525.Az

Prezident: "2019-cu il Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər"


 

"AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN İSTƏNİLƏN YOLLA BƏRPASI BİZİM SUVEREN HÜQUQUMUZDUR"

Prezident: "2019-cu il Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər"<b style="color:red"></b>

2018-ci ilin sonları daha 1000 məcburi köçkün ailəsinin mənzil-məişət probleminin həlli ilə əlamətdar olub.
 
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Abşeron rayonunda salınmış yeni yaşayış kompleksi Ermənistanın Azərbaycana qarşı başlatdığı işğalçılıq siyasətinin - Qarabağ müharibəsinin fəsadlarından əziyyət çəkən bir qrup məcburi köçkün ailəsinin istifadəsinə verilib. Bununla dövlət başçısının vəd etdiyi kimi, 5700-dən çox ailə - təxminən 25 min insan evllə, mənzillə təmin olunur. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı çıxışı zamanı qeyd etmişdi ki, cari ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi ev və ya mənzillə təmin olunub: "İlin sonuna qədər əlavə 2800 ailə evlə, mənzillə təmin ediləcək... Belə olan halda, ilin sonuna qədər evlə, mənzilə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq".

2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir.

Əlbəttə ki, 1 milyondan artıq azərbaycanlının ötən əsrin 90-cı illərində üzləşdiyi humanitar fəlakətin qarşısının alınması üçün həyata keçirilən siyasətlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması məsələsi dövlətin diqqət mərkəzində duran, paralel şəkildə davam etdirilən başlıca fəaliyyət istiqamətidir. Bu xüsusda, uzun illər ərzində işğalçı tərəfinin qeyri-konstruktivliyi, mütəmadi hərbi təribatlara əl atması ilə danışıqların dayandırılması, münaqişənin yenidən hərbi mütəviyə qayıtması nəticəsində baş verən 2016-cı ilin Aprel döyüşlərini, 2018-ci ilin Naxçıvan əməliyyatını qeyd etmək lazımdır. Azərbaycan ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələr nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndi və Şərurun Günnüt kəndində təhlükəsizlik tam təmin olunub, bununla işğal olunmuş torpaqlara, o cümlədən, Qarabağa qayıdışın əsası qoyulub, məcburi köçkünlər uzun illərdən sonra kəndlərinə qayıdıb, doğmalarının qəbrlərini ziyarət edə biliblər.

Dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Ermənistanın işğalçılıq siyasəti düşməni ağır vəziyyətdə qoyub: "Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində - iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çöküb. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir. Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir".

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb: "Xüsusilə Aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən öz ordusu haqqında yaradılan mif tamamilə darmadağın edilib. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynayıb".

Prezident qeyd edib ki, 2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər: "Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mənim bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir".

"Bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur", -deyə dövlət başçısı vurğulayıb.

Prezidentin çıxışını şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət rəhbərləri səviyyəsində intensiv danışıq raundu başlanacaq. O, SİA-ya bildirib ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalı altında qalmasına razı olmayacaq: "Əslində, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar bu il başlanıb nəticə verməli idi. Lakin Ermənistanda hakimiyyət dəyişikliyi bu prosesi ləngitdi. Artıq ermənilər anlayır ki, onların qaçmağa yerləri qalmayıb və masa arxasında hansısa qərarların verilməsi qaçılmazdır".

R.Musabəyovun fikrincə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində verilən sülh qərarından boyun qaçırarsa, o zaman Azərbaycan digər üsullara əl atmaq məcburiyyətində qalacaq: "Təbii ki, burada məsuliyyət Ermənistanın üzərinə düşəcək. Artıq Ermənistanın bəhanə axtarması üçün heç bir əsası yoxdur. Nikol Paşinyana parlamentin 70 faizi səs verib. Belə olan halda, Ermənistanın baş naziri özünü məsuliyyətli aparmağa məcburdur. Əgər ermənilər buna qadir deyilsə, o zaman Azərbaycan digər imkanlardan istifadə etmək üçün azad olacaq".

"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev isə bildirib ki, Ermənistan iqtisadi, siyasi və hərbi cəhətdən tənəzzülə uğrayır: "Artıq işğal ölkə rəhbərliyi bunu anlamaq məcburiyyətindədir".

A.Nağıyevin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin rəhbərləri Ermənistanı konstruktivliyə çağırır, bu istiqamətdə tövsiyələr edirlər: "Prezident İlham Əliyev Abşeron rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılış mərasimindəki çıxışında bu məqama toxunub. Dövlət başçısı bildirib ki, Ermənistanda baş verənlərin əsas səbəbi ədalətsizlik və özbaşınalıqdır. Bu ölkədə iqtisadi vəziyyət yalnız Azərbaycanla münasibətlərin normallaşmasından sonra düzələ bilər".

Siyasi şərhçi hesab edir ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kuliminasiya nöqtəsi olmalıdır: "Azərbaycan prezidenti də öz nitqində bu məsələyə toxunaraq bir daha bəyan edib ki, Ermənistan problemin həllinə dair addım atmalıdır. Əks halda, bu ölkə indikindən də ağır vəziyyətə düşə bilər".

Ceyhun ABASOV

 





26.12.2018    çap et  çap et