525.Az

“Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmir”


 

“Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmir”<b style="color:red"></b>

“Təxminən iki aydır cəbhə bölgəsində atəşkəsə riayət olunur. Bu sakitlik Ermənistanın baş naziri Nikol Paşinyana imkan verdi ki, parlament seçkisini rahat keçirib qələbə əldə etsin. Bəs necə olub ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaralayıblar?”

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, atəşkəsin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab vermir: “Ümumiyyətlə, cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir, erməni hərbçilərinin itkisi isə onun reytinqinə mənfi təsir edəcək. Bəs onda “atəş aç” əmrini hansı qüvvələr verib və verəcək?”

Ermənistanda “Qarabağ klanı”nın 20 il hakimiyyətdə olduğunu xatırladan politoloq qeyd edib ki, bu klan həm Dağlıq Qarabağdakı separatçılara, həm də Ermənistan hakimiyyətinə nəzarət edirdi: “Ona görə də bu klanın istəyi xaricində Dağlıq Qarabağda heç nə baş verə bilməzdi. İndi isə durum fərqlidir. Dağlıq Qarabağdakı separatçılar sözdə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın istəklərinə tabe olsalar da, əməldə onun vəziyyətini gərginləşdirə biləcək addımlardan çəkinməyəcəklər. Dağlıq Qarabağdakı separatçılar Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar”.

E.Şahinoğlu hesab edir ki, separatçılara İrəvan deyil, Robert Koçaryan və Rusiyadakı siyasi-hərbi mərkəzlər təsir edir: “Elə bir neçə gün əvvəl baş verən insidentin müəllifləri də onlardır. Ancaq bizim üçün fərqi yoxdur. Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmirsə, bu, onun problemidir. Bizim vəzifəmiz isə atəşkəsi pozan separatçıları susdurmaq və düşmənin itkilərini artırmaqdır”.

Ceyhun ABASOV

 





29.12.2018    çap et  çap et