525.Az

Uğurlu və dinamik inkişaf ili: 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək


 

Uğurlu və dinamik inkişaf ili: <b style="color:red">2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək</b>

Azərbaycan prezidentinin “Rossiya 24” kanalına müsahibəsi böyük maraqla qarşılanıb.

Dövlət başçısı müsahibə zamanı 2018-ci ili qiymətləndirib, ölkəmizin il ərzində bütün sahələrdə əldə etdiyi uğurlardan söz açıb, region dövlətləri, o cümlədən, Rusiya ilə münasibətlərin çox sürətlə inkişaf etdiyini vurğulayıb.

İlham Əliyev 2019-cu ilin hədəflərinə də toxunub, Azərbaycanın gələn il daha da inkişaf edəcəyini, həyata keçirilən islahatların xeyli hissəsinin özünü 2019-cu ildə göstərəcəyini, ölkəmizin beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi üçün mühüm addımların atılacağını deyib.

Dövlət başçısı ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacağına ümid etdiyini bildirib.

Azərbaycan həqiqətən də ili böyük uğurlarla başa vurur. Buna əmin olmaq üçün təkcə rəqəmlərə nəzər salmaq kifayət edir. Belə ki, bu il Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya cəlb edilib, valyuta ehtiyatlarımız xarici borcdan 5 dəfə artıqdır. 2018-ci ildə 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub, on bir ayın yekunlarına görə Azərbaycanın qeyri-neft sənayesində 9 faizdən çox artım var. Bu il həm də orbitə üçüncü peykini buraxan Azərbaycan beynəlxalq kosmik klubun fəal üzvünə çevrilib.

Ölkəmiz həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət xətti ilə dünyada öz nüfuzunu daha da artırıb. Bu gün beynəlxalq aləm üçün vacib problemlərin həllində Azərbaycanın da mövqeyi nəzərə alınır, Bakı böyük güclərin görüş yerinə, ziddiyyətlərin həll olunduğu dialoq məkanına çevrilir. Əlbəttə ki, ölkəmiz ilk növbədə öz qonşuları, region dövlətləri ilə mehriban qonşuluq, etibarlı dostluq, çoxşaxəli münasibətlər qurulmasına üstünlük verir. Bu regionda heç vaxt olmadığı qədər sıx birlik qurulub. Burada isə əsas rolu Azərbaycan, Türkiyə, Rusiya oynayır. Bəzi qüvvələr bu birliyin sarsıdılmasına qarşı çıxsalar da, müəyyən təzyiqlər göstərsələr də, öz niyyətlərinə çata bilmirlər. Azərbaycanın dövlət başçısı bununla bağlı da müsahibəsində danışıb və deyib ki, Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb. İlham Əliyev bildirib ki, mətbuata Azərbaycanla bağlı yalançı təbliğat tullantılarının atılması şantaj və təzyiq göstərməyə cəhd edənlərin sevimli üsuludur. Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır

Bu il Rusiya ilə ikitərəfli əməkdaşlığının inkişafında da çox müsbət dinamika özünü büruzə verdi, dövlət başçıları arasında qarşılıqlı olaraq çoxsaylı görüşlər keçirildi. Bakı-Moskva münasibətlərinə Rusiya mətbuatı, televiziya kanalları da xüsusi yer ayırırlar. Son günlər isə Rusiya mətbuatının Azərbaycana artan marağı müşahidə olunur. Ölkəmiz, onun tarixi, adət-ənənələri, mətbəxi, bir sözlə, turizm potensialı barədə geniş məlumatlar verilir. Yeri gəlmişkən, bu məlumatlar rusiyalı turistlərin Azərbaycana cəlb edilməsində çox vacib rol oynayır.

Prezident İlham Əliyev də “Rossiya 24” kanalına müsahibəsində bu məqama toxunub bildirib ki,  rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur. Bu il ərzində 800 mindən çox rusiyalı Azərbaycana gəlib və özlərini evdəki kimi çox rahat hiss edirlər.

Əlbəttə ki, ölkələrimiz arasında bu cür münasibətlərin yaradılması Azərbaycan liderinin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.

Milli Məclisin deputatı Tahir Kərimli də hesab edir ki, bu il Azərbaycanın dünyada beynəlxalq əhəmiyyəti artıb və dövlət başçısı Rusiya kanalına müsahibəsində ilin  siyasi-iqtisadi yekunlarını çox məzmunlu şəkildə qiymətləndirib: "İqtisadi inkişaf, uğurlarla yanaşı, siyasi sahədə çox mühüm hadisələri qeyd etmək olar. Azərbaycanın qonşu dövlətlərlə beynəlxalq münasibətləri daha da möhkəmlənib. ABŞ ilə Rusiyanın qərargah rəislərinin görüşlərinə, beynəlxalq konfranslara ev sahibliyi edən  Bakı çox ciddi diplomatik uğurlar qazandı. Azərbaycan bu il tarixdə özünün ən böyük dövlət büdcəsini qəbul etdi. Həmçinin, ölkəmiz Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, kommunikasiya xətləri, logistika mərkəzləri baxımından öz əhəmiyyətini artırdı. Beləliklə, 2018-ci ildə baş verən bu hadisələr ciddi şəkildə xatirimizdə qaldı və bütün bunlar gələcək üçün yaxşı bazadır. Dövlət başçısının da vurğuladığı kimi, qarşıdakı il ölkəmiz üçün daha da uğurlu və yaddaqalan olacaq".

Millət vəkili Elman Məmmədov Azərbaycan-Rusiya münasibətlərinin inkişafına diqqət çəkib, əlavə  edib ki, Prezident İlham Əliyev “Rossiya 24” kanalına müsahibəsində bu məsələlərə daha ətraflı toxundu. Onun sözlərinə görə, Azərbaycan-Rusiya arasında münasibətlərin, əməkdaşlığın, tərəfdaşlığın daha da genişlənməsi, yaxınlaşması istiqamətində işlər davam etməkdədir. 2018-ci ilin iki ölkə arasında əməkdaşlıq üçün bundan öncəki illərlə müqayisədə daha uğurlu il olduğunu dilə gətirən deputatın sözlərinə görə, cari ildə Azərbaycan-Rusiya arasında çoxsaylı səfərlər, qarşılıqlı sənədlərin imzalanması, müəyyən proseslərə münasibətlər qonşu dövlətlər arasında əməkdaşlığın yüksələn xətlə inkişafının göstəricisidir: "Təbii ki, bu nailiyyətləri uğuru Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində əldə etmək mümkün olub. Lakin bu, işlərin yekunu deyil. Əlbəttə ki, iki ölkə arasında əməkdaşlığın daha da inkişafı baxımından qarşıda atılacaq addımlar var". E.Məmmədov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində söylədikləri ifadələri əməldə gerçəkləşdirməlidir:  “Rusiyanın münaqişənin həllində həlledici faktor olduğu danılmazdır. Belə olan halda, biz Rusiyadan işğalçı cırtdan dövlətə qarşı təsirini göstərməyini və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həll edilməsini gözləyirik. İnanırıq ki, Rusiya Azərbaycanla səmimi dostluğunu əməlində də sübut edəcək".

Politoloq Zaur Məmmədov bildirib ki, bu il Rusiya-Azərbaycan münasibətləri tarixdə heç vaxt olmayacaq dərəcədə inkişaf edib: "İl ərzində iki ölkə başçısı təkcə 6 dəfə rəsmi səfərlər vasitəsilə müxtəlif tədbirlərdə təmasda olublar. ABŞ-Azərbaycan münasibətləri də ilin sonunda tərpəniş dövrünü keçirdi. 2019-cu ildə Dağlıq Qarabağ məsələsində ABŞ tərəfindən Azərbaycana dəstək gələcək. Ümumilikdə, 2018-ci il Azərbaycan üçün düşərli oldu. Bunu həm iqtisadi, həm də geosiyasi baxımdan demək olar". Onun sözlərinə görə, bu ili xarakterizə edən hadisələr sırasında Bakı-Tiflis-Qars dəmiryolu xəttinin reallaşması, işə salınması, Azərbaycandan keçməklə Şimal-Cənub nəqliyyat dəhlizinin aktivləşməsidir: "Bütün bu proseslər Ermənistanı Cənubi Qafqazdan təcrid edən hadisələr siyahısına daxildir. 2018-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında bundan əvvəlki illərlə müqayisədə daha isti münasibətlərin bərqərar olmasını müşahidə etdik. İstər NATO, istərsə də Aİ ilə Brüsseldə və digər tədbirlərdəki görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verildi".

PƏRVANƏ

 





27.12.2018    çap et  çap et