525.Az

"Dilçilik elmində Afad Qurbanov irsi"nin təqdimatı oldu


 

"Dilçilik elmində Afad Qurbanov irsi"nin  təqdimatı oldu<b style="color:red"></b>

Mədəniyyət Nazirliyi, AMEA Nəsimi adına Dilçilik İnstitutu və Milli Kitabxananın birgə təşəbbüsünün və işinin nəticəsi olan "Dilçilik elmində Afad Qurbanov irsi" adlı kitabın təqdimat mərasimi keçirildi.

Kitab görkəmli dilçi-alim, türkoloq, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilib. İlk öncə tədbir iştirakçıları "Görkəmli dilçi-alim Afad Qurbanov 90" adlı geniş kitab sərgisi ilə tanış olublar.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb və çıxışında görkəmli azərbaycanşünas alim, dünya şöhrətli türkoloq Afad Qurbanovun türkologiya, ümumi dilçilik və Azərbaycan dilçiliyi sahəsində dəyərli araşdırmaların müəllifi olduğunu söyləyib. Afad Qurbanovun elmi yaradıcılığının zəngin və çoxşaxəli olduğunu bildirən Kərim Tahirov akademikin Azərbaycan ədəbi, türkoloji dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələrdə yazdığı çoxsaylı, iri həcmli fundamental kitablarının elmi işçilər və tədqiqatçılar üçün dəyərli mənbəyə çevrildiyini deyib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək akademik Afad Qurbanovun zəngin, çoxşaxəli elmi yaradıcılığından, elmi kadrlar yetişdirməsindəki səmərəli fəaliyyətindən geniş söhbət açıb. Akademik Möhsün Nağısoylu onu da deyib ki, Afad Qurbanov Azərbaycan dilçilik elmini zirvələrə qaldıran, ömrünü dilimizə həsr edən bir şəxsiyyət olub.

ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev alimin Azərbaycan dilçiliyi sahəsində etdiyi dəyərli araşdırmaları haqqında geniş məlumat verib və akademik Afad Qurbanovun Azərbaycan dilçilik elmində böyük məktəb yaratdığını, yüksək ixtisaslı kadrlar yetişdirdiyini bildirib.

ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov görkəmli alim Afad Qurbanovun latın qrafikalı yeni Azərbaycan Əlifbasının yaranmasında göstərdiyi misilsiz xidmətlərdən və dilçilik elmindəki nailliyyətlərindən danışaraq, alimin yazdığı hər bir kitabın dilşünas alimlərin, tələbələrin, tədqiqatçıların stolüstü kitabına çevrildiyini bildirib.

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova müəllifi olduğu "Dilçilik elmində Afad Qurbanov irsi" adlı monoqrafiyada A.Qurbanovun dilçiliyin müxtəlif sahələrini və əlifba məsələsini əhatə edən konseptual elmi tədqiqat əsərlərinin, yaradıcılıq yolunun təhlil edildiyini söyləyib.

AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri üzrə fəlsəfə doktoru İradə Kərimova, professor Asəf  Zamanov, Xalq şairi Nəriman Həsənzadə və digər ziyalılar çıxış edərək görkəmli alim Afad Qurbanovun Azərbaycan dilçilik elminə verdiyi böyük töhfələrdən, eləcə də latın qrafikalı yeni Azərbaycan əlifbasının yaranmasındakı xüsusi xidmətləri haqqında geniş söhbət açıblar.

Sonda Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, Əməkdar elm xadimi, akademik Afad Qurbanovun ailəsi adından professor R.Qurbanov çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

 





11.01.2019    çap et  çap et