yeni insan formalaşdırmalıyıq. Bu gənc elə Ə. Hüseynzadənin arzuladığı gəncdir. Bu, Tale Heydərovdur. Əslində, onun adını çəkməyə məni vadar edən Eduard Limonovun ‘Tərcümə toplusu”ndan oxuduğum “Major balalar” yazısı oldu. Kimdir, bu “major balalar?” Böyük vəzifəli, adlı- sanlı, varlı-hallı insanların ətli-canlı, tosqun, eyni zamanda əyləncə sevən balaları...

T.Heydərov “major balaları”  deyil. O, əsl Azərbaycan balasıdır. Bu gəncə diqqət edin, üzündən ləyaqət yağır, gözlərində bir şəfqət, bir ağıl var. Nə olsun ki, atası yüksək vəzifə tutur? Söhbət başqa şeydən gedir. Mən burada Nizaminin  “İsgəndərnamə” əsərindəki bir epizodu sizlərə xatırladım. İskəndərin və Ərəstunun (Aristotelin)  müəllimi  Niqumaç uşaqları qarşısında oturdub belə nəsihət edir:


Qılıncdan kəskindir gözəl məsləhət,
Səndə dövlət vardır, onda da hünər,
Hünərlə dövlət bir çəkiyə girər.
Hər yerdə hünərə verilmiş qiymət,
O yerdə gün-gündən ucalmış dövlət.

Bəli, bu gənc də bütün imkanlarını birləşdirib vətəndən uzaqlarda vətəni göylərə qaldırır. O bir zəka sahibidir və fəxr etməyə dəyər. Hətta  qərara almışam ki,  onu məktəbimizə – şagirdlərlə  görüşə çağıram. Biz niyə ancaq yer qazanı, yük daşıyanı görüşə çağırmalıyıq? İnanın, şagirdlərimin gözündə dünyanın mənzərəsi dəyişər. Görərlər ki, bu gənc “major bala” deyil, elə onlardan biridir... Və inanıram ki, o, dəvətimizi qəbul edər, görüşə gələr. O, gələr!

... Bu yazımdakı gənclərin heç birini örnək olsun deyə xatırlamadıq. Sadəcə, bugünkü gənclərə “aynada” fərqli üz sahiblərini göstərdim...

Gənclər, aynanın qarşısına keçin və adam kimi adam olun...

 





02.09.2013    çap et  çap et