525.Az

İlahiyyat İnstitutunda ərəb dilinin öyrənilməsi yolları müzakirə olundu


 

İlahiyyat İnstitutunda ərəb dilinin öyrənilməsi yolları müzakirə olundu<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ərəb dilini birlikdə öyrənək” mövzusunda təlim keçirilib.

İnstitutdan verilən məlumata görə, Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, İnstitutda tələbələrin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə təlimlər, görüşlər, konfranslar keçirilir.

İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri uğrunda çalışmalı, Vətənin, millətin mənafeyi naminə addımlar atmalıdırlar. Aİİ-də tələbələrin dil bilgilərinə yiyələnmələrinə xüsusi önəm verildiyini qeyd edən İ.Əlimuradov bu məqsədlə bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Dillər Universitetinin baş müəllimi Ülviyyə Hüseynova qeyd edib ki, beynəlxalq sənədlərin qeydə alındığı rəsmi dil kimi, ərəb dili BMT dillərinə əlavə edildikdən sonra, onun öyrənilməsinə tələbat artıb.

O bildirib ki, qədim əlyazmaların araşdırılması, islam dininin tədqiqi baxımından ərəbdilli mütəxəssislərə ehtiyac var.

Ərəb dilinin tədrisi və öyrənilməsi baxımından bir sıra məsələlərə toxunan Ü.Hüseynova vurğulayıb ki, bu dilə mükəmməl yiyələnmək üçün ətrafımızda buna uyğun mühit yaratmalıyıq:

"Dilin özünü asanlaşdırmaq, onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq, qarşılaşdığı çətinlikləri aradan qaldırmaq vacibdir".

Təlim zamanı ərəb tələbələr Azərbaycan dilini necə öyrəndikləri barədə gəncləri məlumatlandırıblar.

Təlim suallar ətrafında müzakirələrlə davam edib.

 





27.12.2018    çap et  çap et