525.Az

Humanitar problemlərin həllində Azərbaycan təcrübəsi: daha 1005 ailə mənzillə təmin olundu


 

“PREZİDENT İLHAM ƏLİYEV XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN VƏTƏNDAŞLARA DAİM DİQQƏT VƏ QAYĞI İLƏ YANAŞIR”

Humanitar problemlərin həllində Azərbaycan təcrübəsi: <b style="color:red">daha 1005 ailə mənzillə təmin olundu</b>

Xəbər verdiyimiz kimi, dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirak ilə Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub.

Bununla həftə ərzində mənzil-məişət problemi həll olunan qaçqın və məcburi köçkün ailələrinin sayı 2005-ə çatıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Abşeron rayonunda salınmış yeni yaşayış kompleksinin Ermənistanın Azərbaycana qarşı başlatdığı işğalçılıq siyasətinin - Qarabağ müharibənin fəsadlarından əziyyət çəkən 1000 məcburi köçkün ailəsinin istifadəsinə verilməsindən 3 gün sonra daha 1005 ailə Sumqayıtda yeni mənzillərlə təmin olunub. Nəticə etibarilə dövlət başçısının ilin əvvəlində vəd etdiyi kimi, 5700-dən çox ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunması prosesi uğurla icra edilib. Ümumilikdə isə 2007-ci ildən ölkədə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün salınan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərində evlər, mənzillərlə təmin edilmiş ailələrin sayı 53 min 500-ə çatıb ki, bu da 300 mindən çox vətəndaşın mənzil-məişət probleminin həlli deməkdir.

Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan vətəndaşların sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini istiqamətində fəaliyyətə Heydər Əliyevin rəhbərliyi dövründə başlanıb: “Ümummilli liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı hələ 2003-cü ildə qeyd etmişdi ki, ölkədə çadır şəhərcikləri ləğv olunacaq, qaçqın və məcburi köçkünlər yeni salınmış qəsəbələrdə, yaşayış komplekslərində evlər, mənzilərlə təmin olunacaq. Nəticə etibarilə həyata keçirilən ardıcıl fəaliyyət bu gün xeyli sayda bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət probleminin həllinə imkan verib”.

E.Həsənli bildirib ki, Azərbaycan dövləti humanitar fəlakət qurbanlarının problemlərinə daim diqqət və qayğı ilə yanaşır: “Qaçqın və məcburi köçkünlərə müavinətlər verilir, kommunal xərcləri qarşılanır, onların övladları ali məktəblərdə ödənişsiz əsaslarla təhsil alırlar”.

Azərbaycanın sosialyönümlü dövlət olduğunu deyən ekspert qeyd edib ki, qaçqın və məcburi köçkünlərlə yanaşı, şəhid ailələri, Qarabağ, İkinci Dünya, Əfqanıstan  müharibəsi iştirakçıları, Çernobıl əlilləri, eləcə də bu kateqoriyadan olan digər vətəndaşlarımız xüsusi qayğı ilə əhatə olunub.

E.Həsənlinin sözlərinə görə, dekabr ayında həm şəhid ailələri, Qarabağ əlillərinə, həm hərbçilərə, həm də qaçqın və məcburi köçkünlərə yaşayış evləri, mənzillər verilib. 2019-cu ilin dövlət büdcəsində də bu istiqamətdə fəaliyyət üçün kifayət qədər vəsaitin ayrıldığını deyən ekspert vurğulayıb ki, bu proses davam edir, bundan sonra da xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın problemlərinin həlli dövlətin diqqət mərkəzində olacaq, müvafiq addımlar atılacaq.

Qeyd edək ki, Sumqayıt şəhərinin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən, 8  mərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Kompleksdəki 1005 mənzilin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.

Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var.

Bu layihənin icrası Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün uşaqlarının təhsilli, bilikli və intellektual səviyyədə yetişməsinə nə dərəcədə həssaslıqla yanaşmasının əyani təzahürüdür. Eyni zamanda, bu işlər ümumilikdə ölkəmizdə təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan layihələrin ardıcıl və keyfiyyətlə davam etməsini göstərir.

Kompleksin ərazisində 50 yerlik uşaq bağçası da inşa edilib. Uşaq bağçasında balacaların təlim-tərbiyəsinin təşkili, onların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb.

Ceyhun ABASOV

 





29.12.2018    çap et  çap et