525.Az

Yaponiyalı musiqiçi Azərbaycan mahnılarını oxuyacaq


 

Yaponiyalı musiqiçi Azərbaycan mahnılarını oxuyacaq<b style="color:red"></b>

“Azərbaycan adını Yaponiyada daha tez-tez eşitmək məni çox sevindirir”.

Bunu AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində yaponiyalı musiqiçi xanım Kyoko Yamamoto deyib. Azərbaycan xalqına, mədəniyyətinə və musiqisinə böyük hörməti olduğunu vurğulayan xanım K.Yamamoto ölkəmizə son səfəri barədə danışıb.

Cari ilin oktyabrında Göyçay Nar festivalında iştirak etmək üçün Azərbaycana getdiyini xatırladan musiqiçi deyib: “Bu festivalda ilk dəfə 2015-ci ildə iştirak etmişdim. Azərbaycana ilk səfərimdən bəri ölkəniz qədim mədəniyyəti, gözəl musiqisi, qonaqpərvər xalqı və yeni dünyaya sürətlə uyğunlaşması ilə məni valeh edir. Hər il Göyçayda təşkil olunan Nar festivalında iştirak etməklə Azərbaycan haqqında yeni məlumatlar toplayır və öyrəndiklərimi Yaponiyada təbliğ etməyə çalışıram. Bu ilin mayında xalqınızın Ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Xətai rayonunda təşkil olunan konsertdə çıxış etmək üçün Bakıya dəvət edilmişdim. Bu dəvət məni çox qürurlandırmışdı. Orada “Sarı gəlin” mahnısını ifa etməyim izləyicilər tərəfindən təəccüblə qarşılansa da, gurultulu alqışa səbəb olmuşdu”.

Başa çatmaqda olan 2018-ci ilin Azərbaycan üçün də uğurlu olduğunu bildirən yaponiyalı musiqiçi deyib: “Yola salmaqda olduğumuz 2018-ci il Azərbaycan üçün də mühüm hadisələrlə yaddaqalan oldu. Ölkənizin Yaponiyadakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar təşkil etdiyi tədbir zamanı qrupumla birgə dövlət himninizi canlı ifa etdik. Bu, bizim üçün şərəf idi. Yaponiyada təşkil olunan müxtəlif tədbirlər sayəsində yaponlar Azərbaycan adını daha tez-tez eşitməyə və ölkəniz haqqında daha çox öyrənməyə başlayıblar”.

2019-cu ilin də Azərbaycan xalqı üçün uğurlu olacağına əminliyini bildirən xanım K.Yamamoto növbəti ildə də zəngin musiqimizin yapon xalqına tanıtmaq üçün daha çox çalışacağını bildirib. O deyib: “Azərbaycan musiqisini ilk dəfə dinləyəndə bu gözəl melodiyanın insan hisslərini necə əks etdirdiyini görmək məni çox təəccübləndirmişdi. Buna görə də sizin musiqini öyrənməyə başladım. Məşhur “Sarı gəlin” mahnısını dinlədikdən sonra notları qeyd edib onu səsləndirdim. İndi digər Azərbaycan mahnıları üzərində işləyirəm. Azərbaycana son səfərim zamanı tanınmış müğənni Sevda Ələkbərzadə ilə görüşdüm və bu görüşdə ölkənizin musiqisi haqqında çox geniş məlumat aldım. TURKSOY-un xalq çalğı alətləri orkestrinin bu il Yaponiyada baş tutan konsertində azərbaycanlı musiqiçilər də yapon tamaşaçıların qarşısında çıxış etdilər. Bütün türk millətlərinin musiqisinin ifa olunduğu bu konsertdə Azərbaycan musiqisi xüsusilə seçilirdi. Ümid edirəm ki, gələcəkdə yalnız Azərbaycan musiqisindən ibarət daha böyük konsertlər təşkil olunacaq və yapon dinləyiciləri öz gözəlliyi ilə heyran edəcək. Mən isə öz növbəmdə qədim və zəngin Azərbaycan musiqisini Yaponiyada təbliğ etməyə və ölkənizi bu yolla daha çox tanıtmağa çalışacağam”.

 





30.12.2018    çap et  çap et