525.Az

Xaricdə yaşayan həmvətənlərlə iş sahəsində yeni yanaşma


 

DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ MİLLİ MƏCLİS VƏ XARİCİ İŞLƏR NAZİRLİYİ İLƏ KOORDİNASİYALI FƏALİYYƏT GÖSTƏRƏCƏK

Xaricdə yaşayan həmvətənlərlə iş sahəsində yeni yanaşma<b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər dəyişikliyindən sonra qısa müddət ərzində həyata keçirilən fəaliyyət xaricdə yaşayan həmvətənlərlə iş sahəsində mövcud problemlərin həllinə ciddi töhfələr verib.

Dövlət komitəsi xaricdəki diaspor təşkilatlarımız arasında əlaqələrin tənzimlənməsi, hökm sürən müəyyən gərginliklərin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə edib, eyni coğrafiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin koordinasiya şuralarının yaradılması prosesinə başlayıb ki, bu da həmrəylik şəraitində onların birgə fəalliyyətinin təmin olunmasına imkan verəcək. Azərbaycan dövlətinin diaspor sahəsində yürütdüyü siyasəti gücləndirən digər məqam isə aidiyyatı dövlət qurumları arasında birgə fəaliyyətin yaradılmasıdır. Bundan sonra Diasporla İş üzrə Dövlət Komitəsi Xarici İşlər Nazirliyi və Milli Məclisin parlammentlərarası əlaqələr üzrə işçi qrupları ilə əlaqəli çalışmalara başlayacaq. Bununla diaspor sahəsində problemlər tam aradan qaldırılır, uğurlu fəaliyyət üçün bütün imkanlar yaradılır.

Diaspor sahəsində həyata keçirilən son islahatları yüksək qiymətləndirən Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu cür də davam etməyin zəruriliyini diqqətə çatdırıb: “Soydaşlarımızın koordinasiya olunması çox önəmlidir. Bu istiqamətdə səylərimizi davam etdirməliyik. Çünki elə təşkilatlar var ki, hansısa qüvvələrin təsiri altındadır”.

Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə yola çıxmasını mühüm addım kimi xarakterizə edən T.Zülfüqarov bildirib ki, bununla soydaşlarımızın qeydinə 3 qurum birdən qalacaq: “Bu işə könüllü şəkildə başlanılıb. Belə də davam etmək lazımdır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Vüqar Məmmədov isə qeyd edib ki, əvvəllər diaspor təşkilatları nəinki səfirliklərlə, heç bir-biri ilə yola getmirdi, hətta birgə tədbir keçirmirdilər: “Bəzən olub ki, niyyət yaxşı olsa da, eyni şəhərin müxtəlif yerlərində   Novruz  bayramı, yaxud da Xocalı soyqırımı tədbiri təşkil olunub. Bu da diaspor təşkilatlarının arasında əlaqələrin olmadığını göstərirdi. 2018-ci ilin əvvəlində dövlət komitəsində dəyişiklikdən sonra məsələlər fərqli formada inkişaf etməyə başladı. Bütün diaspor təşkilatları bir araya gətirildi. Eyni zamanda, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr də bu prosesə cəlb olundular. Xüsusilə, ayrı-ayrı xarici ölkələrdə yaradılan koordinasiya şuraları birləşmədə böyük rol oynadı”.

V.Məmmədovun sözlərinə görə, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları da bu məsələdə aktivdir: “Çünki azərbaycanlılar yaşadıqları ölkələrin siyasi proseslərində də yaxından iştirak edirlər. Artıq Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlərdəndir”.

Komitə rəsmisi hesab edir ki, Azərbaycan həqiqətlərinin təbliği, mədəniyyətinin  tanıdılmasında hər bir qurumun öz  rolu var: “Xarici İşlər Nazirliyi icra orqanını təmsil edir, Diasporla İş üzrə Dövlət Komitəsi birbaşa azərbaycanlılarla işləyir, Milli Məclis isə həmin ölkələrin siyasətçiləri ilə çalışır. Ona görə də üçlüyün birgə ideyasını alqışlayıram. Bilirik ki, güc birlikdədir. Bu mənada 3 qurumun birgə fəaliyyəti soydaşlarımızın inkişafına daha yaxşı xidmət edəcək”.

“Bizim işimiz ölkə rəhbərliyinin qarşıya qoyduğu siyasəti həyata keçirməkdir və buna borcluyuq”, - deyə V.Məmmədov fikirlərini tamamlayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da hər 3 qurumun birgə fəaliyyətinin müsbət cəhətlərindən danışıb: “Birlik olduğu yerdə böyük nailiyyətlər əldə etmək mümkündür.  Sadəcə hər bir təşkilat müəyyən istiqamətdə fəaliyyət göstərir. Milli Məclis səviyyəsindəki işçi qrupları  digər ölkələrin parlamentariləri ilə sıx əməkdaşlıq edərək dövlətimizin maraqlarını dünyaya  çatdırır. Düşünürəm ki, bu formada xeyli işlər görülür. Bu istiqamətdə parlamentin fəaliyyəti çox yüksək qiymətləndirilməlidir”.

Dövlət başçısının Azərbaycan parlamentinin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən S.Fətəliyeva qeyd edib ki, Milli Məclisin 100 illiyi ilə bağlı tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn nümayəndə heyətləri iştirak etmişdi. Bu da  işçi qruplarının birgə fəaliyyətinin uğurlu olmasının bariz nümunəsidir”.

Deputat hesab edir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq,  hər bir azərbaycanlının ürəyi Azərbaycanla döyünməlidir: “Təbii ki, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin əsas istiqaməti dövlətini, vətənini təbliğ etməkdir. Əsas da Azərbaycanı narahat edən, xüsusilə, Dağlıq Qarabağ məsələsini dünyaya çatdırmaqdır. Düşünürəm ki, bu istiqamətdə dövlət tərəfindən ciddi iş aparılır. Burada mütləq Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək lazımdır. “Xocalıya Ədalət” kampaniyası bütün dünyada səs salıb. Bu layihədə  hər bir azərbaycanlının fəaliyyəti çox önəmlidir. Çünki bir milyondan artıq məcburi köçkünümüz var. Onların işğal zamanı hansı dəhşətlərlə üz-üzə qaldığından bütün dünya agah olmalıdır”.

Belçika-Hollandiya Koordinasiya Şurasının əlaqələndiricisi, “EuroAzNL” cəmiyyətinin sədri  Emil Əliyevin də dövlət qurumlarının birgə fəaliyyətindən gözləntiləri böyükdür. O qeyd edib ki,  Diaspor İş üzrə Dövlət Komitəsindəki son dəyişiklikdən sonra xeyli irəliləyiş nəzərə çarpır: “Artıq Diaspor komitəsinin müasir saytı, TV-si, radiosu  yaradılıb, yeni ideyalar dəstəklənir, diaspor fəalları və təşkilat rəhbərlərinə əməkdaşlıq təklif olunur. Hər bir diaspor fəalının fikirləri, layihələri nəzərə alınır. Koordinasiya şuralarının da fəaliyyəti müsbətdir. Düşünürəm ki, səfirliklərimizlə diaspor fəallarının birgə addımlaması çox yaxşı nəticələr verəcək”.

Əvvəllər təşkilat rəhbərləri ilə səfirliklər arasında müəyyən boşluqların olduğunu deyən həmvətənimiz hesab edir ki, dövlət komitəsinin rəhbərliyinin dəyişməsindən sonra bu boşluq yavaş-yavaş aradan qalxmağa başlayıb: “Çünki xaricdə yaşayan azərbaycanlıların birləşməsi çox önəmlidir. Bu işə  Milli Məclisin parlamentlərarası işçi qruplarının da qoşulması uğurlu hadisədir. Çünki 3 qurum birgə formada xaricdə yaşayan azərbaycanlılara xidmət göstərəcək. Hər halda, uğurlu nəticələr gözləyirik”.

C.ABASOV

 





29.12.2018    çap et  çap et