525.Az

Mərkəzi Elmi Kitabxananın ötən ildəki fəaliyyətinə dair hesabat iclası


 

Mərkəzi Elmi Kitabxananın ötən ildəki fəaliyyətinə dair hesabat iclası <b style="color:red"></b>

AMEA Mərkəzi Elmi Kitabxanasının ötən ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabxanada oxuculara göstərilən müasir xidmətlər sisteminin, fondlara daxil edilən yeni qiymətli sənədlərin, kolleksiyaların, Azərbaycan Xalq Cümhuriyyətinin 100, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri münasibətilə gerçəkləşdirilən müxtəlif formatlı layihələrin, Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin, UNESCO işçi qrupunun üzvü qismində fəaliyyətin, ictimaiyyətlə əlaqələrin, beynəlxalq akademik qurumlarla əməkdaşlığın, yeni layihələrin, tədbirlər də daxil olmaqla kitabxananın 2018-ci il ərzində fəaliyyətinin ən yüksək qiymətə layiq olduğunu bildirib.
 
Akademik daha sonra vikipedia fəaliyyətinə toxunub, MEK-in Vikipedia Metodik Mərkəzinin yüksək rəqabət qabiliyyətli quruma çevrildiyini qeyd edərək, informasiya təhlükəsizliyinin təmin olunması, onun bir neçə dildə paylaşılması istiqamətində çalışmalarını yüksək qiymətləndirib, gələcəkdə vikipedia təlim şəbəkəsinin genişləndirilməsini təklif edib.
 
O, MRY-da yeni "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları", "AXC dövründə xaricə təhsil almağa göndərilən və məzarı tapılmayan tələbələr" siyahılarını, yalnız MEK-də mövcud olan Turfan tapıntılarına məxsus mətnlərin əks olunduğu alman dilində nəşrləri, 1911-ci ildə Bakıda ərəb qrafikası ilə Azərbaycan dilində çıxan "Həqiqəti Əfkar" ədəbi, siyasi-ictimai türkcə müsəlman qəzetini xüsusi təqdir edib. Akademik Nadir Fondda mühafizə olunan sənədlərin vahid kataloqunun hazırlanıb istifadəyə verilməsini tövsiyə edib.

Tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova təqdimatla çıxış edərək ilk növbədə 2017-ci ilin hesabatının müzakirəsi zamanı səslənən tövsiyyələrin həyata keçirildiyini qeyd edib və 2018-ci ildə görülən işlərdən danışıb.  L.İmanova qeyd edib ki, 2018-ci ildə Ümmumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Heydər Əliyev: elektron baza və sənədlərin reyestri" adlı elektron resurs hazırlanıb oxucuların istifadəsinə verilib. Resursa MEK-in MRY bazasında mühafizə olunan Heydər Əliyevə aid 1000-dən çox sənədin elektron reyestri, məlumat bazası, MEK-in hazırladığı video-film daxil edilib. MEK-in Sərgi salonu və Akademiklər zalında Heydər Əliyevin görkəmli siyasi xadim kimi həyat və yaradıcılığını əks etdirən, eləcə də özünün müəllifi olduğu sənədlər kolleksiyası yeni daxil olan əsərlərlə zənginləşdirilib. Leyla İmanova Vikipediya ensiklopediyasında 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin  hakimiyyətə qayıdışı üçün açıq və fəal mübarizəyə səsləyən müraciətə imza atmış, YAP-ın "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı haqqında "91-lər" adlı məqalə və www.mek.az saytında və MEK-in qeydiyyatda olduğu bütün sosial şəbəkələrdə "Heydər Əliyev 95 illik" başlığı altında mütəmadi məlumatların paylaşılmasını eləcə də MEK, YAP Yasamal rayon təşkilatı, "Yeni Azərbaycan" qəzeti, AMEA Qadınlar Şurası ilə birgə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbirlərinin keçirildiyini diqqətə gətirib.

2018-ci ildə Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında", "Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında", "Qara Qarayevin 100 illik yubileyi haqqında" Sərəncamlarının icrasına dair fəaliyyətlə bağlı məlumat verən L.İmanova "AXC - 100", "Milli yaddaşımıza qaytarılan AXC irsi (Türkiyə arxivləri əsasında)", "Azərbaycan Silahlı Qüvvələri-100" və "Milli Mətbuat informasiya bloku" adlı kolleksiyaların yaradıldığını, e-kataloq və rəqəmsal baza ilə təmin edildiyini, ictimaiyyətə təqdim olunduğunu, tədbirlər, sərgilər keçirildiyini bildirib. Bundan əlavə, "Vikipediyada AXC ayı" çərçivəsində müxtəlif dillərdə 500-dən çox məqalə yaradıldığını, redaktə edildiyini, Bakı şəhərindəki 100 məktəb arasında "Səndən qeyri biz hamımız ölə billik..." şuarı altında "Vətənim Azərbaycan" şeir qiraəti müsabiqəsinin keçirildiyini, Şamaxı, Qusar rayonu kəndlərinin orta məktəblərinin kitabxanalarına "Açıq Kitabxana" layihəsi çərçivəsində AXC-yə, o cümlədən, Azərbaycan tarixi və mədəniyyətinə dair ədəbiyyat nümunələrinin təqdim edildiyini, Qobustandakı naməlum türk əsgərinin məzarı ətrafında rəmzi olaraq 100 ağac əkildiyini, bir sıra dövlət əhəmiyyətli tədbirlərə MEK tərəfindən təşkilatı və informasiya dəstəyinin verildiyini diqqətə çatdırıb.

Hesabat iclasında peşəkar kadr axını, təhlükəsizlik, sənədlərin bərpa və konservasiyası, informasiyanın əlaqələndirilməsi kimi problemlər müzakirə edilib. 

Sonda Mərkəzi Elmi Kitabxananın daha da inkişaf edəcəyinə inandığını söyləyən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2018-ci ildəki fəaliyyəti və hesabat təqdimatını bir daha yüksək qiymətləndirməklə iclasa yekun vurub.

 





04.01.2019    çap et  çap et