525.Az

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri davam edir - Fotolar


 

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri davam edir - <b style="color:red">Fotolar </b>

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyədə səfərdə olan nümayəndə heyətimiz Mersin vilayətinin Tarsus rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı və ulu öndərin möhtəşəm abidəsini ziyarət edib.

Mersin vilayəti və Tarsus rayon rəhbərliyi təmsilçiləri ilə birlikdə parkda olan nümayəndə heyətinin başçısı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli parkın salınması və ulu öndərin burada abidəsinin ucaldılmasının Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin parlaq təntənəsi kimi dəyərləndirib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə Türkiyədə hər zaman böyük ehtiram göstərildiyini diqqətə çatdıran Tarsus rayon rəhbərliyinin nümayəndələri bu parka həm Türkiyə, həm də Azərbaycan tərəfindən daim böyük həsasslıqla yanaşıldığını, ulu öndərin abidəsinin yerli ictimaiyyət və qonaqlar tərəfindən tez-tez ziyarət olunduğunu, onun adının, xatirəsinin və əməllərinin daima ehtiramla yad edildiyini bildiriblər.

Parkın ətrafını dolaşan, qarşılıqlı hədiyyələr verən Azərbaycan və Türkiyə nümayəndələri daha sonra Tarsusun görməli yerlərini, tarixi məkanlarını birlikdə gəzib məşhur Tarsus şəlaləsində olublar. Həmçinin, ulu türk ozanı Qaracaoğlanın abidəsini ziyarət ediblər.

Nümayəndə heyətinin sonrakı görüşü Mersin vilayətinin valisi Ali İhsan Su ilə olub. Azərbaycan nümayəndə heyətini qəbul edən vali ölkələrimiz arasındakı dostluğun get-gedə daha da inkişaf etdiyini məmnunluqla dilə gətirib. Mersin və Adananın qurtuluşunun 97-ci ildönümü təntənələrində iştirak edən Azərbaycan nümayəndələrinin bununla vilayət və şəhər rəhbərliyini, yerli ictimaiyyəti çox sevindirdiklərini diqqətə çatdırıb.

Ali İhsan Su Mersin vilayəti, eləcə də onun ayrı-ayrı bölgələri haqqında ətraflı məlumat verib. Bu bölgənin Türkiyənin həm siyasi-tarixi, həm də çağdaş sosial-iqtisadi həyatından önəmli yer tutduğunu, öz limanı, bərəkətli torpaqları ilə ölkə iqtisadiyyatına, xalqına böyük töhfələr verdiyini bildirib.

Vali Mersinin son zamanlar bir sıra sənayə müəssisələrinin inşası, bir çox yeni turizm, ticarət obyektlərinin istifadəyə verilməsi ilə gündəmə gəldiyi, böyük inkişaf perspektlərinin olduöunu vurğulayıb. Tarixi baxımdan, sivilizasiyanın erkən çağlarından burada yaşayış, inkişaf olduğunu deyən vali Mersində türk və dünya tarixinə qızıl hərflərlə yazılmış bir sıra hadisələrin baş verdiyini, eləcə də bir çox qədim tarixi məkanların buranı bütün dünyaya tanıtdığını qeyd edib.

Azərbaycan-Türkiyə münasibətlərində ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sıx dostluğunun müstəsna rol oynadığını deyən Ali İhsan Su qarşılıqlı təmasların daha intensiv hal almasını arzuladıqlarını, eləcə də müxtəlif əlamətdar günlərdə həm Azərbaycana, həm Türkiyəyə, o cümlədən, Mersinə gediş-gəlişlərin artmasının hər iki tərəfdə məmnunluq doğuracağına inamını ifadə edib.

Nümayəndə heyəti adından çıxış edən Emin Həsənli səmimi qəbul üçün vilayət və şəhər rəhbərliyinə, həmçinin, böyük qonaqpərvərlik üçün Mersin əhalisinə, onun ayrı-ayrı bölgələrinin ictimaiyyətinə minnətdarlığını bildirib.

Mersində olduqları müddətdə şəhərin və vilayətin çox ciddi inkişaf etdiyini gördüklərindən bəhs edən E.Həsənli bu işlərdə Türkiyə hökumətinin, Mersin valiliyinin, eləcə də Böyükşəhər Bələdiyyəsinin, yerli bələdiyyə orqanlarının xüsusi fəallıq göstərdiklərini, bu işə böyük töhfələr verdiklərini bildirib.

Daha sonra vali Azərbaycan nümayəndə heyəti ilə bir-bir tanış olub, onlara Mersindəki gəzməli-görməli yerlərdə olmağı tövsiyə edib.

Sonra qarşılıqlı şəkildə rəmzi hədiyyələr təqdim olunub.

Daha sonra Azərbaycan nümayəndə heyəti Mersin Böyükşəhər Bələdiyyəsinin başqanı Bürhanəddin Kocamazla görüşüb.

Böyükşəhər Bələdiyyəsinin binasında nümayəndə heyətinin qəbul edən başqan özünün Azərbaycana sıx bağlı olduğunu, hər iki ölkə ictimaiyyətinin nəbzinin daima birgə vurduğunu qürurla ifadə edib.

B.Kocamaz 20 il Tarsusda bələdiyyə başqanı olduğu müddətdə Azərbaycanın tanınmış insanlarıyla sıx ünsiyyət qurduqlarını, qarşılıqlı ziyarətlər həyata keçirdiklərini bildirib.

Bələdiyyə başqanı türk dünyasının birliyi üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin çox önəmli olduğunu, bu baxımdan, Mersinin də paytaxt Bakı ilə sıx əlaqələrə malik vilayət və şəhər olduöunu qeyd edib.

Emin Həsənli qəbul üçün Böyükşəhər Bələdiyyəsinin başqanına minnətdarlığını bildirərək səmimi duyğularını ifadə edib. Qonaqpərvərliyə, Mersin Böyükşəhər Bələdiyyəsində gördükləri diqqətə görə, öz təşəkkürünü çatdırıb.

Mersinin ədəbiyyat şəhəri kimi məşhur olduğunu, ədəbi mükafatlardan birinin məhz bu viayətin adı ilə bağlılığını məmnunluqla diqqətə çatdıran “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli Bürhanəddin Kocamazın uzun müddət rəhbərlik etdiyi Tarsusun bu baxımdan xüsusi yeri olduğunu önə çəkib.

Tarsusda ənənəvi Qaracaoğlan şeir axşamlarının təşkilini, eləcə də burada möhtəşəm tarixi-arxeoloji abidələrin bərpası və ziyarətə açılmasının həm B.Kocamazın, həm də yerli ictimaiyyətin mühüm xidməti olduğunu qeyd edən Seyfəddin Hüseynli özlərini burada Azərbaycandakı kimi hiss etmələrini dilə gətirib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Nümayəndə heyətinin Mersin səfəri və buradakı görüşləri davam edir.











 





05.01.2019    çap et  çap et