525.Az

Paşinyan məqbul bir razılaşma üçün vaxtın yetişdiyini yaxşı anlayır


 

Paşinyan məqbul bir razılaşma üçün vaxtın yetişdiyini yaxşı anlayır <b style="color:red"></b>

Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü keçirilib.

Bu, Paşinyan hakimiyyətə gəldikdən sonra dövlət başçılarının üçüncü görüşüdür. Daha doğrusu, iki ölkənin liderləri arasında bundan əvvəl iki dəfə qısa söhbət olub. Davosda isə onların bir saat yarımdan çox davam edən görüşü qeyri-rəsmi xarakter daşıyıb. Görüşdən sonra bəzi erməni ekspertləri, eyni zamanda, sabiq prezident Serj Sarkisyanın partiyasından olan bir sıra siyasətçilər Paşinyandan görüşün detallarını açıqlamağı tələb ediblər. Hətta onu məxfi danışıqlar aparmaqda günahlandırıblar. Əslində, bu, gözləniləndir. Ermənistanda 25 ildən artıq hakimiyyətdə olan cinayətkar xunta rejimi məhz Dağlıq Qarabağ kartından istifadə edərək erməni xalqını bir növ girovluqda saxlayıb. Onlar Azərbaycan xalqına qarşı qatı cinayətlərin, Xocalı soyqırımının təşkilatçısı və iştirakçısıdırlar. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı addımın atılmasını istəmirlər. İndi də bu məqamdan istifadə etməyə çalışaraq, yenidən hakimiyyətə gəlmək ümidlərini itirmirlər.

Yeri gəlmişkən, Paşinyan səsləndirilən ittihamlardan sonra Facebook səhifəsində görüşün bəzi detallarını açıqlayıb. Bəyan edib ki, Davosda İlham Əliyevlə qeyri-rəsmi görüş zamanı Qarabağ məsələsi üzrə danışıqlar prosesindəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb. O deyib ki, Davos görüşü rəsmi danışıqlar prosesinin başlanğıcı hesab edilə bilməz: "Davosdakı görüş sayca üçüncü idi. Sankt-Peterburq və Düşənbədə keçirilən görüşlər kimi, Davos görüşü də əvvəlcədən planlaşdırılmamışdı. Bizim iştirak etdiyimiz tədbirlər olur, lakin əvvəlcədən müzakirə edilmədiyi üçün ünsiyyət qurmadığımız vəziyyətlər yaranır. Bu görüşdə isə eyni yerdə olduğumuz vaxt ən azından görüşlərdən yayınmayacağımıza dair razılığa gəldik". Onun sözlərinə görə, daha çox danışıqlar prosesinin tarixi müzakirə olunub: "Nizamlanma üçün hansı şərtlərin, imkanların olduğunu, nəyin mümkünlüyünü və qeyri-mümkünlüyünü müzakirə edirik. Konkret detallar müzakirə edilmir, bir-birimizin fikirləri ilə tanış olduq. Biz ictimaiyyətdə bəyan etdiklərimizi müzakirə edirik. Heç bir məxfilik yoxdur. Deyilənlər absurddur".

Davos görüşündən əvvəl isə iki ölkə xarici işlər nazirləri arasında yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dörd saat davam edən danışıqlar olub.

Görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda deyilirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Bildirilirdi ki, Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi danışıqlara yekun vurub: "Həmsədrlər Yelisey sarayında qəbul edilib, orada onlar Prezident Emmanuel Makronun əsas diplomatik müşavirlərinə məlumat veriblər. İştirakçılar nazirlərə tərəflərin nəticələrə yönəldilmiş intensiv danışıqlarının qorunub saxlanılması üçün daim göstərilən səylərinə görə minnətdarlıqlarını bildiriblər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələni müzakirə edib, əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər".

Həmçinin qeyd olunur ki, görüş zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və parametrləri, danışıqların dinamikasına güclü təkan vermək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı növbəti addımları müzakirə ediblər: "Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini vurğulayıblar. Onlar yaxın vaxtlarda iki ölkənin başçıları ilə görüşməyi planlaşdırırlar".


Ekspertlər hesab edirlər ki, Azərbaycan prezidenti və Ermənistanın baş naziri Davosda danışıqlar prosesinin gələcək inkişafı məsələsini müzakirə ediblər. Azərbaycanlı politoloq Tofiq Abbasov da bu qənaəti bölüşür. Onun sözlərinə görə, son günlərin müşahidələri rəsmi İrəvanın mövqeyinin bir qədər yumşaldığını göstərir:  "Nikol Paşinyan indi Ermənistanın siyasi səhnəsində faktiki olaraq təkbaşına qərarlar qəbul edir. O, bütün alternativlərin artıq istifadə olunduğunu, ağlabatan razılaşmalardan başqa heç bir variantın qalmadığını çox yaxşı başa düşür".

Politoloq erməni mətbuatındakı son günlər yayılan müxtəlif materiallara da diqqət çəkib. "Erməni mətbuatı, hətta ictimai telekanalı belə materiallar yayır ki, ermənilər və azərbaycanlılar qarşılıqlı anlaşma əsasında sülh şəraitində yaşaya bilərlər, bunun əvvəl baş verdiyi də xatrladılır. Mənə elə gəlir ki, bunlar elə belə edilmir. Erməni siyasi elitası anlayır ki, yalnız bir çıxış yolu "radikal ifadələrdən" geri çəkilmək, sülh istiqamətində addımlar atmaq. Deməli, bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək status verilməsi təklifi ilə razılaşmaq məcburiyyətindədir. Bunun üçün vaxt artıq çoxdan çatıb. Və əgər bu variant olmasa, onda yalnız bir alternativ qalır - hərbi mərhələyə keçid".

T.Abbasov Ermənistanın mövcud rəhbərliyin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda mövqeyinin yumşaldılması ilə təzyiq altında qalacağını da istisna etmir: "Biz bunu artıq müşahidə edirik. Davosda keçirilən görüşdən dərhal sonra İrəvanda Qarabağ münaqişəsinin nizamlanması prosesinin hansı prinsiplərə əsaslandığı, Paşinyanın nələri müzakirə etdiyi və s. barədə suallar yağdırılmağa başladı. Radikal çağırışlar edən həmin politoloqlar öz məsuliyyətlərini yaxşı bilirlər, lakin buna baxmayaraq, onlar sadəcə dividentlər əldə etmək məqsədilə variantlar üzərində oynayırlar. Amma əgər Paşinyan nə ilə üzləşdiyini anlayırsa, nə etməsi lazım olduğunu da bilməlidir. Ölkədə vəziyyəti yüngülləşdirmək üçün bir alqoritmə gəlməlidir. Ermənistan daima şikayət edir ki, Azərbaycan və Türkiyə onu blokada şəraitində saxlayır. Bəli, biz Ermənistanı təcrid siyasəti aparırıq, çünki bu ölkə bizi təhdid edir. ərazilərimizi işğal edib. Lakin əgər İrəvan təhdidlərdən və ərazi iddialarından imtina edərsə, əlbəttə ki, danışıqlar və münaqişənin həlli üçün kompromislərin tapılmasında yeni meydan açılacaq ki, bu da vəziyyətin yalnız Ermənistanda deyil, bütün regionda sabitləşməsinə gətirib çıxaracaq".

PƏRVANƏ

 





25.01.2019    çap et  çap et