525.Az

Əlincə şairi - Nizami Cəfərov yazır


 

Əlincə şairi - <b style="color:red">Nizami Cəfərov yazır </b>

Müzəffər Əlincəli, qürurla daşıdığı təxəllüsündən də göründüyü kimi, qədim dövrlərdən üzü bəri sözün ağır-yüngülünə xüsusi həssaslıqla yanaşılan, çox böyük söz ustalarının vətəni Naxçıvan diyarında dünyaya gəlib. Və ilk şeirləri də vaxtilə "Naxçıvan nəğmələri" almanaxında dərc olunub... Ancaq sonralar tale onu sovet hökumətinin bizə sürgün yeri kimi tanıtdığı Qazaxıstana gətirib çıxarıb.

Öz intellekti, əməyi-zəhməti sayəsində kifayət qədər yüksək mövqelərə çatıb, layiqincə hörmət-izzət qazanıb. Yaş artıb ürəyindəki vətən həsrəti qövr elədikcə görüb ki, daha dözə bilmir, doğma el-obaya dönmək zamanıdır. Və qayıdıb vətənə... "Həsrət" adlandırdığı ilk kitabı altmışı arxada qoyub yetmişə doğru gedəndə işıq üzü görsə də, həmin kitabda hətta altmışıncı illərdə doğma kəndləri Xanəgahda yazdığı şeirlərdən də nümunələr var ki, bu ilk yaradıcılıq təcrübələri Müzəffər Əlincəlinin əlinə təsadüfən qələm almadığını göstərir.

Dağ döşündə lalə yanır,
Gözüm görür, səni anır.
Nədən məni düşmən sanır,
Qoparırsan fəğan, kəklik.

Əlbəttə, yeniyetməlik illərinin məhsulu olan qələm təcrübələrində müəyyən dil-üslub, poetexnoloji qüsurların mövcudluğu qaçılmazdır. Əsas odur ki, həmin şeirlərdə kifayət qədər ilhamlı bir ürək döyündüyünü duymamaq mümkün deyil.

Bulaq üstə su dolduran,
Baxışları heyran-heyran,
Adı ceyran, özü ceyran
Göyçəklərdən ayrılmışam.

Yaxud:

Torpaq oyanmışdır qış yuxusundan
Körpə yuxusundan oyanan kimi.
Bənövşə boylanıb utanır yaman
Qızlar sevgisindən utanan kimi.

Müzəffər Əlincəli vətənə qayıtdıqdan sonra bir-birinin ardınca beş kitab nəşr etdirməklə sübut elədi ki, onu ilk gənclik illərindən çuğlayan şairlik havası gəldi-gedər deyilmiş...

Boğmuşdu məni
yayın nəfəsi.
Çəkildi tətik,
tərpəndi çaxmaq
Bölündü ortadan ildırım,
Tökuldu çölə,
yayıldı səsi.
Nə gözəl tablodu,
buna baxmaq.
Arzum budu tabloda
əlimi yuyum,
Özüm özümü yuyum,
Gələcək
günümü yuyum,
Ayımı, ilimi yuyum...
Çirkablı sözümü yuyum,
Görən bu təmizlikdən
olarmı doymaq...

Müzəffər Əlincəli öz psixoloji-poetik yaşantıları ilə dövrümüzün böyük şairlərindən Ramiz Rövşəni özünəməxsus bir şəkildə "interpretasiya" edir:

Bir "İlan balası" kəsildi qənim,
Zəhəri yoxuymuş, Ramiz demişkən,
Bir şahmara döndü ilanım mənim,
Oldu ayağıma hər an ilişkən.

 

Ağladım şerini dinlədikcə mən,
Ürəyimə çarpaz bir daş vurdular.
Qədir biləniymiş, ay Ramiz Rövşən,
Yaşatdı məni də o "Qara paltar".

Əlbəttə, şairin birinci hünəri həyatın incə, zərif detallarına enməyi bacarmağıdırsa, ikincisi, heç şübhəsiz, ümumən şeirin ifadə-janr imkanlarına hökm etmək qabiliyyətidir. Əlincə şairi buna məhz fitri istedadı ilə cəhd elədiyinə görə şeirlərində dərhal nəzərə çarpan maraqlı bir ekzotika var ki, bədii idrakın məzmun-mündərəcəsindən başlayıb forma-üslubuna qədər davam edir.

Müzəffər Əlincəlinin poeziyasında çox güclü bir Naxçıvan yaddaşı var... Doğma diyarın çölü-düzü, daşı-qayası, gülü-çiçəyi onun xəyallarını qanadlandırır. Və "təbiət" anlayışı miqyasından çox-çox kənara çıxaraq ciddi (və ciddi olduğu qədər də romantik) məna-məzmun kəsb edir...

Boylanır hey qartal kimi
İrana-Turana dağım,
Qibləgah ziyarətindən
Kəsilməsin ayağım. 

Çəkdin mənim dərd-sərimi,
Düzün məğrur, özün məğrur.
Səni görcək sevinirəm,
Torpağımda bir ər durur. 

Yalçın sinə yamacların
Kəklik, turac, qoç oylağı.
Könlüm səndən ayrılmayır,
Vüqarımsan, İlandağı.

"Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm - mən azərbaycanlıyam" epiqrafı ilə başlanan "Mən azərbaycanlıyam" şeiri Müzəffər Əlincəlinin Ulu Öndərə həqiqi bir vətəndaş-vətənpərvər ehtiramının bədii ifadəsidir:

"Mən azərbaycanlıyam" dedin,
Ürəyində qorudun
Vətənimi, elimi,
Torpağımı, dilimi.
"
Mən azərbaycanlıyam"...
Bəşər boyu keşik çəkdin
Vətənimin sərhəddinə.

Keçən ilin sonlarında Müzəffər Əlincəli oxuculara özünün beşinci kitabını təqdim etdi. Və onu "Ruhumun harayı" adlandırmaqda, görünür, səhv eləmədi. Ruh ki bədəndə oynamadı, təlatümə gəlmədi, əlbəttə, əsl şeir yaranmaz... Ancaq "ruhumun harayı" ifadəsində böyük bir iddia da var ki, buna da təbii baxmaq lazımdır. Hər şeydən əvvəl ona görə ki, ilham, mahiyyəti etibarilə, elə səmimi, təvazökar və sirayətedici bir iddiadır ki, onsuz ələ qələm almağın faydası yoxdur... "Ruhumun harayı" müəllifi yazır:

Çağırın məni -
Milyon-milyon ürəklərə
Ömrüm boyu keşik çəkim.
Çağırın məni -
Qanlı hərbi bazaları
Öz əlimlə özüm söküm...

Bu misralarla başlanan şeirində şairin ideya-poetik yeniliyi (və özünəməxsusluğu) ondan ibarətdir ki, bir tərəfdən, "qanlı hərbi bazalar"a qarşı üsyan qaldırırsa, digər tərəfdən, həmin "bazalar"ın faktiki olaraq qurulmasından əvvəl məhz xəyallarda, düşüncələrdə, insan təfəkküründə yarandığını nəzərə çapdırır. Əmindir ki, "azadlıq günəşini zülmətlərə paylamağa" insan təbitəinin ekalogiyasından başlamaq lazımdır... İnsan mürəkkəb məxluqdur: həm xoşbəxtliyin yollarını üzünə bağlayır, həm də yol axtarır. Və şair bu "fəlsəfə"dən belə bir "çıxış yolu" tapır:

İstəmirəm heç birini,
Cəhənnəmi, cənnətini.
Xaçsızam, nə edim,
Allahım, yeni bir yol ver,
Mən də bu yolla gedim.

Müzəffər Əlincəlinin şair harayında bu dünyanın dərdi-sərinə, ağrılarına şərik çıxmaq cəsarəti, haqqı nahaqdan, həqiqəti yalandan seçmək cəhdləri (və cəsarəti) aydın görünür:

Vurduğun zədəni gördüm,
Hönkürən dədəni gördüm,
Sənintək gədəni gördüm,
Bu dünya dağılmır axı!

Əlbəttə, demək olmaz ki, Müzəffər Əlincəlinin kitaba daxil edilmiş bütün şeirləri sənətkarlıq və ya peşəkarlıq baxımından eyni səviyyədədir. Ancaq bir mühüm cəhət inkar edilməzdir ki, poetexnoloji baxımdan alınmamış şeirlərində də poetik ruh var:

Artıq mən yubanmışam,
Nə qalıbdır ömrümə...
Ömür mətləbə çatır,
Heç nə gəlmir karıma,
Soyuq küləklər əsir.

Şairin mövzu dairəsi də genişdir: sevgi iztirablarından ailə-məişət təəssüratlarına, beynəlxalq hadisələrin sosial-mənəvi mahiyyətinə varmaqdan başlamış milli vətənpərvərlik hisslərinin tərənnümünə qədər elə bir mövzu yoxdur ki, Müzəffər Əlincəli ona baş vurmamış olsun... Azərbaycan xalqının qəhrəman oğlu Mübariz İbrahimova həsr etdiyi poema şairin vətənpərvərlik duyğularının ifadəsi olmaqla yanaşı, həm də vətəndaşlıq ruhunun harayıdır.

 





17.01.2019    çap et  çap et