525.Az

Gəncənin Cavad xanı, Cavad xanın Gəncəsi


 

XANLIQLAR DÖVRÜNÜN SON SİMVOLU OLAN BU CƏSUR HÖKMDARIN ŞƏHİD OLMASINDAN 215 İL ÖTÜR

Gəncənin Cavad xanı, Cavad xanın Gəncəsi<b style="color:red"></b>

Əsrlər boyu Gəncə Azərbaycan milli ruhunun aynası, onun mənəvi dəyərlər sistemini formalaşdıran bir məkan olub.

Gəncənin sonuncu feodal hakimi Cavad xan Ziyadoğlu-Qacarın, ərazisini genişləndirməkdə olan böyük bir İmperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız döyüşlə cavab verməsi də, nə ötkəm əmir inadkarlığından, nə də taxt-tacını hifz etmək naminə bir çox "həmkarları" kimi "vaxtında" sövdələşmələr apara bilməməsindən deyil, məhz Gəncənin bu güclü milli-mənəvi, mühafizəkar mühitinin öz məntiqindən doğurdu.

XVIII əsrin sonlarında, sürətlə bir-birini əvəz edən siyasi hadisələr fonunda Gəncə xanı digər Azərbaycan xanları içərisində fəal mövqeyi ilə seçilirdi. Təbii ki, bunu çox mühüm hərbi-strateji mövqedə yerləşən xanlığın mənafeyi tələb edirdi.

Cavad xanın siyasi portretinin əsas cizgilərindən biri də bu idi ki, o, nəinki hadisələrin arxasınca sürünmür, əksinə, siyasi iqlimə çox güclü təsir göstərməyi bacarırdı. Yaxınlaşan yeni təhlükə qarşısında Gəncə xanı antirus koalisiya yaratmağa çalışır. Hətta buna müəyyən qədər müvəffəq də olur. Gəncə, Qarabağ, Şəki xanları, Ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin öz feodal təkəbbürlərinə və şəxsi maraqlarına qalib gələ bilməyən xanların fəaliyyəti bundan uzağa getmir. Həlledici anda Gəncə xanı qorxunc düşmən qarşısında tək qalır. Cavad xanın başçılığı ilə gəncəlilər təcavüzkara qarşı bir aydan artıq müqavimət göstərirlər. 1804-cü il yanvarın 3-də rus generalı Pavel Sisianov Gəncə qalasına həlledici hücuma keçir. Cavad xan oğlu Hüseynqulu ağa ilə birlikdə hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur.

Cavad xanın böyük oğlu Uğurlu xan 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlubiyyətə uğrayır. 1826-cı ildə o, yerli əhalinin və İran qoşunlarının köməyi ilə Gəncəyə qayıdır. Lakin 40 gündən sonra şəhəri tərk etməli olur. Gəncə döyüşündən (13 sentyabr 1826-cı il) sonra əsir düşən Uğurlu xan bir müddət Stavropolda sürgündə saxlanılır. Türkmənçay sülhündən sonra İrana qaytarılır.

1804-cü ilin yanvarında Gəncə rus qoşunları tərəfindən işğal edildikdən sonra bu qədim şəhər sanki boşalmışdı. Təkcə 3700 nəfər qalanı müdafiə edərkən həlak olmuşdu. Minlərlə gəncəli (o cümlədən, Xanın yaxın qohumlarından 200 ailə) şəhəri tərk edərək Qafqazın digər xanlıqlarına və İrana köçmüşdülər. Əgər 1802-ci ildə Gəncədə əhalinin sayı 25700 nəfər idisə, işğaldan sonra, 1804-cü ildə bu rəqəm 5460 nəfərə enmişdi. Gəncənin keçmiş xan-bəy mülkləri Rusiya dövlətinin xeyrinə müsadirə olunaraq xəzinə hesabına keçirilir və həmin torpaqlar intensiv surətdə xristian əhalisi (əsasən ermənilər) ilə məskunlaşdırılırdı. Təsadüfi deyil ki, ermənilər 1803-cü ildə şəhərin əhalisinin cəmi 8,5 faizini təşkil etdikləri halda, 1808-ci ildə bu göstərici 36,2 faizə çatmışdı (Bu göstəricilər, eləcə də yuxarıda Cavad xanın Rusiyaya qarşı birgə mübarizə üçün koalisiya yaratmaq istiqamətində cəhdlərinə dair qeyd edilən faktlar mərhum tarixçi-alim Fərrux Əhmədovun "Gəncənin tarix yaddaşı" (Bakı, 1998) kitabından iqtibas edilib).

Rusiyaya xoşluqla birləşən xanlıqlardan fərqli olaraq Gəncədə xüsusi hərbi vəziyyət rejimi tətbiq edildi. İnadkar şəhərin əsrlərin silə bilmədiyi adını da dəyişərək, ona rus padşahının xanımının "ecazkar" ismini verdilər. Və bu qədim, comərd şəhər düz 114 il yad qadın adını daşıyası oldu. Amma ad dəyişməklə yaddaşları pozmaq mümkün deyildi. Doğma şəhəri üçün şəhid olan Cavad xanın "dastanı" nəsillərin yaddaşında yaşayaraq, yenidən söyləniləcək günü gözləyirdi.

Amma o da var ki, əlahəzrət tarix insanların emosiya və ya istəkləri ilə deyil, özünün dialektikası ilə hərəkətdədir. Bu mənada, xanlıqların suqutu ilə azərbaycanlılar keyfiyyətcə tamamilə fərqli, əvvəlki feodal ənənələrdən üstün, proqressiv cəmiyyət üçün düşüncə və səylərin müəyyən qədər mövcud olduğu bir tarixi mərhələyə qədəm qoydular. Çarizmin əsasən müstəmləkəçi mahiyyətinə baxmayaraq, Rusiyaya ilhaq ilə millətimizin Avropa mədəniyyətinə çıxışı üçün fürsətlər yarandı. Bir əsr ərzində Azərbaycan xalqı milli təkamül, müasir mədəni dünyaya qovuşmaq yolunda əhəmiyyətli bir mərhələ keçmiş oldu. Bu mərhələdə də Gəncənin xüsusi çəkisi, müstəsna rolu var idi. Avropa mədəni dəyərlərilə milli ənənəviçiliyi (tradisionalizm) özündə heyrətamiz şəkildə sintez edən bu Cavad xan şəhəri XX əsrin əvvələrində milli ideyanın da beşiyi oldu. Bunun məntiqi nəticəsi kimi, ilk demokratik Azərbaycan Cumhuriyyətinin cücərtiləri Gəncədə boy verdi. Şərqdə ilk respublika qurucuları öncüllərinin əksəriyyəti də Cavad xanın Gəncəsinin yetirdiyi siyasi xadimlər idi. Onların arasında damarlarında birbaşa Ziyadoğlu xanlarının qanını daşıyanlar da az deyildilər. Cumhuriyyət doğma Gəncənin adını özünə qaytardı.

Bolşevizm qasırğası ilə Rusiyadakı formasını dəyişmiş mərkəziyyətçi rejim Cavad xanın xanədanının işğalına bənzər bir şəkildə onun varislərinin yaratdığı Cümhuriyyəti də işğal etdi. Demokratik Azərbaycanı quranlar sırasında aparıcı mövqedə olan Gəncə liderləri, bolşeviklərin tərtib etdiyi təcili və sorğu-sualsız məhv ediləcək şəxslər siyahısında da birincilərdən oldular. Gəncənin adına yenidən "əl gəzdirmək" də unudulmadı. Bu dəfə bolşeviklərə heç cür təslim olmaq istəməyən üsyankar şəhər, qədimdə, bəzi tarixi mənbələrə görə, elə Gəncə ətrafında, qadın hökmdarımız Tomris tərəfindən məğlub edilən Əhəməni padşahı Kirin adını özünə təxəllüs seçmiş "alovlu proletar tribununun xatirəsinin əbədiləşdirilməsinə layiq görüldu".

İnsanların şəxsi düşüncə və milli meyarlarına məhdudiyyət qoyan 70 illik Sovet dövrü Cavad xan kimi tarixi örnəkləri "yad sinfin elementləri kimi" mənəviyyat dairəmizdən kənarda saxlamağa çalışırdı.

Lakin XX əsrdəki ikinci milli intibah dövründə Cavad xan da digər dəyərli tarixi şəxsiyyətlərimiz kimi yaddaşımıza qayıtdı, "yatmış" milli genlərimizi oyatdı.

Cavad xanın adı və hünəri Gəncənin, Azərbaycanın, azərbaycanlıların azadlıqsevərliyinin rəmzinə çevrildi. O, qeyri-bərabər döyüşdə şəhid olacağını dəqiq bilsə də, Allahın insana bəxş etdiyi ən gözəl nemət olan azadlığa zərrə qədər də xəyanət etmədi. O, əlində siyrilmiş qılınc, "Qəzan mübarək olsun, Cavad xan!" - deyən silahdaşlarının vida salamları altında son döyüş üçün Gəncə qalasının "Hacıxan bürcü"nə qalxdı...

Elə bu yazı üçün təqdim etdiyimiz rəsmdə də onun müəllifi, gəncəli rəssam Vidadi Əhmədov sonuncu xanı getməkdə olan tarixi mərhələnin sonuncu istehkamı sayıla biləcək həmin "Hacıxan bürcü"ndə təsvir edib.

Zakir Muradov
GƏNCƏ

 





04.01.2019    çap et  çap et