525.Az

Ötən il Azərbaycan Milli İncəsənət Muzeyi üçün çox məhsuldar olub


 

Ötən il Azərbaycan Milli İncəsənət Muzeyi üçün çox məhsuldar olub<b style="color:red"></b>

Ötən il Azərbaycan Milli İncəsənət Muzeyi üçün çox məhsuldar olub. Muzeydən bildiriblər ki, ilboyu çoxsaylı sərgilər, tədbirlər təşkil edilib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna xidmətləri olmuş dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən "Qürur və Düha. Yaşayan əfsanə" və "Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgiləri baş tutub. 1918-ci il mart soyqırımında şəhid olmuş soydaşlarımızın xatirəsini yad etmək və Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusunun yaradılmasının 100-cü ildönümü münasibətilə Bakı Yunus Emre İnstitutu və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə "Tarixi prosesdə Osmanlı miniatürləri" sərgisi təşkil edilib. Bundan başqa, İsveçrədə turizmi təşviq edən "Switzerland Tourism" təşviqat assosiasiyasının 100 illik yubileyi münasibətilə "Tətilə gedin!" adlı Vintaj poster sərgisi açılıb. Həmçinin Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Bayram Hacızadənin fərdi sərgisi təşkil edilib və "Kirpi"nin rəssamları" kitabının təqdimatı olub.

Ötən il "Anderqraund - yeni həyat", "Özün üçün təbəssümü kəşf et" adlı sərgilər də baş tutub və "eMotion 32" layihəsinin təqdimatı keçirilib. Eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti - 100. Müstəqilliyimizin sələfləri" sərgisini, "Miras və müasirlik miniatür sənətində" fotorəssam Rüstəm Hüseynovun yaradıcılığına həsr edilmiş sərgini, Niyazi 9 ünvanında yerləşən yeni ekspozisiyanın açılışını ötən ilin uğurlarından hesab etmək olar.

Eyni zamanda, muzeydə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu tərəfindən Bakıda keçirilən "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı konfrans çərçivəsində təşkil olunan "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi baş tutub. Həmçinin, Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistanın azadlıq lideri Mahatma Qandinin 150 illik yubileyinə həsr edilmiş tədbirdə xalq rəssamı Ömər Eldarovun muzeydə qorunan "Mahatma Qandi 1987" əsəri sərgilənib. Daha bir maraqlı sərgi isə Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyi ilə əlaqədar Bakı Ekspo Mərkəzində keçirilib. "Milli incəsənət üçün metroya" muzeyin Bakı Metropoliteni ilə birgə layihəsi əsasında Nərimanov stansiyasının ərazisində ilk dəfə muzeyin kolleksiyasında qorunan eksponatlardan seçilmiş 90 boyakarlıq, qrafika əsərinin reproduksiyalarının təqdimat-sərgisi də maraqla qarşılanıb.

Muzeyin təşkil etdiyi beynəlxalq sərgilər də uğurlu olub. Bu sərgilər sırasında Moskvada, Dövlət Tretyakov Qalereyasında rus rəssamları V.V.Vereşaqinin və A.İ.Kuincinin yaradıcılığına həsr edilmiş fərdi sərgiləri qeyd etmək olar. Həmin sərgilərdə Milli İncəsənət Muzeyinin eksponatları nümayiş etdirilib.

Xalq artisti Çingiz Sadıxovun qiymətli arxiv materialları muzeyə təqdim olunub

Bu günlərdə görkəmli Azərbaycan pianoçusu, Xalq artisti Çingiz Sadıxovun qiymətli arxiv materialları Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, materialları Çingiz Sadıxovun həyat yoldaşı Ceyran xanım ABŞ-dan gətirib. Qeyd etmək lazımdır ki, Sadıxovlar ailəsi artıq 25 ildir ki, ABŞ-da yaşayır. Hədiyyə olunmuş materiallar arasında pianoçunun "Şöhrət" ordeni və Azərbaycanın Xalq artisti medalı, fotolar, ABŞ Prezidenti Bill Klintonun məktubu və bir çox başqa sənədlər yer alır. Ümumilikdə muzeyə sənətkarla bağlı 51 material təqdim edilib.

Xatırladaq ki, bir il əvvəl Ceyran xanım Çingiz Sadıxovun arxivinin bir hissəsini artıq muzeyə hədiyyə edib.

 





09.01.2019    çap et  çap et