525.Az

20 Yanvar şəhidləri mədəniyyət ocaqlarında anılıb


 

20 Yanvar şəhidləri mədəniyyət ocaqlarında anılıb<b style="color:red"></b>

Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə iştirakçılar sarayın xidməti girişində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş kitab sərgisinə baxıblar. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev 1990-cı ilin yanvar ayında baş verənlərin insanlığa qarşı törədilmiş terror hadisəsi olduğunu və faciənin təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə dünyada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayət aktı olduğunu bildirib.

O, 20 Yanvar hadisələrinin başvermə səbəbləri, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi, o cümlədən, qadağan olunan silah və sursatlardan istifadə olunaraq uşaqların, qadınların, qocaların gülləbaran edilməsi haqqında geniş məruzə ilə çıxış edib.

Çıxış edənlər Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.

Tədbir 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən sənədli filmin nümayişi ilə yekunlaşıb.

 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında isə “20 Yanvar - tarixdə bu gün...” adlı elmi-praktik seminar keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na və qurumun elm şöbəsinin “İllik iş planı”na əsasən təşkil edilib.

Anım mərasimində qurumun mətbuat katibi Rahib Azəri çıxış edərək faciənin başvermə səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib. Bu günü Azərbaycan tarixinin müstəqilliyə gedən yoldakı dönüş nöqtəsi kimi qiymətləndirərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri, hərbi təcavüz kimi tarixə düşdüyünü deyib.

Daha sonra qoruq idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyeva, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı Sevda Məmmədova və 20 Yanvar faciəsinin şahidi Gülüş Mursakulova məruzələrlə çıxış ediblər.

Məruzələrdə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən, o dövrkü sovet rəhbərliyinin yarıtmaz və eyni zamanda, məkrli siyasəti nəticəsində törədilmiş cinayət haqqında məlumat verilib. Azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin böyük qəhrəmanlığı və onların əziz xatirəsinin heç zaman unudulmayacağı qeyd edilib.

Natiqlər Yanvar hadisələri zamanı həyatlarını qurban vermiş şəhidlərin qəhrəmanlığının ölkəmizin müstəqilliyinin bərpa edilməsində əvəzolunmaz rolunu vurğulayıblar.

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən biri də 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləbaran edildi, yüzlərlə insan yaralandı. Həmin dəhşətli gecədə şəhid olaraq azadlıq yolunda canını qurban verənlər də oldu. Qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı. İyirmi Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq.

Vətənin müstəqilliyi uğurunda canından keçən insanların xatirəsini əbədiləşdirmək üçün hər il ənənəvi olaraq Xətai Sənət Mərkəzində sərgi təşkil edilməsini yüksək qiymətləndirən natiq, təşkilatçılara və iştirakçılara təşəkkür edib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən danışıb, 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğu qeyd ediblər.

Qeyd edilib ki, müsabiqəyə 400-ə yaxın uşaq 700-dək əsərlə qatılıb. Münsiflər heyətinin qərarı ilə 110 uşağın işi sərgidə nümayiş edilmək üçün seçilib. Sərgidə nümayiş olunan120-dək sənət əsərinin müəllifləri fəxri diplomla təltif ediliblər.

ŞAHANƏ

 





20.01.2019    çap et  çap et