525.Az

"Borçalı Cəmiyyəti" TÜRKSOY-un 25 illiyini qeyd etdi


 

"Borçalı Cəmiyyəti" TÜRKSOY-un 25 illiyini qeyd etdi<b style="color:red"></b>

Bakıda "Borçalı Cəmiyyəti" İctimai Birliyi 10-cu dəfə "Gürcüstan Türklərinin Həmrəylik Bayramı"nı keçirib.

Təşkilatdan verilən məlumata görə, builki tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 25 yaşına həsr edilib.

Mərasimdə Gürcüstan, Türkiyə, Cənubi Azərbaycandan olan ictimai-siyasi və elm xadimləri, sənətçilər, Ahıska türklərinin təmsilçiləri iştirak ediblər.

Tədbirin aparıcısı Rüfət Muradlının qısa çıxışından sonra "Borçalı Cəmiyyəti"nin fəaliyyətinə və TÜRKSOY-a həsr olunmuş videoçarxlar göstərilib.

Ahıska türklərinin "Vətən" Cəmiyyətinin yeni sədri İsmayıl Rəhimovu, Gürcüstandan gəlmiş ictimai-siyasi xadim Əhməd İmamquliyevi və digər qonaqları salamlayan "Borçalı Cəmiyyəti"nin sədri Zəlimxan Məmmədli çıxışında ötən həmrəylik bayramından keçən bir il ərzində görülən işlər, uğurlar haqda danışıb, TÜRKSOY təşkilatını təbrik edib və "Borçalı Cəmiyyəti"nin gələn il üçün fəalliyət istiqamətləri haqda mərasim iştirakçılarına məlumat verib: "Biz 10 ildir kimsədən yardım gələcəyinə ümid bəsləmədən millətimizə, elimizə güvənərək bəlli məsafə qət edə bilmişik. Bununla Azərbaycan insanının potensialının tükənməz və güclü olduğuna bir daha əmin olaraq altı qızıl xətlə cızılan hadisələr yarada bilmişik. TÜRKSOY təşkilatının Borçalını tanıtma proqramı tarixi hadisə olmaqla Borçalı türklərinin Türk dünyasına inteqrasiyasında çox əhəmiyyətli bir qapıdır. TÜRKSOY ailəsinə, şəxsən baş katib Dusen Kaseinov cənablarına adınızdan təşəkkür etməklə bildirirəm ki, iş birliyimiz davam edəcək və ən yaxın bir zamanda özü şəxsən "Borçalı Cəmiyyəti"nin qonağı olacaq. Eyni zamanda, "Borçalı Cəmiyyəti" Azərbaycan türklüyünün mənəvi cəhətdən ayrılmaz bir parası olan Borçalı türkləri adından, öz daxili imkanları ilə Bakının erməni-bolşevik işğalından təmizlənməsində müstəsna rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın büstünü qoymaqla yenə də insan amilinin qüdrətini əyani nümayiş etdirib. Biz bundan sonra da insan resursumuzun gücünə, ədalətin, haqqın gücünə güvənərək başlatdığımız müqəddəs yolu davam etdirmək əzmindəyik. Hər birinizi bu bayram münasibəti ilə təbrik etməklə bəyan edirəm ki, yenə də özümüzə güvənərək növbəti ilin ortalarına qədər Borçalı Ensiklopediyasının ən azı birinci cildinin nəşrinə nail olacağıq".

Daha sonra ilin "Şərəf" medalları sahiblərinə təqdim edilib. "Borçalı Cəmiyyəti" İdarə Heyətinin qərarına əsasən, səmərəli elmi və ictimai fəaliyyətinə görə, İsaxan İsaxanlı, Knyaz Aslan, Vahid Ömərov, Əsəd Təhləli, Bədirxan Əhmədov, Məmməd Sarvan, Şahbaz Musayev, eləcə də Nuru paşanın "Borçalı Cəmiyyəti"ndəki büstünün müəllifi Zirəddin Quliyev ilin "Şərəf" medallarına layiq görülüblər.

"Borçalı Cəmiyyəti"nin builki "Türklüyə Xidmət" mükafatına TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov və Türkiyədə yaşayan görkəmli heykəltəraş Səid Rüstəm layiq görülüblər.

Tədbirdə, həmçinin, Güney Azərbaycan Konqresinin təsis etdiyi "Seyid Cəfər Pişəvəri" mükafatı sahiblərinə təqdim edilib. Tanınmış alim Esmira Fuad və sənətçi Həsən Cəbrayılov bu mükafatlara layiq görülüblər.

Bundan başqa, "Borçalı Cəmiyyəti" "Gürcüstanın demokratikləşməsi və soydaşlarımız" mövzusunda dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan Z.Məmmədli bildirib ki, "Qızılgül inqilabı" nəticəsində formalaşan xalq hakimiyyəti demokratik islahatların memarı olaraq tarixə düşüb: "Əsas diqqət yetirilməli məqam hakimiyyətin xalqın iradəsi ilə formalaşmasıdır. Demokratik islahatlar xalqın iradəsinin ifadəsinin təzahürüdür. Həyatın bütün sahələrində həmin dönəmi müsbət çalarlarla xatırlamaq mümkündür. Biz gələcəkdə də əksər problemlərin təməlini demokratiyada, demokratik islahatlarda görürük. Soydaşlarımızın ictimai-siyasi fəallığı ümid verir ki, Gürcüstanda demokratiya geriyədönməz xarakter almaqla soydaşlarımızın da həyatında əhəmiyyətli, müstəsna yer tutmaqdadır".

CEYHUN

 





28.12.2018    çap et  çap et