525.Az

Yazıçı Rəfiqə Məmmədova: “Yaşadığım ömürdən razıyam”


 

Yazıçı Rəfiqə Məmmədova: “Yaşadığım ömürdən razıyam”<b style="color:red"></b>

Dəyərli yazıçımız Rəfiqə Məmmədovanın bu yaxınlarda 75 yaşı tamam olub. Yubilyarı təbrik etmək, arzu və düşüncələrini bölüşmək məqsədilə həmsöhbət olduq.

Rəfiqə Məmmədova 1938-ci ildə Cəbrayıl rayonunda anadan olub. Atası Böyük Vətən müharibəsinə getdikdən sonra ailəsi ilə birgə Füzuli rayonunda məskunlaşıb. 1955-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət  Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 12 il Bakı Yeyinti Sənaye Texnikumunda  pedaqoji fəaliyyət göstərib. 70-ci illərdən dövri mətbuatda, radioda çıxış edir. Yubilyarın indiyədək “Dolu”, “Uğurlu ov”, “Şəfəq müğənnisi”, “İnam”, “Könül”, “Mənim şahinim”, “Dostluq”, “Güllü kəpənəkli bağ”, “Ardımca gəl”, “Nəciblik duyğusu”, “Bizim bağ”, “Zər çiçəklər” kimi 14 kitabı işıq üzü görüb. “Əsərlərinizin əksəriyyətini böyüklər üçün yazdığınıza baxmayaraq niyə sizi daha çox uşaq ədəbiyyatının nümayəndəsi kim xarakterizə edirlər?” sualımıza cavab olaraq yubilyar bildirib ki, bu onun üçün də maraqlıdır: “Mənə də maraqlıdır ki, niyə belədir? Hətta 1-2 il bundan əvvəl “Ulduz” jurnalında yazıblar ki, Rəfiqə xanım rəssam kimi sözdən lövhə çəkir: “Onun böyüklər üçün yazdığı əsərlərin tədqiqata ehtiyacı var”. Mənim böyüklər üçün yazılmış xeyli sayda roman, povest və hekayələrim var. “Könül” romanım Türkiyədə, İranda da məşhur olub. “Mənim şahinim” romanının ikinci hissəsini də  yazmağı təklif edirdilər. Bu müharibəyə aid tarixi bir əsərdir. Məni uşaq yazıçısı  kimi tanısalar da, əslində böyüklər üçün daha çox əsərlər yazmışam”.

Yubileyini necə keçirdiyi ilə bağlı sualımıza Rəfiqə Məmmədova cavab verib ki, bu il qardaşının vəfatının ildönümü ilə bağlı yubiley tarixinin geniş qeyd olunmasını istəməyib: “Qardaşım vəfat etdiyinə görə bu il nə restoranda, nə də başqa məkanda doğum günümü qeyd etməyə razı olmadım. Elə evdəcə qohum-əqrəba, dostlar, yaxınlar yığışıb qeyd elədik. Elə bu səbəbdən Yazıçılar Birliyində də qeyd olunmasını istəmədim. Bu qurumdan söz düşmüşkən, məni buraya heç ərizə verməmiş, zəmanətsiz qəbul ediblər. Belə hesab ediblər ki, mən yaxşı yazıçıyam, ona görə də üzv seçiblər”.

İxtisas sahəsi kimi iqtisadiyyatı seçən yazıçının bu tam fərqli iki sahəni necə uzlaşdırması ilə də maraqlandıq: “Hələ gənclikdən yazırdım və yazıçı olmaq istəyirdim. Bir dəfə tələbə vaxtı Filologiya fakültəsində təhsil alan rəfiqələrim yazdıqlarımı mərhum Bəxtiyar Vahabzadəyə oxumağa vermişdilər. Bəxtiyar müəllim poemalarımı oxuyub dedi ki, çox istedadlısan, səndən yaxşı yazıçı olacaq. Çox insanlar var ki, ixtisasca fərqli sahədədirlər, dilçi, filoloq deyillər, amma yazıçı kimi tanınırlar. Mərhum Xudu Məmmədov da bir neçə əsərimi oxuyub mənə öz kitabını göndərmişdi. Çox belə sanballı şəxsiyyətlər kitablarıma görə mənə öz kitablarını bağışlayıblar. Demək istəyirəm ki, məni kitablarıma görə tanıyıblar, kitablarımı mənə görə yox. Amma mən heç vaxt şan-şöhrət, titul arxasınca qaçmamışam. İndi fikirləşirəm ki, təvazökarlıq hissi də qədərində olsa yaxşıdır. Fikrimcə, həddindən artıq təvazökarlıq da düzgün deyil. İndi hədsiz təvazökarlığıma görə çox peşmanam. Bu, bəzən adamı fəaliyyətsizləşdirir, çarəsizləşdirir, unutdurur”.

Sonda R.Məmmədova yubiley arzularını da bölüşüb: “Yaşadığım ömürdən razıyam. Tanrı mənə yaxşı həyat yoldaşı, qibtə olunası ailə bəxş edib. Amma ürəyimdə bir nisgilim var. Torpaqlarımızın işğalı azərbaycanlı, qarabağlı olaraq həmişə ürəyimi göynədən bir sızıltıdır. Bu, pafos, şüarçılıq deyil, qəlbimdən qopub gələn nisgilli ahdır, əsərlərimdə də özünü göstərir. Qarabağ ağrısını çəkə bilmirəm. Ən böyük arzum gələn doğum günlərimi Qarabağda qeyd eləməkdir”.

Sevinc MÜRVƏTQIZI

 





03.09.2013    çap et  çap et