525.Az

“Məhəbbət əfsanəsi” Latviya səhnəsində


 

“Məhəbbət əfsanəsi” Latviya səhnəsində <b style="color:red"></b>

Latviya Milli Opera Teatrının səhnəsində XX əsrin görkəmli balet ustalarından biri - Mayya Plisetskayanın şərəfinə iki hissədən ibarət “Mariya Teatrının solistləri. M.Plisetskayaya ithaf” qala-tamaşası göstərilib. Tamaşada M.Plisetskayanın yaradıcılıq həyatında önəmli yer tutan “Karmen-süita” (Bize-Şedrin), habelə onun sevimli baletlərindən fraqmentlər Sankt-Peterburqun balet ulduzlarının ifasında təqdim olunub.

AZƏRTAC xəbər verir ki, həmin proqramda Azərbaycanın Xalq artisti, dünya şöhrətli bəstəkar Arif Məlikovun Nazim Hikmətin dramı əsasında bəstələdiyi “Məhəbbət əfsanəsi” (baletmeyster Y.Qriqoroviç) baletindən də bir parça - Məhmənə Banunun monoloqu təqdim olunub. Bu da təsadüfi deyil. M.Plisetskaya dəfələrlə “Məhəbbət əfsanəsi”ndə yaratdığı obrazı özünün ən sevimli partiyaları sırasında qeyd edərdi. Xanım sənətkarı Arif Məlikovla illərin dostluğu, yaradıcılıq əməkdaşlığı birləşdirib. Məhmənə Banu kimi mürəkkəb, ziddiyyətli, güclü xarakteri balet səhnəsində müxtəlif illərdə balet sənətinin ustaları - N.Timofeyeva, N.Semizorova, M.Leonova, U.Lopatkina, S.Zaxarova və başqaları canlandırıblar.

Riqa səhnəsində Məhmənə Banu Sankt-Peterburqun Mariya Opera və Balet Teatrının aparıcı solisti Aleksandra İosifidinin çox ekspressiv təfsirində təqdim edilib.

“XX əsrin ən görkəmli baleti” (C.Noymayer) kimi qiymətləndirilən “Məhəbbət əfsanəsi”nin premyerası 1961-ci ildə məhz bu teatrın səhnəsində olub.

Tamaşadan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə A.İosifidini təbrik edib. Söhbət zamanı A.İosifidi “Məhəbbət əfsanəsi” baletinin bütün truppanın ən sevimli əsərlərindən biri olduğunu söyləyib. Vurğulayıb ki, Məhmənə Banu obrazı onu öz dərinliyi, qeyri-adi dolğunluğu, musiqi təcəssümünün parlaqlığı ilə həmişə cəlb edir. Söhbət əsnasında Mariya Teatrının bədii rəhbəri və baş direktoru Valeri Gergiyevin Arif Məlikovla sənət dostluğundan da söz düşüb. Məşhur sənətkarın 2008-ci ildə Bakıda A.Məlikovun yubiley tədbirlərində heyrətamiz çıxışları xatırlanıb.

Qeyd edək ki, qastrol səfərini daim tamaşaçıları maraqlı layihələri ilə sevindirən “Art-Forte” kompaniyası (idarə heyətinin sədri: Y.Loçmele) təşkil edib.

 





30.12.2018    çap et  çap et