525.Az

"Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır"


 

DÖVLƏT BAŞÇISI MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ İLƏ KEÇİRDİYİ GÖRÜŞDƏ AZƏRBAYCANIN İŞĞALLA BARIŞMAYACAĞINI NÖVBƏTİ DƏFƏ DÜNYA İCTİMAİYYƏTİNİN DİQQƏTİNƏ ÇATDIRDI

"Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, dekabrın 24-də Abşeron rayonunda 1000 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istismara verilib.

Dövlət başçısı İlham Əliyev kompleksin açılış mərasimində iştirak edib, yeni mənzillərlə təmin olunanan məcburi köçkün ailələri ilə görüşüb.

Prezident çıxışında son dövrlər qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb, bugünədək 54 min qaçqın və məcburi köçkün ailəsinin fərdi yayayış evləri, mənzillərlə təmin olunduğunu, onların məşğulluğunun təmin edilməsi istiqamətində müvafiq addımların atıldığını bildirib. Bütün bu proseslərin ardıcıl şəkildə aparıldığını qeyd edən, gələn il də bu istiqamətdə görüləcək işlərlə bağlı əvvəlki illərdən daha çox miqdarda vəsaitin ayrıldığını diqqətə çatdıran ölkə rəhbəri nəticə etibarilə məsələnin müvəqqəti xarakter daşıdığını vurğulayıb, torpaqlarımızın gec-tez düşmən tapdağından azad ediləcəyinə, öz yurdlarından didərgin düşən ailələrin doğma el-obalarına qayıdacağına əminliyini ifadə edib.

Prezident bildirib ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti düşməni ağır vəziyyətdə qoyub: "Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində - iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çöküb. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir. Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir".

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb: "Xüsusilə, Aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən öz ordusu haqqında yaradılan mif tamamilə darmadağın edilib. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynayıb".

Prezident qeyd edib ki, 2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər: "Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mənim bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir... Bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur".

Prezidentin çıxışını "525"ə şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin Abşeron rayonunda məcburi köçkün ailələri üçün tikilmiş yeni yaşayış kompleksinin açılış mərasimindəki çıxışı bir daha göstərib ki, Azərbaycan dövləti ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin işğalı altında qalması faktı ilə qətiyyən barışmayacaq və torpaqlarımızı necə olursa-olsun işğalçılardan azad edəcək.

Deputat hesab edir ki, bunun yolu dövlətimizin daha da güclü olmasından və təbii sabitliyin davam etməsindən keçir. O əlavə edib ki, işğaldan azad ediləcək ərazilərdə dövlətimiz vətəndaşlarımız üçün bütün əlverişli şəraiti yaradacaq.

Deputat Bəxtiyar Əliyev isə qeyd edib ki, Azərbaycanda məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olub. O, "Trend"ə bildirib ki, növbəti dəfə Prezident İlham Əliyev yeni il ərəfəsində məcburi köçkünlərlə görüşüb: "İlham Əliyev doğum gününü məcburi köçkünlərlə bir yerdə keçirib və göstərib ki, bu xoş günündə də məcburi köçkünlərlə bir yerdədir, onların problemlərinin həllinə diqqətlə yanaşır".

B.Əliyev vurğulayıb ki, ən müasir tələblərə cavab verən evlər tikilir və məcburi köçkünlərə verilir: "Bu, Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir. Mən ötən gün məcburi köçkün olan seçicilərimi qəbul etdim və qəbula gələn məcburi köçkünlər də prezidentin onlara göstərdiyi qayğıdan çox razı qaldıqlarını və hər an dövlət başçısının siyasətini dəstəklədiklərini və prezident ətrafında sıx birləşdiklərini bildiriblər".

Deputat qeyd edib ki, dövlət başçısı məcburi köçkünlərlə görüşündə bunların müvəqqəti olduğunu, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini, əmin yerlərdə daha gözəl şəhərlər, kəndlər salınacağını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarlını vurğulayıb: "Prezidentin bu nikbin və əsaslı çıxışı onun daxili və xarici siyasətinə söykənir. Azərbaycan bütün sahələrdə çox böyük uğurlar qazanıb və 2018-ci il işğal edilmiş torpaqların azad edilməsi iştiqamətində çox böyük irəliləyiş kimi qeyd oluna bilər".

B.Əliyev onu da əlavə edib ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görüb və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir: "Bütün bunlar ölkə prezidentinin böyük zəhmətinin və həyata keçirdiyi islahatların nəticəsidir".

Ceyhun ABASOV

 





27.12.2018    çap et  çap et