525.Az

Bir neçə söz və termin haqqında - (İkinci yazı)


 

Bir neçə söz və termin haqqında - <b style="color:red">(İkinci yazı)</b>

Türk dilinin orfoqrafiya qaydalarını ilk dəfə Vəli Xuluflu hazırlamış və 1925-ci ildə nəşr etdirmişdir.
 
İlk orfoqrafiya lüğətini də Vəli Xuluflu tərtib etmişdir və bu kitab 1929-cu ildə işıq üzü görmüşdür. Mən ona görə türk dili yazıram ki, həmin vaxt dilimiz belə adlandırılmışdır. Bu fikrin doğruluğu üçün həmin kitabların adlarına baxmaq bəs eləyir: 1. V. Xuluflu. Yeni türk əlifbası ilə yazı qaydaları; 2. V. Xuluflu. İmla lüğəti. "Azərbaycan dili" adı 1937-ci ildən sonra işlənməyə başlamışdır. 1937-ci ilə qədər bütün kitablarımız "Türk dili" adı ilə nəşr olunmuşdur.

V.Xuluflu ilk yazı qaydalarını da, orfoqrafiya lüğətini də yoxdan hazırlamışdır. Onun əlinin altında hazır material olmamışdır. Ona görə lüğətlərdən danışanda Vəli Xuluflunun adını qədirbilənliklə xatırlamaq borcumuzdur.

Orfoqrafiya lüğətimiz sonrakı dövlərdə təkmilləşdirilmiş, zənginləşdirilmiş, mükəmməlləşdirilmiş və dönə-dönə nəşr edilmişdir. 2013-cü il nəşrini 1975-ci il nəşri ilə tutuşduranda biz bu zənginləşməni aydın şəkildə görürük. Son nəşrdə sözlərin sayı 110 563-ə çatdırılmışdır ki, bu da 1975-ci il nəşrindəkindən təxminən iki dəfə çoxdur.  Bu artırmada heç bir süniçilik yoxdur. Dilin lüğət fondu həm alınmalar və terminlər, həm də öz dilimizin unudulmuş doğma sözlərinin hesabına bu qədər zənginləşmişdir. Bu işin uğurunun kökündə lüğətin redaktoru professor İsmayıl Məmmədlinin dilə yaxşı bələd olduğunun və zəngin təcrübəsinin durduğunu ayrıca vurğulamaq lazımdır.

Dilin lüğət fondu o qədər zəngindir ki, orfoqrafiya lüğətinə bütün sözlər daxil edilmişdir deyib onu heç vaxt tamamlamaq mümkün deyil. Çünki hər gün yeni-yeni sözlər tapılır və yaranır. Burada bir neçə söz və termin haqqında danışmaq istəyirəm.

Sürçən. Maşının sürətini ölçən bir cihaz var, onun adı spidometrdir. Orfoqrafiya lüğətində sürətölçən sözü var. Bu da yaxşıdır, lakin onun birinci tərəfi alınma sözdür. Maşın yalnız sürüləndə sürət yaranır. Ona görə sürmək feilinin sür kökünə çən sözdüzəldici şəkilçisini artıranda çox yaxşı bir söz alınır: sürçən. Bu yolla dilimizdə başqa sözlər də əmələ gəlmişdir. Kökü də, şəkilçisi də, yaranma yolu da dilimizə xas olduğuna görə bu sözü işlətmək məsləhətdir.

Əvən. Çilingağac oyununda çilingi vuran adam çevrənin içində durur və ordan çıxmır. Həmin çevrənin içinə əvən yeri deyilir. Bu söz çox güman ki, ev kökündən yaranıb, mərkəz, duracaq anlamı verir. Çilingi vuran adam çevrəni - evi qoruyur. Onun rəqibi çilingi çevrənin içinə ata bilsə, çilingvuran uduzur.

Əvən qədim türk sözüdür. Şumerdə bir Avan şəhəri olub. Gədəbəy rayonunda da biz Avan kəndinin adına qaynaqlarda rast gəlirik. Yardımlı rayonunda hazırda Avan adlı kənd var. Avan və Əvən sözlərinin eyni köklü olduğu şübhə doğurmur.

Düyçə. Cəhrədə yunu əyirəndə onu iyin üstünə dolayırlar. İyin üstünə dolanmış ip düyçə adlanır. Bu söz düymək felinin düy kökünə çə sözdüzəldici şəkilçisi qoşulmaqla yaranıb. Kələfçə sözü də bu yolla (kələf+çə) əmələ gəlib. Kələfçə sözü lüğətdə var, düyçə sözü yoxdur.

Qulac. Türklərin çox qədimdən işlətdikləri ölçü vahididir. Əlin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan uzunluq bir qulac adlanır. Təxminən 1 m-ə bərabər götürülür.

Qulac sözü qol və aç tərkib hissələrindən əmələ gəlib. Qol sözünün qul şəkli sözün çox qədim olduğunu göstərir. Qədim dövrdə o hərifi olmamışdır. Qul sözü sonradan qol şəklinə düşmüşdür. Bunu "Dədə Qorqud"da aydın görürük. Burada ov əvəzinə, av, o şəxs əvəzliyi əvəzinə a işlədilmişdir.

Bir şeyi qulacla ölçən zaman qolu tam açıq vəziyyətdə tutarlar ki, bu da ada tam uyğundur.

Kürmək. İpi, sapı, kəndiri, irəşməni, sicimi iki cür bağlayırlar: kürmək və düyün. Düyünü açmaq çətin olur. Kürməyi elə bağlayırlar ki, onun gödək ucundan tutub dartan kimi açılır.

Özün düyünlədin neçə kürməyi,
Ağzında bal daddı yadın dürməyi.

(İslam Sadıq)

Çəyirli (cəyir). Etnonimdir, qədim türk tayfalarından birinin adıdır. Azərbaycanın əksər bölgələrindəki Cəyir və Cəyirli yer adları bu etnonimlə bağlıdır.

Orfoqafiya lüğətində cəyirli sözü verilmiş, qabağında xalça yazılmışdır. Bu da o deməkdir ki, həmin söz xalq adı kimi lüğətə düşməmişdir.

Qaytaq. Etnonimdir, qədim türk tayfalarından birinin adıdır. Azərbaycanın şimal bölgəsində, indiki Dağıstanda yaşamışlar. Hazırda Dərbənddə qaytaqlar yaşayırlar.

Tozağan. Bir bitkinin adıdır. Başında yumuru qoğuvu olur. Bu qovuğu partladanda duman kimi toz buraxır. Adı da ona uyğun olaraq tozağan qoyulub.

Bozaran tozağan toz sandığıdı,
Yamyaşıl qərzəklər qoz sandığıdır.

(İslam Sadıq)

Gırdın. Böyük bir ağacı kəsib bütün budaqlarını darayandan sonra yerdə qalan gövdəsinə gırdın deyilir. Yalnız kəsilmiş ağacın gövdəsi gırdın adlanır. Bitili ağaca gırdın deyilmir.

Üzündən öpürlər hər dan açanın,
Zibillik solanın, güldan açanın
Sağında, solunda hər danacanın
Boynu gırdın kimi bir kələ durur.

(İslam Sadıq)

Gırcıl. Qışda heyvanların yeməyib axurda saxladığı, yaxud altına dağıdıb bulaşdırdığı ot və saman qalığına gırcıl deyilir. Gırcıl sözünün ədəbi dildə qarşılığı yoxdur. Onun lüğətə düşməyi yaxşı olar.

Yarlıq. Dilimizdə uzun illərdir ki, etiket əvəzinə yarlıq sözü işlədilir. Ədəbi dilə də daxil olmuşdur. Lakin yaddan çıxarılıb "orfoqrafiya lüğəti"nə salınmamışdır.

Sərdən. Köhnə vaxtlarda evin qabağında taxıl sərib qurutmaq üçün sərdən olardı. Bu söz sərmək feilinin sər kökündən və dən ismindən əmələ gəlmişdir. Bu gün də kənd yerlərində taxılın sərilib qurudulduğu yerə sərdən deyilir.

Sərdənimə quşlar təzə sədd çəkir,
Sərdənimi quş əlində qoymaram.

(İslam Sadıq)

Zinrik. Gecənin ən qaranlıq vaxtına zinrik deyilir. Bu söz ədəbi dildə də işlənir. Çünki onun qarşılığı yoxdur.

Bir yolçu yol gedir çay işığında,
Payız zinriyində, yay işığında.

(İslam Sadıq)

Köpməcə. Unu yumurta ilə qarışdırıb yoğururlar. Alınmış xəmirdən kökəyəbənzər çörək bişirirlər. Bişən zaman yaxşı köpür deyə adını köpməcə qoyublar. Kökədən də, çörəkdən də fərqlənir.

Basalaq. Kəndin caatının sıx yaşadığı yerinə basalaq deyirlər. Hər kənddə bir neçə basalaq olur. Çox zaman hər bir basalağa ayrıca ad da qoyurlar.

Tutalğac. Dilimizdə "üzünə tutalğac eləmək" deyimi var. Bir adam üzü gəlmədiyi yerə getmək üçün nəyisə üzünə tutalğac eləyir. "Orfoqrafiya lüğəti"ndə tutqac sözü var. Tutqac parçadan hazırlanır və isti qab-qacağı, daha çox qazanı ocağın üstündən götürmək üçün işlədilir. Tutqac tutalğac deyil. Onlar ayrı-ayrı sözlərdir. Tutalğac konkret bir əşyanın adı olmadığından çox şeyləri üzə tutalğac eləmək mümkündür.

Tuşutmaq. Bir şeyi yönləndirməyə, səmtləndirməyə tuşutmaq deyilir. Bu söz daha çox canlılar haqqında işlədilir. Məsələn, atı bulağa tuşutmaq. Bu o deməkdir ki, atın üzünü bulağa sarı tutub buraxırlar. At da gedib bulaqdan su içir və qayıdır.

Mətəris. Yağışda, küləkdə, qarda insan daldalanmağa bir yer axtarır və ora girir. Həmin yerə mətəris, ora sığınmağa mətərislənmək deyilir. Mətərislənmək nə daldalanmaqdır, nə də sığınmaq. Kimsə səni görməsin deyə bir ağacın, daşın, divarın dalında daldalana bilərsən, bu mətərislənmək deyil. Bir qorxu zamanı kiməsə, nəyəsə sığınmağa da mətərislənmək demirlər. Yalnız yağışdan, küləkdən, qardan, günəşin istisindən qorunmaq üçün harasa girməyə mətərislənmək deyirlər.

Çara. Doğacaq heyvan doğmağa yaxın çara buraxır. Heyvanın doğacağını da çox zaman bundan bilirlər. Onun ədəbi dildə qarşılığı yoxdur.

Balqabı. Bal qoyulan qaba baldanla yanaşı, balqabı da deyirlər. Hər iki söz dilimizdə eyni dərəcədə işlənir. Heç biri də "Orfoqrafiya lüğəti"nə düşməmişdir.

Boyğördü. Qız ər evinə köçəndən bir neçə gün sonra ata-anası, qohum-qardaşı onu görməyə gəlirlər. Buna boyğördü deyirlər. Oğlan tərəfin adamlarının gəlini ilk dəfə görməyə gəlmələri də boyğördü, boyğörmə adlanır.

Silgəc. Bu söz "Orfoqrafiya lüğəti"nə silkəc şəklində daxil edilib. Söz heç vaxt silkəc şəklində deyilmir. Onun silgəc şəklində yazılışı daha yaxşı olar.  Sözün bu cür deyilişi də qulağa daha xoş gəlir, səslənişindəki şirinlik aydınca duyulur. Silgi sözü də onun silgəc şəklində yazılışının daha doğru olduğunu göstərir.

Sitildəmək. Üşümək hələ sitildəmək deyil. İnsan üşüyər, lakin sitildəməyə bilər. Sitildəmək isə nəinki üşüməkdir, hətta onun ən ağır, bəlkə də son mərhələsidir. Sitildəmək sözün həqiqi anlamında soyuqdan tir-tir əsməyi, dişlərin ağızda şaq-şaqqıldamağını bildirir.

Sitildəmək tək hala, sitildəşmək cəm hala aiddir. Üşüyən adam tək olanda, ona sitildəşir yox, sitildəyir deyirlər.

Yarıxmaq. Çayı keçməyin bir neçə yolu var. Üstündən körpü salıb keçirlər. Addamaş düzəldib keçirlər. Bir də ayaqlarını soyunub suya girir və bu cür bu taydan o taya keçirlər. Sonuncuya yarıxmaq deyirlər. Məsələn, çayı necə keçdin? sualının üç cavabı var. Birinci deyir ki, körpüdən keçdim. İkinci deyir ki, addamaşdan adladım. Üçüncü deyir ki, yarıxdım. Göründüyü kimi, bunun hər üçü çayı keçməyi bildirir. Lakin yarıxmaq, addamaq və körpüdən keçmək ayrı-ayrı şeylərdir, ona görə də hər biri haqqında ayrıca söz işlədilir.

Salba. İnsana, heyvana, ağaca və s. atılan ağac parçasına salba deyirlər. Əl çatmayan meyvəni salmaq üçün ağaca salba atırlar. Salba ancaq ağacdan olur.

Yığval. Dilimizdə bəxt və tale ilə yanaşı, yığval sözü də işlədilir. Bəxt və tale alınmadır, yığval öz sözümüzdür. Üçüncünün məna tutumu birinciyə və ikinciyə nisbətən daha genişdir. Daha yaxşı səslənir. Deyilişində bir şirinlik və doğmalıq var.

Baxtı yatıb, yoxsa onun
Yığvalımı nəs gəlibdi.
Neçə vaxtdı bu dünyanın
Yumurtası tərs gəlibdi.

(İslam Sadıq)

Sadır. Bir adam uzun müddət əlini yumayanda kir üst-üstə yığılır, dəri görünmür. Buna sadır deyirlər. Belə adamlar haqqında "filankəsin əlləri sadır bağlayıb" cümləsini işlədirlər. Sadırın ədəbi dildə qarşılığı yoxdur. Onun daşıdığı anlamı başqa heç bir sözlə vermək olmaz. Ona görə ədəbi dildə də işlənir. Bu söz çox adama tanış olmaya bilər. Buna baxmayaraq, onu işlətmək lazımdır.

Nubar. Ağacın ilk meyvəsinə nubar deyilir. "Ağacım bu il nubar verib" o deməkdir ki, ağac ilk dəfə meyvə gətirib "Orfoqrafiya lüğəti"ndə novbar sözü var. Əgər onu nubar sözünün əvəzinə lüğətə daxil ediblərsə, bu, doğru deyil. Azərbaycanın əksər bölgələrində ağacın ilk meyvəsinə nubar deyirlər. Novbar sözü demək olar ki, işlənmir. Ədəbi dildə də onun nubar yazılışına daha çox rast gəlinir.

Pucuru calayır quru budağa,
Özü də həvəslə nubar gözləyir.

(İslam Sadıq)

Coma. Yay evinin bir növüdür. Yayda yaylağa köçənlər coma qururlar. Coma asanlıqla sökülüb-yığılan olur. "Orfoqrafiya lüğəti"ndə alaçıq və dəyə sözləri var, coma yoxdur. Bunların hər üçü yay evi olsa da, bir-birinin eynisi deyildir. Dəyənin üstünü qalın keçə ilə, comanın üstünü çadırla örtürlər.

Qavlama. Təxminən 3-4 litr tutan mis qabın adıdır. Bu gün də işlədilir. "Orfoqrafiya lüğəti"ndə qablama sözü var, qavlama yoxdur. Qablama feildir, yığışdırıb qablaşdırmaq anlamındadır. Qavlama isə isimdir. Göründüyü kimi, onlar ayrı-ayrı sözlərdir. Deyilişləri də eyni deyil.

Muxul(luq). Muxulluq paxıllığın bir növüdür, ancaq onun eyni deyil. Bu iki sözün anlam çalarları üst-üstə düşmür. Paxıl adam paxıllığını tez bildirir, gizlətmir. Muxul muxulluğunu içində saxlayır, onu sezmək, duymaq çətin olur.

Layın. Layınlıq axmaqlığın bir növüdür. Məsələ burasındadır ki, hər axmağa layın demirlər. Bu söz yalnız konkret adamlar haqqında işlədilir. Axmaqlığın həmin növünü başqa sözlə ifadə etmək olmur.

Çümrük. Ayranı qazanda qaynadıb çürüdürlər. Sonra torbadan süzüb şorunu götürürlər. Şoru götürüləndən sonra yerində qalan suya çümrük deyirlər. Ana dilimizin öz sözüdür, ədəbi dildə də başqa qarşılığı yoxdur.

Kümə. Balaca qara dama kümə deyirlər. Kümə daha çox yeri qazmaqla tikilirdi və üstü torpaqlanırdı. Belə evlər daha çox qara dam adlanırdı. Kümə isə qara damın lap balacasıdır. Elə ona görə indi də darısqal, balaca evlərə kümə deyilir.

İfçin. Dörd nala bir ifçin deyilir. Atı ifçin nallamaq dörd ayağını da nallamaq deməkdir. "Koroğlu" dastanının "Həmzənin Qıratı aparmağı" qolunda Koroğlu deyir:

Yay olanda dağa yollat!
Yaz olanda ifçin nallat!

İfçin sözü lüğətdə ipçin şəklində verilmişdir. Burada f səsinin p səsi ilə əvəzlənməsi sözün deyilişində ağırlıq yaratmış, onu çətinləşdirmişdir. Əslində, onların dəyişdirilməsinə heç bir ehtiyac yoxdur. Onsuz da sözü heç kimi p səsi ilə demir. Qıf sözünü qıp, qıfıl sözünü qıpıl kimi yazmırıqsa, ifçin sözünü ipçin şəklində yazmağa da heç bir ehtiyac yoxdur. Ona görə sözün ifçin kimi yazılmağı daha yaxşı olar.

"Azərbaycan dilinin Orfoqrafiya lüğəti"nin 2013-cü il nəşrində xoşagələn cəhətlər çoxdur. Bunun biri sapılca, safıl, laydır, əsən, xamralı, tağalaq, tanıq, təzənə kimi dilimizin doğma sözlərinin unudulmamağıdır. Digəri qaçaqaç, qovhaqov, daşadaş, daşhadaş kimi sözlərin lüğətə salınmasıdır. Bunlar eyni sözün təkrarı yolu ilə yaranır, a, ba, bə, ha hecalarından biri araya girərək onları bir-birinə bağlayır. Dilimiz bu cür sözlərlə çox zəngindir. Aşaaş, aşhaaş, yolayol, yolhayol, qırhaqır, qalhaqal, tikəbətikə, pıçhabıç, sürhasür, qovuşhaqovuş, sovuşhasovuş və s. Bir neçə cümləyə baxaq: "səhərin gözü yenicə açılhaaçıldaydı ki, quşlar pırılhapırıl uçub həyətdəki ağcaqayın ağacının budaqlarına qonurdular"; "Şırhaşır yağan yağışdan sonra sular təzəcə durulhaduruldaydı ki, göy gurhagur guruldadı, buludlar qılınc kimi şaraqhaşaraq şaqqıldadı". Həmin sözlərin hesabına burada fikrin ifadəsinin nə qədər gözəlləşdirildiyi göz önündədir. Bu cür sözlərin bir çoxu lüğətdə var, lakin onların sayı yetərincə çoxdur.

Yatıb qaldım yathayatnan,
Batıb qaldım bathabatnan.
İçin-için çathaçatnan
Yana-yana yanmaz oldum.

(İslam Sadıq) 

Sən bərəni aşhaaşda,
Səbrim dolub daşhadaşda.
Qovhaqovda, qaçhaqaçda
Yelim sənə çatmır, axı!

(İslam Sadıq)                                              

Sular axıb gedir şırılhaşırıl,
Quşlar uçub gedir pırılhapırıl.
Burda gözəlliyə vurulhavurul,
Yaradan hər şeyi gözəl yaradıb.

(İslam Sadıq)

Bu qəbildən olan sözlər dildə indi də yaranır. Onları da toplayıb lüğətə daxil etmək lazımdır.

"Azərbaycan dilinin Orfoqrafiya lüğəti"nin hazırlanmasının bütün ağırlığı  tərtibçilərin çiyinlərinə düşsə də, beş nəfər, on nəfər onun öhdəsindən gələ bilməz. Elə bir adam tapmaq olmaz ki, dilin lüğət fondunu bütünlüklə yaddaşında saxlasın. Ona görə hər dəfə lüğət işıq üzü görəndə zərrəbinlə nöqsan, çatışmazlıq axtarmaqdansa, hər kəs əlindən gələn bacardığı köməyi əsirgəməməlidir. Unudulub lüğətə düşməyən sözləri toplamaq, terminlər yaratmaq, dilin saflığını qorumaq hər bir söz adamının, sənətindən, peşəsindən asılı olmayaraq bütün ziyalıların borcudur.

Mən topladığım beş yüzə yaxın sözü AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Tətbiqi dilçilik" şöbəsinin müdiri, lüğətin redaktoru professor İsmayıl Məmmədliyə vermişəm. Yəqin ki, məsləhət bildiklərini seçib lüğətin yeni nəşrinə daxil edəcəkdir.

İslam SADIQ 

 





09.01.2019    çap et  çap et