525.Az

Günün ikinci yarısında hava tədricən mülayimləşəcək


 

GÖZLƏNİLƏN XÜSUSİ TƏHLÜKƏLİ HİDROMETEOROLOJİ HADİSƏ İLƏ BAĞLI YARADILAN QƏRARGAHDAN ÖTƏN GÜN ƏRZİNDƏ OPERATİV MƏLUMATLAR VERİLDİ

Günün ikinci yarısında hava tədricən mülayimləşəcək<b style="color:red"></b>

Sinoptiklərin ölkə ərazisində gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında verdikləri xəbərdarlıq bu gün gündüzədək öz qüvvəsindədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan "Azərtac"a verilən məlumata görə, yanvarın 17-si, saat 17:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti artıb. Küləyin sürəti paytaxtın Pirallahı rayonunda saniyədə 30, Bakıda, Sumqayıtda, o cümlədən, paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində və Binəqədi rayonunun Biləcəri qəsəbəsində 40 metrədək şiddətlənib. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı - 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 0-4 dərəcə şaxta olacağı bildirilir.

Əsasən, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6 dərəcə, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərin, həmçinin, Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir sürətlənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq.

Mərkəzi Aran - Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3 dərəcə, gündüz 4-6 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı bildirilir.

Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdirilirlər.

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən həmin sığınacaqlara üz tutanlar gündə üç dəfə yeməklə, isti su və yataqla təmin edilirlər. Bundan başqa, ehtiyac olduğu təqdirdə onlara tibbi xidmət göstərilir. Sığınacaqlarda kitabxana, televizor və stolüstü oyunlar otağı da var. Yanvarın 16-dan 17-nə keçən gecə ərzində sığınacağa yalnız Nizami rayonunda polis əməkdaşlarının gətiridiyi 1957-ci il təvəllüdlü və özünü Abdullayev Rasim kimi təqdim edən bir nəfər gətirilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-a qədər açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görüb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Trend"ə açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" güclü qar və şaxtalı hava şəraitinə də tam hazırdır: "Ümumiyyətlə, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir. Ən böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur. Hər il iyun-iyul aylarından "Bakı Metropoliteni" sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun olaraq işə başlayırlar. Əmrdə bütün xidmətlər tərəfindən yerinə yetirilməli işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilir, hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilməklə tapşırıqların icra müddəti qeyd olunur. Hazırlıq tədbirlərinin əsas hissəsi daha çox yol təsərrüfatına aid olur. Qışın şiddətli, çovğunlu-qarlı günlərində qatarların hərəkəti üçün mane açıq səma altında olan park yollarında yarana bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara, qarın çökməsinə imkan vermək olmaz. Əks halda bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək mümkünsüz olar".

C.ABASOV

 





18.01.2019    çap et  çap et