525.Az

Prezident: "2018-ci il Azərbaycan üçün uğurlu il olub"


 

"ÖLKƏMİZİN İNAMLI, DAVAMLI, TƏHLÜKƏSİZ VƏ SABİT İNKİŞAFI BİZƏ ZİYAN VURMAQ İSTƏYƏNLƏRƏ ƏN YAXŞI CAVABDIR"

Prezident: "2018-ci il Azərbaycan üçün uğurlu il olub"<b style="color:red"></b>

Prezident İlham Əliyevin "Rossiya 24" televiziya kanalına 2018-ci ilin yekunları ilə bağlı geniş müsahibəsi verilən mesajlar və nikbin proqnozlarla diqqəti cəlb edir.

Dövlət başçısı müsahibədə cari il ərzində ölkədə bütün sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan yerli və beynəlxalq əhəmiyyətli layihələr, xarici siyasət uğurları barədə fikirlərini bildirib, növbəti təqvim ilinə Azərbaycanın daha güclü, hazırlıqlı şəkildə daxil olduğunu nitqində ifadə edib.

Prezident vurğulayıb ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub, ölkənin dinamik inkişafı davam edib: "Bütövlükdə il ölkəmiz üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir".

Cari ilin Azərbaycan üçün ikitərəfli formatda fəal keçdiyini deyən dövlət başçısı bildirib ki, dövr ərzində xeyli ikitərəfli görüşlər keçirilib, dövlətimiz beynəlxalq təşkilatlar daxilində fəal iştirak edib: "Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Gələn il sammit keçiriləcək və Azərbaycan gələn il bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək".

İlham Əliyev qeyd edib ki, daxili-siyasi proseslər nöqteyi-nəzərindən ölkə uğurla inkişaf edib: "Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox mühüm il olub. Demək kifayətdir ki, Dünya Bankının "Doing Business" hesablamalarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə ki, investisiya reytinqimizi yüksəldir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb. Fikrimcə, bu, tamamilə realdır. Bununla əlaqədar onu da deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar ki, 5 dəfə artıqdır. Yəni əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik. Yəni makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələləri həll etmişik. Bu il 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan, yəni, bizim cəmiyyətimizin daha çox ehtiyacı olan hissəsinin nümayəndələri üçün bu il ərzində kiçik şəhər tikilib. Mən bu siyahını davam etdirə də bilərəm, amma düşünürəm ki, dediklərim bizim inkişafın əsas istiqamətlərini səciyyələndirir".

Rusiya-Azərbaycan münasibətlərinin çox sürətlə inkişaf etdiyini deyən prezident qeyd edib ki, bu iki ölkə mehriban qonşu və etibarlı dostdur: "Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir. Mən prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən, mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşmışıq. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb. Mən şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları böyük həcmdə, yüz milyon dollarla Azərbaycanın mühüm sənaye layihələrini maliyyələşdirir. Bu, bizim münasibətlərin, həm də Azərbaycanın məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk".

Dövlət başçısı onu da bildirib ki, Azərbaycanın Avrasiya İttifaqı üzvü olan ölkələrin mütləq əksəriyyəti ilə sıx dostluq münasibətləri var: "Bizim Avrasiya İttifaqının üzvü olan ölkələrin mütləq əksəriyyəti ilə çox sıx dostluq, o cümlədən, ticari-iqtisadi sahədə münasibətlərimiz var. Bizim həmin ölkələrlə azad ticarət haqqında müqaviləmiz mövcuddur. Əlbəttə, bizim əsas ticari-iqtisadi tərəfdaşımız Rusiya Federasiyasıdır. Bizdə azad ticarət formatı da mövcuddur. Buna görə də biz əlbəttə ki, əməkdaşlıq potensialını gücləndirəcəyik. İndiki mərhələdə bu əməkdaşlıq daha çox ikitərəfli xarakter daşıyır, bəzən də üçtərəfli, amma daha geniş deyil. Gələn il hadisələrin necə davam edəcəyini və konkret nəticələri zaman göstərəcək. Amma əlbəttə ki, Qoşulmama Hərəkatının sədr ölkəsi kimi biz beynəlxalq arenada öz rolumuzu artıracağıq. Əlbəttə, çalışacağıq ki, Azərbaycanın tərəfdaşları olan ölkələr bizə necə dəstək göstərirlərsə, onlar da bizim tərəfimizdən eyni dəstəyi alsınlar".

Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdlərinin həmişə fiaskoya uğradığını deyən ölkə rəhbəri qeyd edib ki, Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır: "Bugünkü Azərbaycan dünyaya açıq olmaqla milli maraqlarını, identikliyini qorumağın nümunəsidir".

Prezident əminlikdə bildirib ki, 2019-cu ildə Azərbaycan daha da inkişaf edəcək: "Həyata keçirdiyimiz islahatların xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək... 2019-cu ildə Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi üçün mühüm addımlar atılacaq".

2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacağına ümid etdiyini deyən İlham Əliyev qeyd edib ki, Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir: "Bizim siyasətimiz sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib".

Dövlət başçısı hesab edir ki, Ermənistanın yeni rəhbərliyinin planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanmasından keçir.

Prezidentin səsləndirdiyi fikirləri, verdiyi mesajları şərh edən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, müasir Azərbaycan dövləti və onun siyasətinin müxtəlif aspektləri Rusiya auditoriyası üçün həmişə maraqlı olub. O, "Trend"ə bildirib ki, bu maraq daim artan dinamika üzrə inkişaf edib: "Bu mənada çoxmilyonlu Rusiya teleauditoriyasının Azərbaycan prezidentindən eşitdiklərinin maraqlı və gözlənilən olduğuna şübhə yoxdur. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət kursu əsasında əldə etdiyi böyük nəticələri və qarşıda dayanan mühüm iqtisadi, siyasi vəzifələri Rusiya ictimaiyyətinə və elitasına çatdırmaq üçün imkanlardan maksimum istifadə edə bilib. Dövlət başçısının Rusiya televiziyasına geniş müsahibəsi ölkəmizin tam olduğu kimi təqdimatı baxımından olduqca əhəmiyyətlidir. Rusiya tamaşaçılarına Azərbaycanla bağlı sistemli və məntiqli bir konsepsiya təqdim olunub. Rusiya cəmiyyəti Azərbaycanın bu günü və sabahkı yolu barədə malik olduğu təsəvvürlərini daha da təkmilləşdirib".

Baş redaktor əlavə edib ki, Rusiyanın Azərbaycana bundan sonra dövlət və ictimai səviyyədə münasibətinin dərinləşməsində bu bilgilərin böyük təsiri olacaq: "Azərbaycan prezidenti suallara cavab olaraq hər məsələyə öz məqamında toxunmaqla Rusiya cəmiyyətində hər kəsə istədiyini çatdırmaq və hər kəsdə baş qaldıran sualları cavablandırmaq vəzifəsini çox peşəkarlıqla yerinə yetirib. Fikrimcə, İlham Əliyevin müsahibəsini diqqətlə izləyən hər bir Azərbaycan təəssübkeşi bundan sonra Rusiyada Azərbaycana bədxah münasibət göstərənlər olacaqsa, onları zərəsizləşdirmək üçün kifayət qədər əks-arqumentlərlə silahlandırılıb".

A.Quliyev bildirib ki, prezidentin səsləndirdiyi fakt və izahlar Rusiya auditoriyasında Azərbaycanın dostlarını daha da gücləndirmək, bədxahların isə mövqeyini daha da sarsıtmaq gücündədir: "Bu istiqamətdə prezidentin çıxışının hələ daha böyük təsirlərinin şahidi olacağıq. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti, regional siyasətimiz, Ermənistanın dürüst yola qayıtmayacağı təqdirdə onun özünü və bütün regionu gözləyən yeni fəkakətlər, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilmək üçün planlaşdırdığı yeni işlər, islahatların 2019-cu ildə verəcəyi yeni nəticələr, mehriban dost və etibarlı qonşu kimi Rusiya ilə münasibətlərin davam etdiriləcəyi barədə dəqiq fikirləri ilə ölkələrimizdə ictimai-siyasi düşüncələr üçün əvəzsiz materiallar verib. Rusiya ictimaiyyəti üçün çox maraqlı bir fakt olub ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində yeniliklərin real olduğu barədə Rusiyanın dövlət xadimləri ilə Azərbaycan prezidentinin fikirləri tam üst-üstə düşür".

Baş redaktor vurğulayıb ki, narahat regionda daxili risk mənbələrinin kökünün, demək olar, kəsildiyinə bir daha əmin olan rus turistlər üçün Azərbaycanın bundan sonra daha cəlbedici olacağını xüsusi sübut etməyə ehtiyac qalmır: "Rusiya cəmiyyəti indi Azərbaycanla münasibətlərin dərinləşməsinin dönməz xarakter aldığına bir daha əmin olub və Rusiya-Azərbaycan tandeminin bütün regionumuzun rahat və davamlı inkişafı üçün həlledici olduğuna bir daha inandırılıb. Rusiya cəmiyyətinə Azərbaycanla bağlı yeni və dəyərli informasiyalar verilib. Rusiya ictimaiyyəti və siyasi dairələr üçün yeni və önəmli olub ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin mütləq əksəriyyəti ilə Ermənistandan daha sıx münasibətlərdədir, rus analitiklər üçün isə dəyərli olub ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin işində tranzit imkanları ilə fəal iştirak edən yeganə ölkədir. Rusiyada çox maraqla qarşılanacaq ki, bu gün Ermənistanda baş verən proseslər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu saxlamaq cəhdlərinin çox perspektivsiz olduğunu aydın ifadə edir".

A.Quliyevin fikrincə, Rusiya cəmiyyəti və siyasi elitası fərqinə varmaya bilməz ki, Rusiya-Azərbaycan dostluğu indiki yüksək həddə asanlıqla gəlib çatmayıb: "Bu yolda Azərbaycanı bir sıra avantüralara cəlb etmək cəhdləri olub ki, bunlar da məhz Azərbaycan prezidentinin təmkinli və düşüncəli diplomatiyası ilə iflasa uğradılıb. Prezident İlham Əliyevin xüsusilə Ermənistanın taleyinin nədən asılı olduğu barədə aydın ifadə etdiyi mətləblərin Rusiyadakı nisbətən açıq təfəkkürlə düşünə bilən erməni diaspor nümayəndələrinə təsir göstərəcəyini inamla söyləmək olar".

Ceyhun ABASOV

 





27.12.2018    çap et  çap et