Ermənistan tərəfindən ölkəmizə vurulan zərər və mənəvi itkilər Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq təsnifatı üzrə hesablanır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı ərazilərin işğalından ötən 20 ildən artıq dövrdə tarixi və mədəniyyət abidələrimiz ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir: “İşğal altında olan ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparılır, aşkar olunan məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək ölkədən çıxarılır. Bu barədə beynəlxalq təşkilatlar və superdövlətlər ya susur ya da mövcud fakta ikili standartlarla yanaşırlar”.
Tanınmış iqtisadçı alim, Milli Məclisin deputatı Xanhüseyn Kazımlının rəhbərliyi ilə işçi qrupu və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin əməkdaşlarının apardıqları tədqiqat zamanı məlum olub ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki tarix və mədəniyyət abidələrinin bir qismi – İslam dini abidələri, o cümlədən məscidlər, inanc yerləri, pirlər, qəbirüstü abidələr və qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılsa da, digər qisim abidələr – qaya təsvirləri, mağaralar, süjet xarakterli oymalar, kurqanlar, istehkamlar, qalalar və xristianlıq dövrü memarlıq abidələri hələ də öz mövcudluğunu qoruyub saxlayırlar. Ermənistanın “Radi Doma” saytı, 2013-cü il avqustun 29-da isə Rusiyanın “Regnum” informasiya agentliyi Ermənistan rəsmilərinin məlumatlarına əsasən bildiriblər ki, 2011-ci ildə Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqatda bu ərazilərdə 4000 min tarix və mədəniyyət abidələri qeydə alınıb. Erməni tarixçisi Şagen Mkrtçyanın 2006-cı ildə İrəvanda nəşr etdirdiyi “Qarabağın memarlıq abidələri” kitabında Qarabağdakı abidələrin adları və mövcud olduqları yerlər dəqiq göstərilib. Bu göstəricilər müəyyən qədər azaltmalarla şərh edilsə də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində olan statistik məlumatlarla uyğunluq təşkil edir.
Məlumdur ki, SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarixi və mədəniyyət abidələrinin qeydiyyatının və mühafizəsinin səthi aparılması Dağlıq Qarabağ və ətraf ərazilərdə xeyli sayda tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatından kənarda qalmasına səbəb olub. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və bu istiqamətdə işğal dövrü ermənilər tərəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır.
Qarabağda Ermənistan tərəfindən aparılan bu siyahıyaalmadan məlum olur ki, onlar işğal altında saxladıqları ərazilərdə İslam dini abidələrini qeydiyyata almayıblar. Ekspertlər bundan belə bir nəticəyə gəlirlər ki, işğal ərazilərinə islam dini abidələri də əlavə edilərsə, orada olan abidələrimizin sayı 5000-dən də artıqdır. Bütün bunların dəyəri Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq və həm də müvafiq sertifikatı olan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanmaqdadır.
S.ABDULLAYEVA
çap et