525.Az

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma oldu


 

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma oldu<b style="color:red"></b>

Qaradağ rayonu Ümid qəsəbəsində ikinci mərhələ üzrə 300 ailə üçün inşa olunmuş beşmərtəbəli 4 binadakı mənzillər ağır şəraitdə yaşayan məcburi köçkünlərə veriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dünən yeni mənzillərə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib.

Lökbatan Mədəniyyət Sarayında təşkil edilmiş püşkatmada dövlət komitəsində yaradılmış komissiyanın üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Mərasimdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların yaşayış şəraitinin, maddi rifahının yaxşılaşdırılması üçün görülən işlərdən, o cümlədən, Ümid qəsəbəsində yaradılmış şəraitdən söhbət açılıb, həmçinin, püşkatmanın məqsədi və şərtləri barədə məlumat verilib. Qaradağ rayon ərazisindəki 9 obyektdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin başçıları növbə ilə püşk çəkərək, qəsəbədə əvvəlcədən ayrılmış otaq sayı üzrə hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.


Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Zəruri infrastrukturu olan yaşayış kompleksləri, qəsəbələr tikilib istifadəyə verilir, hər il minlərlə köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilir.

Qeyd olunub ki, birinci vitse-prezident Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi məsələsini nəzarətdə saxlayır, bu barədə verilmiş tapşırıqlar davamlı şəkildə icra olunur.

Ötən il rayonun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində yerli sahibkarlıq subyektlərinin vəsaiti hesabına inşa edilmiş "Qobu Park" yaşayış kompleksinə əsasən Bakıda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüblər. Hazırda həmin ərazidə "Qobu Park-2" yaşayış kompleksinin inşası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində istifadəyə verilmiş yeni yaşayış komplekslərindəki mənzillərə də köçürülmə eyni qaydada, ədalət və şəffaflıq şəraitində aparılacaq.

Xatırladaq ki, Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beşmərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin, bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.

C.ABASOV

 





24.01.2019    çap et  çap et