525.Az

Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında


 

Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" kitabı nəşr olunub.

Milli Kitabxananın arxiv materialları əsasında tərtib olunan və ilk dəfə işıq üzü görən bu topluya professor Asif Rüstəmlinin yazdığı "Ön söz"ü cüzi ixtisarla oxuculara təqdim edirik.

(Əvvəli ötən sayımızda) 

M.C.Paşayev 1940-cı ildə ədəbi-ictimai gərginliyə baxmayaraq, həyata keçirəcəyi çoxsaylı planlarının meydanını daraltmadan böyük mütəfəkkir Nizami Gəncəvinin yubiley tədbirlərinin hazırlıq prosesinə böyük həvəslə qoşulur. "Yeddi gözəl" poemasından "Çin qızının hekayəsi"ni nəsrə çevirərək "Revolyusiya və kultura" jurnalının 1940-cı il 8-ci sayında (səh.80-87) çap etdirir. Həmin il böyük ədəbiyyatşünasın elmi və bədii yara-dıcılığı uğurlu olur. M.C.Paşayev "Füzulinin poetik xüsusiyyətləri" adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alır və eyniadlı mono-qrafiyasını (1940, 96 səh.) Az.FAN-ın nəşriyyatında çap etdirir.

Onun elmi, ədəbi-bədii yaradıcılıq sahəsindəki ziyalı mövqeyi, alim fədakarlığı yüksək dəyərləndirilir. Mir Cəlal 1940-cı ildə Azərbaycan ədəbiyyatı sahəsindəki xidmətlərinə görə Respublika Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilir.

Təəssüf ki, Böyük Vətən müharibəsinin başlanması çoxları kimi 33 yaşlı Mir Cəlalı da çox sevdiyi və böyük həvəslə çalışdığı elmi yaradıcılıq sahəsindən müvəq-qəti də olsa ayırdı. Müharibənin ilk günlərində hərbi komissarlıq tərəfindən o da səfərbərliyə alınır. Hətta buna görə çalışdığı Nizami adına Ədəbiyyat və Dil İnstitutundan da azad edilir. Bir aylıq həyəcanlı günlər, intizar dolu gözləntilər Bakı şəhər Hərbi Komissarlığının 1941-ci il 22 iyul tarixli 2207 saylı rəsmi sənədi ilə nəticələnir. Bu münasibətlə İnstitut üzrə verilən əmrdə yazılmışdı: "Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutu üzrə əmr № 91, 22.VII. 1941.

Paşayev Mir Cəlal Əli oğlu - Ədəbiyyat şöbəsinin böyük elmi işçisi, xüsusi sərəncam verilənə qədər hərbi səfərbərlikdən azad edilən, bu ilin iyul ayının 22-dən İnstitutda işdə hesab edilsin. Əsas: Şəhər Hərbi Komissarlığının 22.VII. tarixli və 2207 saylı məktubu və institut direktoru yol. Dadaşzadənin dərkənarı.

Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru M.A.Dadaşzadə".

Bəzi tədqiqatçılar ədibin sonralar "Qafqazın müdafiəsinə görə" (1944), "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1946) medalları ilə təltif olunmasına əsaslanaraq onun müharibədə iştirak etdiyini vurğula-mışdır. Lakin ədibin oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bu sətirlərin müəllifi ilə telefonla söhbət zamanı (18.02.2015) ədibin hərbi xidmət məsələsinə tam aydınlıq gətirdi. Bildirdi ki, rəhmətlik Mir Cəlal müəllim həmişə əsgərlikdən söz düşəndə yumorla deyirdi ki, Şəhər Hərbi Komissarlığında rus millətinə mənsub bir mayor anketi doldurmaq üçün ona suallar verib cavabını isə qarşısındakı kağıza yazırdı. Mayorun növbəti sualı belə olur: "Xaricdə qohumlarınız yaşayırmı?" Mir Cəlal müəllim cavab verir ki, bəli, İranda qardaşım yaşayır. Mayor təəccüblə ayağa qalxır, hərbi qaydada sağ əlini gicgahına qaldıraraq deyir: "Vı svoboden!" (Siz azadsınız). O vaxtın qanunlarına görə xaricdə yaxın qohumları olanları müharibəyə aparmırdılar. Mir Cəlal müəllim komissarlıqdan məyus evə qayıdır və elmi-pedaqoji fəaliyyətini və bədii yaradıcı-lığını yenidən davam etdirməyə başlayır.

M.C.Paşayev müharibədə iştirak etməkdən azad olunsa da, ictimai-siyasi, sosial-mənəvi təzyiqlərindən kənarda qala bilmədi. Müharibənin qara kölgəsi və boz bürküsü bütün yaradıcı ziyalılarımız kimi, onun da elmi, ədəbi-bədii yaradıcılığında dərin və unudulmaz izlər buraxdı.

Ədibin son biblioqrafiyasında (2006, səh.15) Mir Cəlalın Ədəbiyyat İnstitutunda 1944-cü ildən şöbə müdiri işlədiyi qeyd edilmişdir. Lakin arxiv sənədləri bu faktın dəqiq olmadığını göstərir. Az.FAN Rəyasət Heyətinin 1941-ci 15 sentyabr tarixli, 18 saylı protokoluna əsasən böyük elmi işçi Mir Cəlal Paşayev ştat cədvəlinə uyğun olaraq 900 manat əməkhaqqı ilə Nizami adına Ədəbiyyat və Dil İnstitutu ədəbiyyat şöbəsinin müdiri təyin edilmişdir. İki gün sonra isə institutun direktoru v.i.e. M.A.Dadaşzadə imzaladığı 112 saylı əmrlə Az.FAN RH-nin qərarının icrasına rəvac vermişdir. Mir Cəlal müəllimə qədər ədəbiyyat şöbəsinin müdiri böyük ədibin yaxın dostu Cəfər Xəndan Hacıyev idi. Hərbi səfərbərliyə alındığı üçün Cəfər Xəndan şöbə müdiri vəzifəsini tərk etmək məcburiyyətində qalmışdır.

Etiraf edilməlidir ki, müharibəyə səfərbərlikdən tərxis olunan Mir Cəlalın elm cəbhəsinə, Ədəbiyyat şöbəsinin rəhbərliyi sükanı arxasına gətirilməsi hadisəsi çox ağır və mürəkkəb bir zamanda baş verirdi. İki ildən çox üzərində bir institutun çalışdığı fərdi və killektiv iş planlarına müharibə ağır zərbələr endirdi. Hərbi şəraitə uyğun olaraq ciddi struktur dəyişikliyi və ixtisarlar aparıldı. Alimlərin, ziyalıların arxa cəbhədə ideoloji-ədəbi maretialların tədqiqinə və təbliğinə meyllənməsi birbaşa ictimai-siyasi mühitin, ön cəbhənin sifarişi idi. Nüfuzlu qələm əhli, qabaqcıl elm, ədəbiyyat və mədəniyyət xadimləri əsgərlər arasında vətənpərvərlik ruhunda təbliğat işi aparmaq üçün ön cəbhəyə, ciddi təhlükənin gözlənildiyi Uzaq Şərqə göndərilirdi. Ədəbiyyat İnstitutunun şöbə müdiri Mir Cəlal Paşayev də bu müqəddəs missiyadan kənarda qalmadı. O, Az.FAN Rəyasət Heyətinin 1942-ci il 9 may (Bu tarix 3 ildən sonra faşizm üzərində qələbə gününə çevriləcək - A.R.) tarixli (Əmr № 56) qərarı ilə iki ay müddətinə - mayın 10-dan iyulun 10-dək Uzaq Şərqə xüsusi ezamiyyətə göndərilir. Vladivostokdan qayıtdıqdan sonra isə Az.FAN Rəyasət Heyətində hesabat xarakterli məruzə edir, təəssüratlarını mətbuatda yayımlayır.

Az.FAN-ın avqust ayında keçirilən iclasında Mir Cəlal Paşayevin elmi-təşkilatçılıq fəaliyyətinin miqyasını genişləndirən, məsuliyyətini artıran daha bir tarixi qərar qəbul edildi. SSRİ EA Azərbaycan Filialı Rəyasət Heyətinin 1942-ci il 15 avqust tarixli Büro iclasının 13 saylı protokolunda yazılırdı: "1. Az.FAN Nizami adına Ədəbiyyat və Dil İnstitutu Əlyazmalar fondunun işi haqqında.

1. Azərbaycan ədəbiyyatı tarixinin yazılmasına yüksək şərait yaratmaq məqsədilə Nizami adına Ədəbiyyat və Dil İnstitutu Əlyazmalar fondu ilə həmin institutun Ədəbiyyat və dil şöbəsinin birləşdirilməsi məqsədəuyğun hesab edilsin.

2. Fond işinə rəhbərlik Ədəbiyyat və dil şöbəsinin müdiri, filologiya elmləri namizədi Mir Cəlal Paşayevə həvalə edilsin...

Protokolu imzaladılar: Büro iclasının sədri - H.N.Hüseynov, Büro üzvləri - Ş.A.Əzizbəyov və A.A.Klimov".

Elmlər Akademiyasının tarixində ilk dəfə idi ki, ədəbiyyat, dil, folklor, mətnşünaslıq və əlyazmalar fondu bir şöbənin strukturuna daxil edilirdi və institut səlahiyyətlərinə bərabər bu birləşmiş qurumun ilk rəhbəri Mir Cəlal Paşayev seçilmişdir. Qaçılmaz struktur dəyişikliyini zərurətə çevirən amillərdən biri müharibənin təsiri ilə şöbələrdə işçilərin seyrəlməsi, ştatların ixtisarı idisə, digəri gənc alimin yüksək istedadının, zəhmətse-vərliyinin və təşkilatçılıq qabiliyyətinin özünü parlaq büruzə verməsilə şərtlənir.

Professor Mir Cəlal Paşayevin həyatı, elmi ictimai fəaliyyəti ilə bağlı çoxsaylı naməlum faktlardan biri də onun Nizami adına Ədəbiyyat İnstitutunda çalışdığı dövrdə bu mötəbər elm ocağına rəhbərlik etməsidir.

1948-ci ilin mart-aprel aylarında direktor Məmməd Arif Dadaşzadə Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun təşkilatçılığı ilə keçirilən Maksim Qorkinin 80 illik yubiley tədbirlərində iştirak etmək, arxivlərdə elmi-tədqiqat işi aparmaq üçün Moskvaya ezam olunmuşdur. Həmin müddətdə Sovet ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mir Cəlal Paşayev Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra etmişdir.

M.C.Paşayev direktor vəzifəsini icra etdiyi müddətdə müqavilələr bağlamış, Azərbaycan EA Rəyasət Heyətinə müraciətlər ünvanlamışdır. Onun 26 mart 1948-ci ildə Rəyasət Heyətinə göndərdiyi məktubda yazılır: "Azərbaycan EA Rəyasət Heyətinə. RH-nin təsdiqlədiyi plana uyğun olaraq yazıçı Mehdi Hüseyn "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin əsas müəlliflərindən biridir. M.Hüseyn-lə tarif dərəcəsini qaldırmaqla (1 ç.v. 3000 rub.) müqavilə bağlamaq üçün bizə icazə verməyinizi xahiş edirik.

Mehdi Hüseyn Azərbaycan sovet ədəbiyyatı tarixi üçün 1944-1946-cı illər dövrünə aid 4 ç.v. həcmində bizə oçerk yazacaqdır.

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən M.C.Paşayev".

Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədə-liyev M.C.Paşayevin məktubuna 29 mart 1948-ci ildə dərkənar qoyaraq onu İctimai Elmlər bölməsinin rəhbəri, professor Heydər Hüseynova ünvanlamış, nəticədə iş müsbət həllini tapmışdır.

Mir Cəlal Paşayev ədəbi tənqidi məqalələrində ədəbiyyat nəzəriyyəsi, ədəbi cərəyanlar və şəxsiyyətlər, forma-məzmun, dil-üslub məsələlərinə xüsusi diqqət ayırırdı. Onun ilk irihəcmli elmi-nəzəri əsərlərindən biri Mahaçqalada çıxan "Maarif yolu" jurnalının 1928-ci il tarixli 10-11 və 12-ci, 1929-cu il nəşrinin 1-2-ci sayında çap olunan "Ədəbiyyatdan romantizmə" adlı ədəbi-tənqidi məqaləsidir. Bu vaxt Mir Cəlal müəllimin cəmi iyirmi yaşı var idi. İndiki zamanda bu yaşda oxuyan gənclərimiz təhsilin yalnız bakalavr pilləsində qərar tuta bilirlər. "Ədəbiyyatdan romantizmə"ni oxuduqca müəllifin problemə yanaşma tərzinə, onun qoyuluşuna, dünya romantizminə bələdliliyinə, dəyərləndirmə metoduna heyran qalmaya bilmirsən.

Mir Cəlal yazır: "Romantiklər ibtidai cəmiyyətə, ibtidai həyata rəğbətlikləri ilə şəfqət və mərhəmətli görünür, səmimiyyəti sevirlər. Sevgi, məhəbbət mamentləri istər-istəməz bu halları doğurası idi. İnsanlar arasındakı səfalət, rəzalət uyğunsuzluqları insan cəmiyyətinin yaramaz quruluşunda görərək dəyişmək istəyir, əvəzində yeni "Əsas qardaşlıq" bir cəmiyyət qurmaq istəyirlar. Tolstoyun "Biri-birinizə məhəbbət ediniz" əsəri, Hamidin "Doxtəri-hindu"sundakı mühüm nöqtə-lər, Əhməd Hikmətin "Bir damla qan" adlı kiçik əsərləri, Cavidin "Köydə" sərlövhəli "Azər"dən buraxdığı parçalardakı səmimiyyətə rəğbət, mərhəmət tələqqilər yığıncağıdır".

Gənc Mir Cəlalın romantiklərə xas hissiyyat kimi vurğuladığı səmimiyyət, şəfqət və mərhəmət kimi insani keyfiyyətlər ilk növbədə onun özünə aid kökdən, gendən gələn və həyatda qazandığı mənəvi xüsusiyyətlər idi.

Müəllifin qənaətlərinə əsasən, türk romantizmi Fransa ədəbiyyatından təsirlənərək XIX yüzilliyin ortalarından özünü büruzə verməyə başlamış, qüdrətli simalar yetişdirməsə də, klassizmin və realizmin təsirilə inkişaf yolunu tutmuşdur. Fərqli cəhəti müxtəlif ədəbi cərəyanlarla qarışıq olması və "sırf romantik olan bir türk şairi" yetirə bilməməsidir.

Sonralar müəllif Azərbaycan romantizminin görkəmli nümayəndələri Məhəmməd Hadi, Abbas Səhhət, Əbdülxalıq Cənnəti, Abdulla Şaiq, Abdulla bəy Divanbəyoğlu, Abdulla Tofiq və b. haqqında əsərlər yazıb bu cərəyanın yerli nümayəndə-lərinin yaradıcılığını dəyərləndirərkən romantizm haqqında onun ilk araşdırmaları elmi qənaətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Onu da vurğulamaq lazımdır ki, XX yüzilliyin iyirminci illərində romantizm ədəbi cərəyanı haqqında yetərincə bilgilərin olmadığı bir mühitdə Mir Cəlalın "Ədəbiyyatda romantizm" adlı elmi-nəzəri əsəri orta və ali məktəb öyrənciləri üçün dərslik missiyasını öz üzərinə gö-türmüşdür. Müəllif mülahizələrinin yekununda materializm ilə idealizmin hüdudlarının konkretləşdirilməsində romantizmin əhəmiyyətini vurğulayaraq qeyd edirdi: "Elm və fənn sahəsində idealizmi öldürən maddiyyatçılıq (materializm) ədəbiyyat sahəsində də həyatı və həqiqiliyi hakim mövqeyə çıxardı. Bu həqiqilik (realizm) ilk dəfə neoromantizm (yeni romantizm) şəklində əsaslar qoydu və nəhayət idealizmdən əlaqəsini tamamilə kəsdi".

(Ardı var)

 





16.01.2019    çap et  çap et