525.Az

Erməni ekspertlər həyəcan təbili çalır: İş yerlərinin bağlanması intiharları artıracaq


 

Erməni ekspertlər həyəcan təbili çalır: <b style="color:red">İş yerlərinin bağlanması intiharları artıracaq</b>

Ermənistanın yeni hökumətinin struktur dəyişiklikləri aparmaq, bəzi nazirlikləri ümumiyyətlə ləğv etmək planları ölkədə böyük etirazlara səbəb olub.

Ötən həftə bununla bağlı mədəniyyət, diaspor və digər nazirliklərin əməkdaşları etiraz aksiyaları keçiriblər, onlar hələ ki, gözləmə mövqeyindədirlər. Paşinyan ümumilikdə 17 nazirliyin sayını 12-dək azaltmağı nəzərdə tutub. Bu isə ölkədə onsuz da mövcud olan işsizliyin artmasına, əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Erməni ekspertlər də bununla bağlı həyəcan təbili çalırlar. Ekspert Serob Xaçatryan hesab edir ki, nazirliklərin sayının azaldılması ölkədə intiharların artmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, nazirliklərin optimallaşdırılmasını müdafiə edənlər bir qayda olaraq, digər ölkələrdən nümunələrə istinad edirlər və deyirlər ki, Ermənistan elə böyük ölkə deyil ki, çox sayda nazirliyə malik olsun. Xaçatryan əlavə edib ki, varlı və iri ölkələrdə nazirlərin rolu çox formaldır, çünki onların yaxşı qurulmuş sistemləri var:  "Ermənistanda sistem işləmir axı. Belə bir vəziyyətdə optimallaşdırmağa getmək çox təhlükəlidir və bu, peşəkar idarəetmə səviyyəsinin azalmasına gətirib çıxara bilər, çünki biz hələ müəyyən sahələrdə institutları qurmaq və inkişaf etdirməliyik".

Mədəniyyət Nazirliyinin ləğvi məsələsinə toxunan ekspert, bu qərarın qurumun pis işləməsi ilə əlaqədar olduğunu, əslində, onun müəyyən şəxslərin maraqlarına uyğun işlədiyini əlavə edib. Ekspertin fikrincə, əgər zəif işləyən insanlar varsa, onları ya işdən azad etmək, ya da Mədəniyyət Nazirliyinin yanaşmaları və iş üsulları dəyişdirmək lazım idi. Nazirliklərin azaldılmasının ən radikal yanaşma olduğunu deyən erməni ekspert, əmindir ki, insanların işdən ədalətli şəkildə çıxarılacaqlarına dair heç bir zəmanət yoxdur.

Bundan əlavə, Xaçatryan hesab edir ki, "pis mütəxəssislərin" işdən çıxarılması ölkədə artıq mövcud olan sosial vəziyyətin daha da ağırlaşmasına səbəb olacaq və həmin şəxslərin özünü qəsdə də gedə biləcəkləri istisna deyil.

Suriya, İraq erməniləri, repatriantları (geri dönənlər) Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Diaspor nazirliyinin ləğvinin əleyhinə olduqlarına dair müraciət hazırlayıb, onu baş nazir vəzifəsini icra edən Nikol Paşinyana təqdim edəcəklərini deyiblər.

Ermənistanın Respublika partiyasının üzvü Arpine Hovannisyan isə bildirib ki, yeni ildə insanları işsiz qoymaqla bizim "xalq yönümlü" hökumətimiz bir daha onun üçün doğru qərarların deyil, asan olanların əsas təşkil etdiyini təsdiqlədi: "Nazirlər Kabinetinə təqdim edilmiş rəsmi layihəyə görə, yalnız mədəniyyət və diaspor nazirlikləri deyil, idman, kənd təsərrüfatı və energetika nazirlikləri də optimallaşdırılacaq. Biz təşviqat kampaniyası zamanı məhz bu barədə danışırdıq. Ancaq təəssüf ki, insanların əksəriyyəti Nikol Paşinyana inandı, hansı ki, indi deyir ki, insanlar ona ixtisarların olacaqlarını bildikləri halda səs veriblər.

İnsanlar gələcək addımlarını planlaşdırmaq üçün perspektivdə onları nə gözlədikləri barədə məlumatlandırılmalıdırlar. Daha sonra mən dəyişikliklərin məzmununa dönəcəyəm.

P.S. Yeni il bayramından sonra Nazirlər Kabinetinin dövlət qulluqçuları üçün digər sürprizləri barədə məlumat verəcəyəm".

Digər respublikaçı Eduard Şarmazanov isə Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda baş vermiş hadisələri açıqlayıb və deyib ki, ilk dəfə olaraq, Diaspora nazirliyi bağlanacaq, artıq bizim Mədəniyyət nazirliyimiz də olmayacaq. Şarmazanov Paşinyanın uğursuzluqları kimi  Ermənistan KTMT baş katibi vəzifəsini itirilməsi, minlərlə vətəndaşın yeni ili işsiz statusu ilə qarşılayacağını da əlavə edib. Onun sözlərinə görə, dekabrın 9-da anti-demokratik seçkilər keçirilib: "Biz icma rəhbərlərinə qarşı təhdidlərlə dolu, qorxu və dözümsüzlük mühitində baş vermiş seçkiqabağı kampaniyaya şahidlik etdik. İndi Ermənistanda müxalifətin olmadığı bir parlament formalaşacaq".

Şarmazanov Ermənistan hakimiyyətinin xarici siyasət sahəsində də ciddi problemləri olduğunu əlavə edib: "Nikol Paşinyanın "masa tostları" səviyyəsində verdiyi vədlərə, hər şeyin yaxşı olduğunu və Ermənistanın KTMT baş katibi vəzifəsini müddət bitənə qədər saxlayacağını söyləməsinə baxmayaraq, Ermənistan baş katib vəzifəsini itirdi və bu, bir faktdır".

O qeyd edib ki, hər şey, həmçinin,  Ermənistan-Rusiya münasibətləri də rəvan deyil: "İqtisadi vəziyyətlə əlaqədar da narahatlıq var, iqtisadiyyat durğunluq içindədir. Yeni ildən sonra minlərlə vətəndaş işsiz qalacaq. Faktiki olaraq bizim mədəniyyət, diaspora nazirliklərimiz olmayacaq, bu, çox təhlükəli bir siyasətdir. Elə bir sahə yoxdur ki, hazırkı hakimiyyət orada uğur qazansın. Mən yaxşı bir şey görmürəm: nazirliklər ixtisar edilir, işsizlərin sayı artmaqdadır, investisiyalar azalıb, biz KTMT baş katibinin vəzifəsini itiririk, Qarabağ münaqişəsinin həllində anlaşılmaz bir davranış var".

Ermənistan mətbuatı hökumətin tələsik qərarlar nəticəsində bütün dövlət idarəetmə sisteminin çökə bilməsindən ehtiyat edərək, struktur dəyişiklikləri məsələsinə hələ ki, gedə bilmədiyini də yazır: "Xüsusilə əmək və sosial məsələlər, səhiyyə nazirliklərinin birləşməsi ilə bağlı böyük narahatlıqlar var, çünki digər ölkələrin təcrübəsi bu cür sosial siyasətin hər zaman uğursuzluğa gətirib çıxardığını göstərir".

Qeyd edək ki, bağlanılması və ya digər qurumlara birləşdirilməsi gözlənilən qurumların əməkdaşları ötən həftə etiraz aksiyalar keçiriblər, onlar Paşinyana bu məsələ ilə bağlı bir neçə gün vaxt veriblər, həmçinin, onunla görüş tələb ediblər.

PƏRVANƏ

 





28.12.2018    çap et  çap et