525.Az

Yerin işini bitiririk, növbə Ay və Marsındır...


 

Yerin işini bitiririk, növbə Ay və Marsındır...<b style="color:red"></b>

"Tanrı bizə fındıq bəxş edər, amma qabığını sındırmaz" - bu cümlə dünya ədəbiyyatının dahi nümayəndəsi Frans Kafkaya məxsusdur.

Yazıçı, çox güman, demək istəyib ki, əslində, Tanrı bizə zəngin bir planet bəxş edib, sonra insanı yaradıb, başına beyin, onun da içinə ağıl yerləşdirib. Ondan sonrası hamıya məlumdur. 200 min il bundan əvvəl mağaralarda daldalanan Neandertal ilə bu gün lüks avtomobildə gəzən insan arasında çox fərq var. Aralarındakı tək oxşarlıq ikisinin də vaxtaşırı qidalanmaya olan ehtiyacıdır.  

ARTIQ 2-ci DÜNYAYA EHTİYAC VAR 

Hollivudun "Marslı" (The Martian) filmində qırmızı planetə göndərilmiş bir botanik-kosmonavt 4 il orada tək qalır. O, qida və su əldə etməyə məcburdur. Əlində cəmi bir ədəd kartof qalmış kosmonavt Marsda kartof yetişdirir. ABŞ-ın bəzi dairələri dünyada ictimai rəyi formalaşdırmaq üçün Hollivud filmlərindən professionallıqla istifadə ediblər. Soyuq müharibə illərindən bəri Hollivud bəzən 30, bəzən isə 50 il sonra baş verəcək hadisələr haqqında peyğəmbərlik edib. Beləliklə, ABŞ Marsa da əl atdı. 2018-ci ilin noyabr ayında NASA-nın göndərdiyi üçüncü kəşfiyyat aparatı “İnSight” kosmik gəmisi Marsın səthinə eniş edib. Kosmik aparatın səfəri 6 ay davam edib. “İnSight” "Qırmızı Planet"in yeraltı strukturunu öyrənir. Qiymətli metallar, ya da minerallar istənilən həcmdə olarsa, Qırmızı planetdə böyük insan məskənləri salınacaq. Nasa əvvəlki kəşfiyyat səfərlərindən də Mars torpağı nümunələri gətirmişdi. Hətta hollandiyalı mütəxəssislər, NASA-nın Marsdan gətirdiyi torpaq nümunələrində kartof, pomidor və s. yetişdiriblər. Bu problem həll olunacaqmı, onu zaman göstərəcək, amma artıq Marsa göndəriləcək plastik şitilxana nümunələri hazırdır. NASA, gələcək 10 ildə Marsa insan uçuşlarını planlaşdırır. Məqsəd Marsda kartofçuluğun inkişafı deyil, ora gedəcək işçilərin qarnını doyurmaqdır.

Ayda kəşfiyyat aparılması isə Çinin ixtiyarına verilib. 2019-cu ilin ilk günlərində Çinin pilotsuz "Çangı-4" aparatı ilk dəfə Ayın qaranlıq tərəfinə enib. Stansiyanın içərisində ayda aşağı çəkisizlik şəraitində orqanizmlər yetişdirmək üzrə təcrübələr də daxil olmaqla araşdırmalar və eksperimentlər aparacaq qurğu var. Qiymətli metallar, ya da minerallar istənilən həcmdə olarsa, Ayda Çin dövləti Planetdə insan məskənləri salacaq. Təbii ki, Marsa, ya da Aya gedəcək insanlar ömürlük orda qalmağa məhkumdurlar. Sual yaranır. Bütün bunlar niyə baş verir? Başqa planetlərdə resurs axtarmaq zərurəti niyə yaranıb? 

ÖMRÜNÜZ SU KİMİ VƏ SU QƏDƏR OLMASIN 

İnsanın sağlıqlı yaşaması üçün yeraltı və yerüstü sərvətlərə ehtiyacı var. Dünya əhalisinin plansız artımı və getdikcə artan sənayeləşmə səbəbilə təbii mənbələrə ehtiyac da artır, meqa inşaatlar əkin sahələrini və meşələri yox edir. Mütəxəssislərin fikrinə görə, yaxın illərdə dünyada meşələr, münbit torpaqlar, faydalı qazıntılar, fosfor, təbii qaz, neft, daş kömür, su və hətta təmiz hava ehtiyatları tükənəcək. Proqnozlar çox qorxuducudur. Xüsusən də ətraf mühitin çirkləndirilməsi və su - daha doğrusu, susuzluq problemləri diqqət çəkir. Bir gün gələcək ki, səhər oyandığımızda sular tamamən kəsiləcək. Bir insan 3 həftə ac qala bilər, ancaq susuz maksimum 1 həftə yaşayar. Suya o qədər az dəyər verilir ki, hər gün milyonlarla ton tullantı suya axıdılır. Bunların içində ağır metallar, toksik maddələr də var. Dünyada içməli su mənbələri sürətlə tükənməkdədir. Planetimizin 70 faizi sudur. Ancaq bu suyun yalnız 2 faizi içməli saf sudur. İqlim dəyişikliyi şirin su ehtiyatlarını xeyli azaldıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 2030-cu ildə 3 milyard insanın bir qurtum suya həsrət qalacağını proqnozlaşdırır. Hesabata görə, qlobal istiləşmə bu templə davam edərsə, 2030-cu ilədək kakao, qəhvə, bəzi şərab üzümü sortları yox olacaq, noxud, çiyələk, avokado, banan istehsalı 50 faiz azalacaq. 1 fincan türk qəhvəsi lüks içkilər kateqoriyasına daxil ediləcək. İstiləşmə çəltik tarlalarının 33 faizini qurudacaq. Təşkilat həmçinin, 2050-ci ilədək Şərqi Asyadakı çəltik tarlalarının Orta Asya çöllərinə və Avropaya daşınacağını proqnozlaşdırır. Kaliforniya, Berkley Universitetinin alimlərinin araşdırmalarına görə, əkinə yararlı torpaqlar dincə qoyulmadığı üçün minerallar bərpa olunmur və bu torpaqlar dövriyyədən çıxır. Universitetin professoru Ron Amundson, "Planetin son limitinə gəldik. Fəlakətlə üz-üzə gəlməmiz an məsələsidir" - deyib.  

2018-Cİ İL ƏRZİNDƏ İSTEHSAL EDİLƏN QİDA MƏHSULLARI AVQUSTDA TÜKƏNİB 

Dünyada qida resursları tükənməkdədir. Ekspertlərin hesablamalarına görə, 2050-ci ildə insanları doyurmaq üçün ikinci bir planetə ehtiyac duyulacaq. Çünki planetimizdə yetişdirilən nemətlər dünya əhalisini doyura bilmir. Yer üzündə qida və su mənbələrinin istehlakını araşdıran Global Footprint Network Təşkilatı (GFN) vəziyyətin kritik olduğunu qeyd edib. Təşkilatın araşdırmasına görə, planetimizdə istehsal olunan qida məhsulları və su mənbələri 1970-ci ildən bəri sürətlə tükənməkdədir. İl ərzində istehsal olunan məhsullar 1970-ci ildə 23 dekabr, 1980-ci ildə 3 noyabr, 1990-cı ildə 13 oktyabr, 2000-cu ildə 4 oktyabr, 2010 ildə 28 avqust, 2015-ci ildə 13 avqustda yeyilib. GFN-ə görə, 2018-ci il ərzində yetişdirilən və istehsal edilən bitki, heyvan mənşəli qida məhsulları və su qaynaqları 2 avqust etibarilə bitib. Bu tarixdən sonra istehlak olunan məhsullar isə kreditdir. Yəni borc, ya da idxal. Ekspertlərin hesablamalarına görə, 2050-ci ildə istehsal olunan qidalar və su qaynaqları elə ertəsi gün bitəcək. Günümüzdə çox şey planlı olsa da, qidalanmamız tamamən xaotikdir. Dünyada heç bir dövlət vətəndaşının qidalanmasına qarışmır. Ancaq insanların qida mədəniyyətinə və sağlıqlı qidalanması üçün maarifləndirilməyə ehtiyac var. Bolluq sevindiricidir, ancaq hər zaman qıtlıqla nəticələnə bilər. Dünyada yeni ərzaq siyasəti standartları tətbiq olunmasa, bəzi qida məhsulları ilə tamamən vidalaşacağıq.  

DÜNYADA 815 MİLYON AC VƏ 640 MİLYON ŞİŞMAN İNSAN VAR 

BMT-nin 2017-ci il hesabatına görə, “Dünyada 815 milyon ac və 640 milyon şişman insan var". Bu rəqəm problemin acların deyil, toxların doymamasından qaynaqlandığını göstərir. Dünyada ən şişman ölkələrə nəzər salaq: Qətər, Küveyt, Baham adaları, Fici, ABŞ, BƏƏ, Bəhreyn və... Səudiyyə Ərəbistanında hər 4 nəfərdən biri, Kanada, Avstraliya, Birləşmiş Krallıqlar və Türkiyədə hər 5 nəfərdən biri şişmandır. Bu ölkələr heç də yoxsul ölkələr deyil. "McKinsey Global" İnstitutunun araşdırmasına görə, dünya əhalisinin 30 faizi şişmandır və 2030-cu ildə bu rəqəm 50 faizədək artacaq. Sual yaranır: Niyə? Bazar araşdırmaları onu göstərir ki, bəzi QHT-lər və Reytinq Qurumları məsələnin əsl səbəbinin ortaya çıxmasında heç də maraqlı deyillər. Son 20 ildə şişman insanlar üçün nəzərdə tutulmuş tikilən geyim ölçüləri XXL-dən 7XL-ə dək, ayaqqabı ölçüləri isə 45-dən 48-ədək böyüyüb. Qida sektorunda fast-food qablarının üzərində sevinən şişman insan şəkilləri, TV və küçə reklam edilən böyük ölçülü pizzalar, onların yanında hədiyyə edilən qazlı içkilər və bu qidaları evlərə çatdıran kuryer xidmətləri əslində, böyük təşviqlərdən xəbər verir. Vəziyyət o həddə çatıb ki dünyada şişimanlığın özünə məxsus iqtisadi bazarı yaranıb. Artıq şişmanlar üçün gecə-gündüz çalışan tekstil, qida, tibb, dərman preparatları, xidmət sahələri var. Bu sektorun dünya üzrə illik dövriyyəsi 2 trilyon dollardır. Həkimlər üçün şişman bir insan xəstə də olsa geyim və fast-food istehsalçıları üçün əla müştəridir.   

DÜNYANIN YARISI 5 ÖLKƏDƏ YAŞAYIR  

Bu gün sayı 7,3 milyard olan dünya əhalisinin təqribən yarısı Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliyada yaşayır. 1960-cı ildə sayı 3 milyard olan dünya əhalisi, 2010-cu ildə 6,9 milyarda çatdı. Planet sakinlərinin sayının 2050-ci ildə 9 milyard olacağı proqnozlaşdırılır. 194 ölkə arasında əhalisinin sayına görə ilk sırada 1 milyard 367 milyon insanın yaşadığı Çindir. İkinci yerdə isə 1 milyard 252 milyonluq Hindistan. Çin və Hindistan şişman insanların nisbətən az olduğu ölkələrdir. Çin mətbəxi dediyimizdə gözümüzün önünə it, pişik, əqrəb, böcəklər, siçovul, kərtənkələ, hətta meymun beynindən xörəklər gələ bilər. Hindistanda isə induizm dininə görə inək müqəddəs heyvandır və kəsilmir. Dünya əhalisinin üçdə birinin yaşadığı Çin və Hindistanda insanların hər gün təzə dana və quzu əti, kabab yeməməsi sevindiricidir. Əgər bir gün bu iki ölkənin insanlarının iştahı artsa, qiyamət o zaman qopacaq. Bu iki ölkədə artıq içilən hər 2-ci süd fincanı və ya 2-ci sendviç dünya ərzaq birjalarında çalxalanmalara səbəb ola bilər. İnanmayacaqsınız, amma qərb ölkələrindəki bəzi institutlar hər il Çin və Hindistanın iştahının artıb-artmadığını araşdırır. Hətta 2017-ci ildəki bir araşdırmanın nəticələrinə görə, Çində 2030-cu ildən etibarən 7 yaşından yuxarı hər dörd uşaqdan biri şişman olacaq. Çində şişmanlığın artma səbəbi nədir? Səbəbi insanların gəlirlərinin artması. Deyəsən, qorxduğumuz başımıza gəlir. Amerikalı ekspertlərin fikrinə görə, 1995-cı ildə çinlilərin menyusunda, ət məhsulları bu günlə müqayisədə 3 dəfə az olub. Süd məhsullarının istehlakı isə 1995-ci ilə nisbətən 4 dəfə artıb. 2008-2016-cı illərdə hazır qida məhsulları alan çinlilərin sayı artıb. Ölkədə əkinə yararlı torpaqlar o qədər məhdudlaşıb ki, Çin hökuməti özəl firmaları ABŞ, Ukrayna, Tanzaniya, Afrika və Çili kimi dövlətlərdə ərazilər almağa təşviq edir. Artıq bir neçə ildir ki Çin şirkətləri bir çox ölkədə qida məhsulları emalı və istehsal edən müəssisələr satın almağa başlayıb.  

ƏR-RİYADIN DUŞ ALMADAN SÜD VERMƏYƏN İNƏKLƏRİ 

BMT-nin hesabatına görə, "Afrikada 31 ölkə, xaricdən aldığı yardım hesabına dolanır. Müharibə və etnik münaqişələr, iqlim fəlakətləri və köç məcburiyyəti milyonlarla insanın ərzağa olan tələbatını artırıb". Efiopiya, Liviya, Madaqaskar, Mozambik, Nigeriya, Somali, Sudan, Suriya, Uqanda, Yəmən, Zimbabve və s. kimi ölkələr buna misal ola bilər. Ən təəccüblüsü isə bu siyahıda Yəmənin də olmasıdır. Neft, qaz, mərmər, kömür, qızıl, qurğuşun, nikel, mis... Bunlar Yəmənin sahib olduğu faydalı qazıntıların bir hissəsidir. Bu gün Yəmən dünyanın qaynar nöqtələrində biridir və son 8 ildə ölkədə 10 mindən çox insan öldürülüb, 40 mindən çoxu isə yaralanıb. Yəməndə 1 qurtum su həyat ikən şimal qonşusu Səudiyyə Ərəbistanda duş almadan süd verməyən inəklər var. El Safi səhrasındakı bu təsis böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Səudiyyə Ərəbistanında hər şey dünyadakı başqa ölkərə nisbətən daha təntənəli və daha lüksdür. O qədər lüks ki, qızmar səhrada inəklərin ürəklərini qorumaq üçün vaxtaşırı onlara soyuq duş verirlər. Burda gündə 1 milyon litr süd sağılır və 1 lt süd üçün 2 ton su sərf edilir. Kondisionerli binalarda saxlanan 50 min Holstein inəyi üçün ABŞ və Braziliyadan QDO-lu qarğıdalı və soya yemi gətirilir. Südün maya dəyəri haqqında danışmağa belə dəyməz, çünki bu, kompleksin sahibi üçün 3-cü dərəcəli məsələdir. Əsas məsələ Ginnesin rekordlar kitabına düşmək imiş. Ərəb baharının baş qaldırdığı 2011-ci ildə ildə fermaya “Danone” şirkəti ortaq oldu...

Dünyada gəlir ədalətsizliyi var. Heç bir faydalı qazıntının, təbii mənbənin olmadığı bəzi ölkələr rifah içində yaşayır, torpağının altı da, üstü də sərvət olan Afrikada isə bir ovuc qarğıdalı kəpəyi - bir südəmər körpəsi olan bir ananın günlük yeməyidir. Milyardlarla ton qidanın yeyilmədən atıldığı dünyamızda aclıqdan ölən insanlar var. Əslində, qida məhsullarının sürətlə tükənməsinin səbəblərindən biri - İsrafdır. Boston Consulting Group (BGS) Təşkilatı ildə 1.6 milyard ton, yəni 1.2 trilyon dollarlıq qidanın atıldığını açıqlayıb. Proqnozlara görə, 2030-cu ildə bu rəqəm 2.1 milyard tona, israf dəyəri isə 1.5 trilyon dollara qədər artacaq. BGS-in hesabatına görə, dünyada aclıqdan əziyyət çəkən 870 milyon insan var. İşin ən gülünc tərəfi isə odur ki, son 15 ildir aclıqdan çox şişmanlığa çarə axtarılır. Dünyada qida istehsalına olan nəzarət onun planlı şəkildə istehlakına da tətbiq olunsaydı, vəziyyət bu dərəcəyə çatmazdı.

Tanrı yaşamaq üçün bizə nəhəng Yer planetini bəxş edib. Onu qorumağı isə insanın öz öhdəsinə buraxıb. İnsan oğlu Yer planetini yeyib bitirmək üzrədir. Növbə Marsla Ayındır...


(İstanbul)  

 





15.01.2019    çap et  çap et