525.Az

Keçmişdəki ağrılar və gələcəklə bağlı ümidlər - Mahir Həmzəyev Litvadan yazır


 

AKADEMİK RAMİZ MEHDİYEVİN 2015-ci İLDƏ VİLNÜSDƏ LİTVACA NƏŞR OLUNMUŞ “AZƏRBAYCANIN KEÇMİŞDƏKİ İTKİLƏRİ VƏ GƏLƏCƏYİNİN STRATEJİ GÖRÜNÜŞÜ” ADLI KİTABINA YAZILMIŞ ÖN SÖZ

Keçmişdəki ağrılar və gələcəklə bağlı ümidlər - <b style="color:red">Mahir Həmzəyev Litvadan yazır </b>

Cəsarətlə demək olar ki, indiyədək Litva oxucusunun müasir Azərbaycan ictimai-siyasi fikrinin inkişaf tendensiyaları ilə yaxından tanış olmaq üçün imkanları kifayət qədər olmayıb.

Doğrudur, müasir dövrdə dünyanın istənilən bir məkanı haqqında məlumat əldə etmək böyük problemlər yaratmır. Amma bununla yanaşı, dəqiq bilgilər və hərtərəfli təhlillər ehtiva olunmuş məlumatlar əldə etmək müqayisəolunmaz dəyər olaraq qalır, həm də ki, həmin dəyər oxuculara Litva dilində təqdim olunduğu üçün əhəmiyyəti daha böyükdür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Azərbaycanın keçmişdəki itkiləri və gələcəyinin strateji görünüşü” adlı kitabının 2015-ci ildə Vilnüsdə Litva dilində nəşr olunması bu ölkədə heç də tez-tez təkrar olunan bir hadisə deyil.

Kitaba müəllifin 2000 və 2012-ci illərdə Bakıda işıq üzü görmüş iki əsəri  - “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” tarixi oçerki və “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində”adlı sosial-siyasi və fəlsəfi essesi daxil edilib.

Birinci əsər Azərbaycanın yaxın keçmişində olmuş dramatik olayların təhlilinə həsr edilib. İkinci yazıda isə müəllif Azərbaycanda gələcəkdə daha da çiçəklənməkdə olan dövlət və yetkin vətəndaş cəmiyyəti yaratmağın imkanları barədə analitik düşüncələrini təqdim edir. Bəri başdan qeyd edək ki, hər iki əsərdə ifadə olunan fikirlər Litva üçün o qədər də yad deyil.

Belə ki, “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” oçerkində oxucu Bakıda və Vilnüsdə törədilmiş dramatik Yanvar hadisələri arasında mahiyyət əlaqələri və heyrətamiz oxşarlıqlar sezə bilər. O zaman ərazi bütövlüyünü müdafiə edən və Sovetlər zindanından qurtulmağa çalışan Azərbaycan 1990-cı ilin yanvarında şiddətli konvulsiyalar içində can verməkdə olan imperiyanın amansız zərbəsinə “qardaş” respublikalar arasında birincilər sırasında məruz qaldı.

1990-cı ilin yanvarında Bakıda törədilmiş qırğın 1991-ci il yanvarın 13-də Vilnüsdə baş verən qanlı faciənin sanki proloqu oldu və imperiyanın aqoniyalar içində son çırpıntılarından birinə çevrildi. Bir dəfə dişi qana batan sovet imperiyası artıq dayana bilmədi, o, xalqların milli azadlıq mübarizəsinə qarşı yalnız nifrət və qəddar silahlı qüvvələri ilə çıxa bilərdi... Öncəki illərdə Budapeşt, Praqa, Tbilisidə insanların gələcəyə ümidlərini tankların tırtılları altında əzdiyi kimi... Odur ki, 1990-cı ilin yanvarında SSRİ rəhbəri Mixail Qorbaçovun Vilnüsə səfərindən dərhal sonra, Kreml Azərbaycanın müstəqillik uğrunda hərəkatını müvəqqəti də olsa, zor gücünə dayandırmağa  nail oldu. Kreml yalan, saxtakarlıq və informasiya blokadası yolu ilə Qərbin demokratik ölkələrini inandıra bildi ki, Sovetlərin 50 min hərbçidən ibarət vəhşi Ordası Bakıya guya rusları qorumaq və burada yaşayan ermənilərin qırğınlarının qarşısını almaq niyyəti ilə gətirilib.

Bunun ağ yalan olduğunu hətta Ermənistan Xalq Cəbhəsinin 20 yanvar 1990-cı ildə açıqladığı bəyanat da təsdiqləyir: “Bu, respublikada yaşayan erməniləri qorumaq üçün deyil, əslində, Sovet hakimiyyətinin mövcudluğuna təhlükə yaradan ciddi vəziyyəti aradan qaldırmaq məqsədilə edilib. Bizim fikrimizcə, bu hadisələr Azərbaycan Respublikasının suveren hüquqlarının pozulması kimi qiymətləndirilməlidir...” (Riqa, Latviya Xalq Cəbhəsinin “Atmoda” qəzeti, 5 fevral 1990-cı il, № 6, səh.7).

Lakin M.Qorbaçovun məftun etdiyi Qərb dövlətləri o zaman hələ Kremlin təbliğatına inanırdı, beləliklə də, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə meydanında Azərbaycan tamamilə tək qalmışdı. Təəssüf  doğuran haldır ki, Litvada həm o dövrdə, həm də daha sonralar Qarabağ hərəkatı ilə Litva Xalq Cəbhəsi “Sayudis”in fəaliyyəti arasında qeyri-adekvat paralellər gətirilib geniş surətdə yayımlanırdı. Odur ki, həm də buna görə Litva ictimaiyyətində Qarabağ ermənilərinin niyyətləri barədə milli dirçəliş, cəmiyyətin demokratikləşməsi və onların müstəqilliyə can atma ilə bağlı ictimai-siyasi qənaət hökmran idi. Halbuki Qarabağın erməni separatçılarının təşkilatı əslində, M.Qorbaçovun yenidənqurma siyasəti və millətlərin öz müqəddəratını təyin etmək hüququ pərdəsi arxasında gizlənərək Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək və onu Ermənistana birləşdirmək məqsədi ilə yaradılmışdı. “Sayudis” isə məlumdur ki, Qarabağ hərəkatından fərqli olaraq, qarşısına Polşada, Belarusda və ya Rusiyadakı litvalıların yığcam yaşadıqları torpaqları qoparıb Litvaya birləşdirmək məqsədini qoymamışdı.

Bakı və Vilnüs Yanvar hadisələri sanki klonlaşdırılmış qırğınlara bənzəyir. Çünki bu hadisələrdə çox böyük oxşarlıqlar var: Biz həm Bakı, həm də Vilnüs küçələrində  barrikadalar gördük. Belə ki, İkinci Dünya müharibəsindən sonra Moskva ilk dəfə olaraq silahsız insanlara qarşı ağır hərbi texnikadan istifadə etdi. Qanlı hadisələrin eyni mərkəzdən idarə olunması və ümumi bir ssenari üzrə gerçəkləşdirilməsi də açıq-aydın görünürdü; Litvada milli maraqların xəyanətkarları burokaviçyuslar və yermolaviçyuslar idisə, Azərbaycanda vəzirovlar və mütəllibovlar idi.

Təcavüzün məzmun və mahiyyəti, ideoloji paralellər və uydurma səbəbləri də bir-birinə bənzəyirdi: Vilnüsdə Sovet ordusunun yeridilməsini israrla tələb edən “SSRİ vətəndaşlarını müdafiə komitəsi” və “Yedinstvo” kimi interfront təşkilatlar yaradıldığı zaman, rusları qorumaq və erməni qırğınlarının qarşısını almaq pərdəsi arxasında gizlənilməklə Bakıya ordu yeridilmiş və vəhşicəsinə hərbi zor işlədilmişdi.

Olmazın qəddarlıqla həyata keçirilmiş hərbi əməliyyatlarda və həm də bununla bağlı atılmış digər addımlarda daha bir sıra ümumi məqamlar da yer alıb. Dəyişməz qalan yalnız imperiyanın ölüm mələyinin öldürücü baxışı, Ana Vətənin susmayan harayı, ağrı və əzablarla dolu fəryad səsləri, xalqlarımızın kömək diləyən çağırışları, Qərb dünyasının isə bu faciəyə kar və kor qalması, onların sanki laqeydlik mamırı ilə örtülüb daşa dönmüş ağrıduymaz ürəkləri idi...

Bəli, çox ağrılı itkilərimiz olub, amma o hadisələrdən ötmüş iyirmi beş ildən artıq bir zaman ərzində biz get-gedə daha dərindən anlamışıq ki, 20 yanvar və 13 yanvar Azərbaycan və Litva üçün böyük qələbə günləridir. Həmin günlərdə Azərbaycanın və Litvanın silahsız vətəndaşları Bakıda və Vilnüsdə nümayiş etdirdikləri böyük mənəvi güc, əzm və qətiyyət sayəsində, bütün dünyaya sübut etdilər ki, həqiqət və istiqlaliyyətə qovuşmaq istəklərinin qarşısı alınmazdır və xalqlarımız öz azadlığını müdafiə etməyə, müstəqil dövlətlərini qurmağa tam hazırdırlar. Buna görə də, Litva xalq şairi Yustinas Martsinkyavicyusun (1930-2011) sözləri ilə desək, litvalılar hər ilin 13 yanvarında həlak olmuş qəhrəman oğul və qızlarının müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, bir daha onları əbədi azadlıq bayrağına bükürlər. Bəlkə də Vilnüs və Bakı Yanvar  hadisələri və həmin qələbə günləri olmasaydı, sovetlər imperiyası çökməyəcəkdi. O zaman bugünkü Avropa və bütün dünya da tamamilə başqa cür görünəcəkdi.

R.Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” oçerki Bakının Qara yanvarına daha dərindən nəzər salmağa yaxşı imkan verir. Müəllif addımbaaddım bu hadisələrin qaynaqlarını üzə çıxarır və səbəblərini açıqlayır, nəticədə, insanlıq və bəşəriyyətə qarşı törədilmiş bu cinayətin təkcə icraçılarının deyil, həm də sifarişçilərinin adlarını çəkir. Faciənin səbəb və nəticələrini geniş araşdıran R.Mehdiyev, onun tarixi, dini, milli amillərini, həmçinin, Qafqazla bağlı geosiyasi aspektlərini müəyyən edib birbəbir çözələyir, Bakı yanvar hadisələrinin Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsini və başqa tarixi gerçəkliklər arasındakı yerini əsaslandırılmış şəkildə təyin edir. Əsər qırğının günahsız qurbanlarının xatirəsinə sanki bir Rekviyem kimi, gələcək nəsillərəisə Xitab olaraq səslənən “Qanlı yanvarın ibrət dərsləri” fəsli ilə başa çatır.

Litva və Azərbaycanın ən yeni tarixləri arasındakı bir sıra paralellərə baxmayaraq, məsafəcə uzaq, lakin mənən yaxın - Litva xalqı ilə dostluq münasibətlərində olan Azərbaycan xalqının o zaman yaşadığı ağrılı hadisələr barədə litvalılar hələ də çox mətləbləri bilmirlər. Buna görə də inanıram ki, R.Mehdiyevin kitabı onlara Azərbaycan xalqının tarixi taleyini, Azərbaycan torpaqlarında davam edən münaqişənin köklərini və mahiyyətini, ölkədə keçmişdə yaşanmış qanlı olayların və bu gün də davam edən dramatik hadisələrin əsl səbəblərini daha yaxşı anlamağa imkan verəcək.

Kitabdakı digər əsərdə - “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” adlı sosial-siyasi və fəlsəfi essedə akademik Ramiz Mehdiyev “Ölkə ictimaiyyəti hansı istiqamətdə inkişaf etməlidir?” sualına cavabın axtarışı ilə məşğuldur. Bu sualı cavablandırmaq üçün R.Mehdiyev çoxlu sayda əlaqəli mövzuları araşdırıb müzakirə edir. Həmin mövzuların zənginliyi essenin ayrı-ayrı bölmələrinin başlıqlarında da öz əksini tapıb: “Modernləşdirmə və innovativ iqtisadiyyat”, “Kreativ zümrə cəmiyyətin hərəkətverici qüvvəsidir”, “Milli kreativ elitanın formalaşması”, “Milli identiklik”, “Vahid vətəndaş milləti” və s.

Ramiz Mehdiyev bu essenin əsas qayəsini formalaşdırarkən yalnız dünyanın tanınmış mütəfəkkirlərinə istinad etmir, eyni zamanda, onların bəzi mülahizələri ilə polemikaya da girir. Bilgili Litva oxucusu əsərdə həm ona yaxşı tanış olan, həm də yeni adlara rast gələcək: D.Harrison, D.Bell, E.Toffler, S.F.Hantinqton, R.Florida, Y.Q.Volkov, A.N.Okara və başqaları. Əminliklə demək olar ki, həm akademik R.Mehdiyevin özünün, həm də onun xatırlatdığı mütəfəkkirlərin fikirlərinin sintezi ona XXI əsr azərbaycançılıq ideyasının mahiyyətini və onun əsas məzmununu aydınca ifadə edib təqdim etməyə imkan yaratmışdır.

R.Mehdiyev liberal Qərb demokratiyası və vətəndaş cəmiyyəti ideyasını şübhə altına almamasına baxmayaraq, Azərbaycan üçün spesifik üçüncü bir yol təklif edir. Onun fikrincə, ölkənin innovativ müasirləşməsi üçün milli ideya, güclü lider və yaradıcı insanlar sinfi lazımdır. Müəllifin sözlərinə görə, bu cür insanların mühüm fərqləndirici xüsusiyyətləri onların yaradıcı potensialı və mənəvi dəyərlərə olan diqqətidir. Akademikin qənaətincə, kreativlik hər hansı bir ictimai təbəqənin üstünlüyü deyil və ola da bilməz - belə bir potensial ən aşağı təbəqədən tutmuş ziyalılara qədər hər kəsdə vardır və hər kəs onu aşkar edə bilər. Odur ki, cəmiyyətin bütün qrupları yaradıcı prosesdə öz yerlərini tapa bilər və tapmalıdır.

R.Mehdiyev yazır ki, “Kreativ insanlardan yaradıcı təfəkkür, yeni ideyalar və orijinal qərarlar irəli sürmək, yeni texnologiyaları mənimsəmək bacarığı tələb olunur”. Kreativ insanlara isə açıq ictimai məkan, yeni ideyaların generasiya edilməsi üçün əlverişli yaradıcı mühit gərəkdir. Buna görə də, onun fikrincə, ölkənin təbii ehtiyatları təkcə iqtisadi inkişaf üçün deyil, həm də intellektual və elmi potensialın yaradılmasına xidmət etməlidir.

Bu gün Azərbaycanda tərəddüd etmədən danışırlar ki, essedə təklif olunan modernləşdirmə layihəsinin faktiki olaraq alternativi yoxdur. R.Mehdiyevin ideyaları burada yalnız ictimai və siyasi elmlər çərçivəsində təqdim olunan maraqlı düşüncələr, aktual və perspektivli fikri ifadələr kimi deyil, həm də ölkənin müəyyən bir siyasi təcrübəsinin mümkün istiqamətləri kimi dərk edilir. Fəlsəfi baxımdan həmin ideyaları Aristotelin sözləri çox gözəl əks etdirir. Şagirdlərinin: “Uğurlara necə nail olmaq olar?” - sualına bu qədim yunan mütəfəkkiri belə cavab verir: “Arxada qalanları gözləməklə yox, qabaqda gedənlərə çatmaq yolu ilə...”

Məlumdur ki, bugünkü Litva liberal bir Qərb dövləti olaraq ölkənin və cəmiyyətin inkişafının bir qədər fərqli modelini, həm də müəyyən anlamda fərqli dəyərlər sistemini seçib. Lakin kreativ sinif ideyasının hələ 1968-ci ildə Parisin Latın kvartalına yad olmadığını və daha sonralar Amerika ziyalılarının düşüncələrində öz təcəssümünü tapdığını nəzərə alsaq, R.Mehdiyevin bəzi fikirlərinin maraqlı mülahizə və müşahidələr üçün yeni üfüqlər açacağına ümid etmək olar.

Zənnimcə, litvalı müəlliflər - Litva Elmlər Akademiyasının akademikləri Antanas Tilanın və Antanas Buraçasın, gənc siyasi analitik, sosial elmlər doktoru Laurinas Kasçyunasın kitab haqqında yazdığı maraqlı resenziyalar və dəyərli rəylər, təqdim etdikləri aktual şərhlər, təhlil və ümumiləşdirmələr R.Mehdiyevin əsərlərini Litva oxucularına daha da yaxınlaşdırmağa kömək edir. Həmçinin, professor Vitautas Landsbergisin Bakı yanvar hadisələrinin 20-ci ildönümü ilə bağlı 2010-cu ildə yazdığı və sözügedən kitabda çap edilmiş “Azərbaycanın faciəsi” adlı analitik məqaləsi də indiyədək bu faciə haqqında yazmış litvalı müəlliflərin müşahidə və qeydlərinin dürüst və məntiqi yekunu olaraq bu məqsədə xidmət edir. Belə ki, həmin məqalə ideoloji və siyasi baxımdan əksər hallarda R.Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” oçerkinin məzmunu ilə üst-üstə düşür. Rəyçilərə və məqalənin müəllifinə onların yazılarının kitaba daxil edilməsinə razılıq verdikləri üçün səmimi minnətdarlığımı bildirirəm.

Düşünürəm ki, kitabın Litva dilinə tərcümə edilib yayımlanması vektorunda qarşıya qoyulan məqsəd həm müasir Avropa İttifaqının sərhədlərsiz Avropa və “Şərq tərəfdaşlığı” siyasətinin konsepsiyasına, həm də Litva ilə Azərbaycan arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri strategiyasına tamamilə uyğun gəlir. Kitabın məzmunu və nəşri həmçinin, geniş anlamda, Azərbaycan etnokulturoloji siyasəti ilə Avropa və dünya dövlətlətlərinin mədəni inkişaf tendensiyaları arasında, eləcə də fərqli dəyərlərin qarşılıqlı təsir prosesləri çərçivəsində mövcud olan mühüm əlaqələri qabardıb ön plana çəkir.

Buna da inanırıq ki, R.Mehdiyevin ilk dəfə olaraq Litva dilinə tərcümə edilən əsərləri litvalılara Azərbaycan türklərinin tarixi, etnokulturoloji dəyərləri və milli mentalitet xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün geniş edukoloji imkanlar yaradacaq, Litva-Azərbaycan ictimai-siyasi əlaqələrini möhkəmləndirəcək, xalqlarımızın daha sıx mənəvi yaxınlığına xidmət edəcək, onların əsrlər boyu davam edən qarşılıqlı anlaşma ənənələrini zənginləşdirəcəkdir.

Arzu edirəm ki, akademik Ramiz Mehdiyevin kitabı tədricən inkişaf etməkdə olan Litva azərbaycanşünaslığının kitab rəfində tezliklə münasib yerini tutsun, Litva oxucusu isə Azərbaycan yaşlı ziyalı nəslinin intellektual təmsilçisinin yaradıcılığı ilə tanış olub layiqincə dəyərləndirə bilsin.

Vilnüs - Bakı, 8 noyabr 2014-cü il

P.S: Məqalə 2014-2016-cı illərdə Litvanın bir sıra media orqanlarında da dərc olunub.

 





21.01.2019    çap et  çap et