525.Az

Bomba (hekayə)


 

Bomba<b style="color:red"> (hekayə)</b>

Səfəralı Sonanın yeddi arxa dönənini yaxşıca yuyub sərəndən sonra  çıxıb darvazanın qabağındakı kötüyün üstündə oturmuşdu.Daş dəymiş ayı təki donquldanırdı.Əlacı olsaydı, başını götürüb bu xarabadan gedərdi.Çox təəssüf ki,başqa gedəsi yeri yoxuydu.Ona görə də məcbur olub hər gün Sonanın ona dediyi tikanlı sözləri udurdu.Arada bir,o da fürsət düşən kimi, arvadının keçmiş keçəcəyini yağlayırdı.

Səfəralının xeyli yaşı varıydı və kənddə hamı onu yaxşı adam kimi tanıyırdı.Əllərinin qabarı hesabına ev-eşik tikmişdi,oğul-uşaq böyütmüşdü.Babalı deyənlərin boynuna,bədbəxt hadisə onu qəflətən yaxalamışdı.İnişil qapıdakı ot tayasından yıxılandan sonra Səfəralının ağlı bir balaca yerindən oynamışdı.Rayon mərkəzində ki, xəstəxananın həkimlərinin yekdil rəyi belə olmuşdu ki,Səfəralının müalicəsinin yeganə yolu budur ki, o, çox sakit,dinc həyat şəraiti ilə baş-başa qalmalıdır.Səfəralıdan olsaydı, dinc həyat yaşaya bilərdi,di, gəl ki,arvadı Sona ona dinclik vermirdi.Demək olar ki,hər gün onu didib dalayırdı.Ağzına gələni onun sifətinə şillə təki vurur,bəzən də Səfəralını yumruqla döyəcləyir,ona ərə gəldiyi günə qarğış tökürdü.Səfəralı gül kimi ev-eşiyindən didərgin düşmüşdü.

Səfəralını harada axtarsaydın, kənddəki dükanın qabağında tapmaq olardı.Bekar-behdin qalan cavanlar üçün Səfəralı əsl əyləncə yerinə çevrilmişdi.Cavanların əhatəsində Səfəralı özünü çox yaxşı hiss edirdi.

Şeytana papış tikən cavanlar əsgərlikdən söz açan kimi Səfəralı da xatirələrini danışmağa başlayırdı.Dərindən köks ötürüb deyirdi:

–Eh,ay bala, mənim əsgərliyim o xarabada, İrəvanda keçdi.Allaha and olsun ki,ermənilərin anasını ağladırdım.O boyda İrəvan əlimdən qan ağlayırdı.İndi o dığalar qudurub,gəlib torpağımıza soxulublar.İrvahımın(böyük oğlunu nəzərdə tuturdu)başı haqqı,onlardan qisasımı düz Leninin heykəlinin dalında almışam.Söz vaxtına çəkər,elə yaz ayıydı,samavolkaya qaçmışdım.Haykanuş adında bir erməni qızı ilə gəzirdim.Qaş qaralanda Haykanuşu düz gətirdim Leninin heykəlinin yanına,bir balaca öpüşəndən sonra gördüm ki,Haykanuş od tutub yanır,kopaq qızı sırmaşıb mənə,yalvarır ki,Safarali di davay,delay,umalyayu,ara,gözünü döymə də,davay delay.Əlimdə bir uzun ip varıydı,onu ilgəh qarmaq edib keçirdim Haykanuşun qılçalarına,ağappaq baldırları görəndə şirə döndüm.Səhərə qədər Haykanuşu yalvartdım,axçik elə hey deyirdi,davay,Safaralı davay...

Cavanlar da bir-birinə göz vuraraq deyirdilər:

–Halal olsun,Səfəralı dayı qisasımızı alıb,day burda bizlik bir iş yoxdu.Səhərisi Səfəralı başqa bir söhbət edirdi.İtin-qurdun başına oyun açan cavanlar Bərdə bazarından bir hərbi forma alaraq Səfəralıya geyindirmidilər.Kartofdan da bir möhür düzəldərək ona bir arayış yazmışdılar.Məzmunu təxminən belə idi:-Həmin arayış verilir Hümbətov Səfəralı Azad oğluna, ondan ötəri ki, o,həqiqətən Azərbaycanın Qəhrəmanıdır.Qəhrəmanın bütün imtiyazları ona da aiddir.Və ilaxır və sairə.Hərbi formanı geyinib,arayışı da döş cibinə qoyan Səfəralı əvvəlcə Bərdə də,sonra Ağdam da,Tərtər də və digər cəbhə bölgələrində gənclərə” vətənpərvərlik” dərsi keşirdi.Arayışı ona düzəldən lotular da Səfəralını “Mersedesə” mindirərək kəndbəkənd gəzdirirdilər.

Bir gün Səfəralı Bərdə də təsadüfən Vaqif həkimlə tanış oldu.Həmin tanışlıqdan sonra Səfəralının imtiyazları daha da çoxaldı.Vaqif həkim onu daha yüksək dairələrlə tanış etməyə söz vermişdi.Səfəralı da həkimə borclu qalmamışdı.Ona bir-iki dənə lalıxlamış xurma gətirib vermişdi və ona demişdi ki,sən Qəhrəmanın, şir oğlu şirin xurmasını yeyirsən.Səfəralı Vaqif həkimə danışırdı ki,cavanlıqda rayondakı pajarnı da sürücü içləyirmiş.Bir gün Səfəralı növbətçi olan vaxtı hansı kənddəsə yanğın baş verib.Səfəralı pajarnı maşını işə salanda məlum olub ki,maşında benzin yoxdur.Həmin vaxt kimsə Səfəralıya deyib ki,maşının benzinini qaraj müdiri Alməmməd kiməsə satıb.Səfəralı Alməmmədi tapan kimi otaqdakı taburetkanı onun başına vurub və çox pis bir söyüş də söyüb.Alməmmədin başı yarılıb və qan onu aparanda Səfəralı aradan çıxıb..Səfəralı başa düşüb ki,onu tutacaqlar,asta qaçana imam qənim deyərək, Bakıya qaçıb.Dəmiryol vağzalının yaxınlığındakı xəstəxanada həkim Səfəralının dediyini eləmədiyi üçün onu möhkəm döyür.Səfəralı həkimə xahiş edir ki,onu dəli kimi xəstəxanaya qəbul etsin.O da eləmir və həmin dava baş verir.Səfəralını tutub sarıyırlar və həqiqətən də Səfəralının dəlixana dediyi xəstəxanadan gəlib onu aparırlar.

Səfəralı danışır ki,onu dəlixanaya gətirəndən sonra baş həkim və bir tibb bacısı onu sorğu-suala tuturlar.Səfəralı görür ki,onların məqsədi heç də yaxşı deyil.  Onu başdan eləmək istəyirlər. Səfəralı duyuq düşən kimi ya Əli deyərək, stulu düz baş həkimin başına çırpır,tibb bacısının da yumşaq yerinə bir təpik ilişdirir.Dəlixanaya hay düşür ki,təzə dəli baş həkimi döyüb.Səfəralını tutub qısqıvraq bağlayırlar.Bir xeylaqdan sonra görür ki,çox nəhəng,başı qırxıq bir nəfər içəri girib ona deyir ki,ə mən bu dəlixananın pəhləvanıyam, sənin ananı ağlar qoyacağam,səni mum kimi əzəcəyəm.Səfəralı danışır ki,gördüm ki,bu sözləri mənə deyən adamın göbəyi nəlbəki boydadır,qollarının da qılı, yalan olmasın,mismar uzunluğundadır.

Həmişə söhbətin bu yerində Səfəralı kövrəlirmiş və əllərinin arxasıyla gözünün yaşını  silib,eyni zamanda yumşaq yerini qaşıyaraq deyirmiş:-Baxıb gördüm ki,bu bədheybət,bu div oğlu div doğrudan da məni öldürəcək.Ya seyid Mirinin cəddi deyib sağ əlimi qılıcına tutaraq onun göbəyinə soxdum.Səfəralı həmişə Vaqif həkimə deyirmiş ki,qolum yarısına qədər onun qarnına girdi.O yekəlikdə adam eşşək kimi anqıraraq yıxıldı.Dəlixanaya hay düşdü ki,təzə dəli pəhləvanı da öldürdü. Həmin dəqiqədən sonra Səfəralının dəlixanada hörməti artır və heç kəs onun bir sözünü iki eləmir.

Bu münvalla Səfəralı dəlixanada xeyli müalicə alır və dəlilər arasında xətir-hörməti get-gedə artır. Dəlilər mütləq ondan məsləhət alırmışlar.Səfəralı kişi Vaqif həkimə ürəyinin ən mübhəm sirrlərini açıb danışır və ona çox etibar edirmiş. Ona danışır ki,dəlixanada yatanda tibb bacısı ilə eşq məcarası yaşayıb.Və bu sözün ardınca Səfəralı pəsdən oxuyurmuş.

Vaqif həkim Səfəralıya çox ciddi şəkildə deyir ki,səndə hərbə maraq olduğunu yaxşı bilirəm.Hər dəfə bu söhbət olanda Səfəralı qımışırmış və seyrək bığına tumar çəkərək deyirmiş ki,ay doxdur, sən nə çoxbilmiş adamsan,hardan bildin ki,mənim hərb işindən başım çıxır.Və sonra bir qədər pauza edərək Vaqif həkimi intizarda saxlayırmış.

– Sənin əziz çanın üçün,ay doxdur,uruseti beş barmağım kimi tanıyıram.Onnarın bir sərkərdəsi olub,Qutuzov,bir suyumu da elə mənə oxşuyur.Düz onun atının qabağında şəkil  çəkdirmişəm.Həmin o Qutuzovun atının qabağında dayanmışdım,bir sütül urus leytenantı mənə yaxınlaqşıb soruşdu ki,bu heykəli tanıyırsan?Ona gülüb dedim ki,tıy Səfəralını xoroşiy ne znəyiş,ay salaqa,mən döyüşəndə sən anayın qarnında nünnü çalırdın.O salaqa mənnən üzr istəyib qaçaraq getdi.

Vaqif həkim Səfəralıdan soruşdu ki,sən hansı müharibədə döyüşmüsən?Səfəralı da qayıdıb həkimə deyir ki,nətəhər hansı müharibə,Əfqanıstanda can qoymuşam.Əslində Səfəralının dediyi həmin müharibə olanda o  sübh tezdən axşam düşənə kimi Dəymədağıldıda pambıq yığırmış.Buna baxmayaraq,həkim onun səhvini hər dəfə qulaqardına vururmuş.

Yenə bir gün Səfəralı Vaqif həkimə deyir ki, sənə çox vacib bir sözüm var,gərək bunu heç kəs bilməsin.Hərbi sirdir.Maşına oturub düz gəlirlər şəhərdən otuz kilometr aralıda yerləşən qumçınqıl karxanasının ərazisinə və burada Səfəralı həkimə deyir ki,yeni bir bomba icad eləmişəm.Sonra Səfəralı döş cibindən bir kağız parçası çıxardıb həkimə deyir ki,bu həmin bombanın sxemidir.Sxemdə Səfəralı qeyd edib ki, yüz litr pendir suyu,yarım ton toyuq nəcisi,bir ton nar dənəsi,yeddi yüz kiloqram çiyid və bir ton qırmızı turp.Onları yaxşıca qarışdırandan sonra şüşə butulkalara doldurub atırsan düşmən tərəfə,bir erməni də qalmayacaq,hamısı pis iydən boğulub öləcəkdir.

Bir gün də Səfəralı Vaqif həkimə deyir ki,məni o hərbçilərin böyüyü ilə görüşdür,ona deyim ki,a,kişi,heç dağa-daşa düşüb eləmə,gəl şir oğlu şirin yanına,səni başa salım ki,o,dığaların qabağına getmə,onların anasını mənnən yaxşı ağladan olmayacaq.Səfəralı sonra yana-yana deyirmiş ki,ə bu dığaların qabağında niyə əsir-yesir olmusunuz.Vaqif həkim,sənin o qızıldan qiymətli başın haqqı,beş-altı gədəynən Qarabağı azad edərəm. Düzdü,Vaqif həkim Səfəralının sözünə inanmırmış amma Səfəralının xətrinə dəyməmək üçün yalandan başını tərpədirmiş.

Səfəralı Qarabağın azad olunduğu günü görə bilmədi.Keçən il dünyasını dəyişdi. Fəqət onun icad etdiyi bombanın sxemi günü bu gün Vaqif həkimdədir,kiməsə lazım olsa ondan götürə bilər.

İndi göylərdə bir ruh dolaşır,deyəsən o ruh Səfəralının ruhudur....

 





06.09.2013    çap et  çap et