525.Az

AMEA Naxçıvan Bölməsində ilin yekunları təhlil edildi


 

AMEA Naxçıvan Bölməsində ilin yekunları təhlil edildi <b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikanın hərtərəfli inkişafına elmi fəaliyyəti ilə layiqli töhfələr verən AMEA Naxçıvan Bölməsi 2018-ci ildə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlarda və elmi-təşkilati işlərdə bir sıra uğurlu nailiyyətlər əldə edib.

Bunu bölmədə cari ildə əməkdaşların 23 monoqrafiyası, 15 kitabı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 tezisi olmaqla 820 elmi əsərinin nəşr edilməsi faktı təsdiqləyir. Digər müsbət cəhət isə 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis olmaqla əsərlərdən167-si xaricdə işıq üzü görməsidir. Elmi məqalələrdən 48-i impaktfaktorlu (11-i TomsonReuters) jurnallarda çap edilib. Məqalələrin 99-u xaricdə olmaqla 498-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb ki, bu da ötən illə müqayisədə 25 əsər çoxdur. Bundan əlavə, tədqiqat dövründə 9 buklet tərtib edilib. Əgər nəzərə alsaq ki, 2017-ci ilin göstəricisi ilə müqayisədə bu il ümumilikdə 51 əsər çox çap olunub onda bölmə əməkdaşlarının elmi fəaliyyətini aydın görə bilərik.

Bütün bunlar Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan tədbirdə geniş təhlil olunub.

Əvvəlcə bölmənin elmi-tədqiqat müəssisələrinin cari ildəki nəşrlərdən ibarət sərgiyə baxış olub.

Sonra bölmənin sədri, akademik İsmayıl Hacıyev qurumun 2018-ci ildəki fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, hesabat ilində ölkə başçısının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sərəncam, qərar, tapşırıq və tövsiyələri bölmənin elmi-tədqiqat müəssisələrində yüksək səviyyədə icra olunub.

İsmayıl Hacıyev cari ildə Naxçıvanın tarixi, maddi-mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları və günəş sistemi cisimlərinin tədqiqinə həsr edilən tədqiqat işlərinin 23 şöbə və 8 laboratoriyada 2 akademik, 4 müxbir üzv, 6 elmlər doktoru, 49 fəlsəfə doktoru, 1 doktorant, 21 dissertant olmaqla yerinə yetirdiyini söyləyib.

Akademik hesabat ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında Plan işindən əlavə, bölmədə "Naxçıvan türbələri", "Naxçıvan imamzadələri", "Naxçıvan hamamları" və "Naxçıvan buzxanaları" kitabçaları, həmçinin, "Yengicə kəndində Şərq hamamı" (Azərbaycan və ingilis dillərində) bukleti, "Naxçıvanın məscid və ziyarətgahları" monoqrafiyası, "Qarabağlar Türbə Kompleksi" (üç dildə, Azərbaycan, rus və ingilis) və "Naxçıvan coğrafiyası" kitabının ikinci cildi hazırlanaraq nəşr edildiyini deyib. Diqqətə çatdırıb ki, əməkdaşlar "Naxçıvan" jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100, eləcə də1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan xüsusi nömrələrinin nəşrində iştirak edib. Tədqiqat dövründə tərtib edilən "Nemətullah Naxçıvani: taleyi və sənəti" və "Azərbaycanın ən qədim yallılarından biri: "Köçəri" məqalələr topluları çap olunub, "Naxçıvan tarixi mənbələrdə" və "Naxçıvanın duz dağı" kitabları isə çapa hazırlanıb.

Qurumun beynəlxalq əlaqələri və qrantlardan da söz açan İsmayıl Hacıyev bildirib ki, cari ildə bölmənin Batabat Astrofizika Rəsədxanasının www.ameanbbar. nakhchivan.az saytı istifadəyə verilib, Bölmənin Mərkəzi Elmi kitabxanasında müxtəlif elm sahələrinə aid 454 kitabın elektron variantı hazırlanıb.

Məruzə dinlənildikdən sonra akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri - Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Əliəddin Abbasov, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev çıxış edərək Naxçıvan Muxtar Respublikasında elm adamlarına göstərilən gündəlik diqqət və qayğıdan, yaradılan hərtərəfli şəraitdən söz açıblar. Tədbirdə, elmi fəaliyyətlərinə görə, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev və Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov "İlin alimi" fəxri adına layiq görülərək Fəxri Fərmanla təltif ediliblər.

 





27.12.2018    çap et  çap et